Azərbaycan ordusunun gücünə Vətən müharibəsi dövründə bütün dünya şahidlik etdi

Ümummilli Lider Heydər Əliyevin 1998-ci il 22 may tarixli Fərmanına əsasən iyunun 26-sı Azərbaycan Respublikası Silahlı Qüvvələri günü elan edilib. Ölkəmizdə güclü, qüdrətli və yüksək döyüş hazırlığına malik ordunun yaradılması Ulu Öndərin adı ilə bağlıdır. Həyata keçirilən uğurlu siyasət nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılmasına, şəxsi heyətin mənəvi-psixoloji hazırlığının artırılmasına, döyüş ruhunun yüksəldilməsinə böyük diqqət yetirildi. Ordu Quruculuğu sahəsində genişmiqyaslı islahatlar həyata keçirildi, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdı.

Müdrik rəhbər Heydər Əliyev ideyalarını uğurla davam etdirən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ordumuzun döyüş qabiliyyəti yüksəldi, maddi-texniki bazası möhkəmləndirildi.  BMT Təhlükəsizlik Şurasının 27 ildir icra olunmayan qətnamələri yerinə yetirildi. Müasir texnologiyalara yiyələnən, son nəsil silahlara sahib olan Azərbaycan Ordusu tarixi, əzəli torpaqlarımızı işğaldan azad etmək uğrunda beynəlxalq hüquq çərçivəsində legitim döyüşlər apardı və böyük zəfərimizi xalqımızın tarixinə qızıl hərflərlə yazdı. Dövlətçiliyimizin ən şərəfli səhifələrini yazan bu zəfərlə Azərbaycan faşist ideologiyasına əsaslanan Ermənistanın 30 illik işğalına son qoymaqla dünyada qalib xalq, məğlubedilməz dövlət kimi özünü yenidən təsdiq etdi. Azərbaycanın tarixinə Zəfər səhifəsini yazan Azərbaycan Ordusu dünya hərb tarixinə qalib Ordu kimi adını həkk etdirdi.

Azərbaycanın hərbi büdcəsi ordumuzun ən yeni texnologiyalara əsaslanan hərbi texnika və döyüş vasitələri ilə təchiz edilməsinə böyük imkanlar verib. Ölkəmizdə müasir hərbi sənaye kompleksi yaradılıb, Silahlı Qüvvələrin maddi-texniki bazası müasir texnika və silahlarla zənginləşdirilmiş, bu sahədə kadr hazırlığı təkmilləşdirilib. Azərbaycanın gəlirlərinin artması ilə yanaşı, Silahlı Qüvvələrin modernləşdirilməsi, yenidən qurulması, ən yeni və güclü döyüş vasitələri ilə təchiz edilməsi prosesi ardıcıl həyata keçirilib.

26 iyun – Silahlı Qüvvələr Günü münasibətilə başda Müzəffər Ali Baş Komandanımız olmaqla bütün hərbçilərimizi, qəhrəman zabit və əsgərlərimizi təbrik edirəm. Müzəffər ordumuza, qalib zabit və əsgərlərimizə eşq olsun!

Zülfüqar Cəfərov-YAP Sabunçu rayon təşkilatının sədr müavini

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.