Ötən il Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi respublikamızda silsilə tədbirlərin və möhtəşəm layihələrin həyata keçirilməsi ilə yaddaşlarda qaldı, tarixə yazıldı.
Azərbaycan Ordusunda, müxtəlif dövlət qurumlarında, elm, təhsil, səhiyyə və digər təşkilatlarda, ölkəmizin hər yerində Ulu Öndərin keçdiyi şərəfli ömür və həyat yolu haqqında filmlər nümayiş olundu, müxtəlif elmi konfranslarda məruzələr dinlənildi, çıxışlar edildi.
Məhz Dahi Rəhbərin böyük uzaqgörənliyi, müdrikliyi sayəsində bugünkü müasir Azərbaycanımız quruldu. Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycan dünyada tanındı, onun beynəlxalq nüfuzu gündən-günə artdı. Böyük fırtınalardan çıxmış Azərbaycanımızın müstəqilliyini əbədi, dönməz etdi. Ulu Öndərin Azərbaycana rəhbərliyinin hər iki dönəmində respublikamızın hərtərəfli inkişafında mühüm dövlət əhəmiyyətli qərarlar qəbul edilərək, müasir dövlət quruculuğunda tarixi nailiyyətlər əldə olunmuşdur.
Hər kəsə məlumdur ki, XX əsrin 60-cı illərinin axırlarında Azərbaycanın ictimai-siyasi həyatında ən yeni tarixi mərhələnin başlanğıcı oldu. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin 1969-cu il 14 iyul Plenumunda Ulu Öndər Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildi. Bununla da böyük düha sahibi, görkəmli siyasi xadim Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətinin ilk mərhələsi başladı.
Doğma xalqının böyük təəssübkeşi olan Dahi Rəhbər Heydər Əliyev totalitar rejimin hökmranlıq etdiyi mürəkkəb tarixi şəraitdə Azərbaycanı Sovet İttifaqının ən qabaqcıl respublikalarından birinə çevirmək üçün fəaliyyətə başladığı ilk vaxtdan ölkənin bütün sahələrində geniş islahatlar proqramı həyata keçirdi. Əvəzolunmaz tarixi şəxsiyyət yüksək dövlət idarəçilik bacarığı, dəmir iradəsi, qətiyyətli mövqeyi, müdrik siyasəti ilə Azərbaycanın iqtisadiyyatının, kənd təsərrüfatının, mədəniyyətinin inkişafında böyük uğurlara nail oldu. Qeyd olunan sahələr yüksək templə inkişaf etdirilərək, ölkəmizi nəinki keçmiş Sovetlər İttifaqında, o cümlədən dünyada geniş tanıtdı.