Yanvar 23, 2022

Azərbaycan Ordusunun kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun 2022-ci il üçün təsdiq etdiyi plana əsasən birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı təhsil müəssisələrinin kadr işləri üzrə heyətinin təlim-metodiki toplanışı keçirilib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, tədbirdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olan həmvətənlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib.
Toplanışda çıxış edən Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini- Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilov ötən il ərzində kadr orqanı işçilərinin təkmilləşdirilməsi üzrə görülmüş işlər və 2022-ci ildə qarşıda duran vəzifələr barədə məlumat verib.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunda aparılan islahatların davam etdirildiyi və Müdafiə Nazirliyinin rəhbərliyi tərəfindən daim diqqət mərkəzində saxlanıldığı xüsusi vurğulanıb.
2021-ci ilin ölkəmiz və ordumuz üçün uğurlu il olduğunu vurğulayan idarə rəisi Azərbaycan Ordusunun müasir orduların modelinə uyğun yeni inkişaf mərhələsinə keçməsi üçün təşkilati-ştat strukturunun təkmilləşdirildiyini qeyd edib.
Döyüş qabiliyyətinin yüksək səviyyədə saxlanılması üçün Azərbaycan Ordusunun strateji düşüncəyə malik, bacarıqlı kadrlarla komplektləşdirilməsi, peşəkar kadr heyətinin formalaşdırılması, inkişaf etdirilməsi və onların səmərəli istifadə olunmasının bütün səviyyədən olan idarəetmə subyektlərinin, o cümlədən kadr orqanı işçilərinin başlıca vəzifələrindən olduğunu bildirən idarə rəisi kadrların idarə edilməsində bir çox nailiyyətlərin əldə edildiyini və kadr idarəetmə sisteminin daha da təkmilləşdirildiyini qeyd edib.
General-mayor E.Xəlilov 2022-ci il üzrə qarşıda duran əsas tapşırıqları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Toplanışda Azərbaycan Ordusunun kadr işləri üzrə cavabdeh zabitləri də ordumuzun döyüş qabiliyyətinin daim yüksək səviyyədə saxlanılması üçün kadr hazırlığı və komplekləşdirmə üzrə həyata keçirilən fəaliyyətlər barədə məruzələrlə çıxış ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir