Azərbaycan növbəti dəfə təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı

Sentyabrın 12-də Azərbaycan-Ermənistan sərhədinin Laçın, Kəlbəcər və Zəngilan rayonları istiqamətində başlanan gərginlik Ermənistanın revanşist siyasətinə cəhdinin nəticəsidir. Uzun müddətdir ki, Ermənistan beynəlxalq aləmdə Azərbaycana qarşı kampaniya aparır, sülh danışıqlarını, kommunikasiyaların açılmasını, ümumilikdə regionda təhlükəsizliyin təmin olunması istiqamətində irəli sürülən bütün təşəbbüsləri və atılan addımları sabotaj edir. 2020-ci il noyabrın 9-da imzalanmış üçtərəfli Bəyanatın müddəalarının icrasından müxtəlif bəhanələrlə boyun qaçırır. Sentyabrın 12-14-də baş vermiş döyüşlər Azərbaycanın növbəti Zəfəridir. Həmin tarixdə Azərbaycan növbəti dəfə mühüm Zəfərə qazandı. Düşmən təxribatının, yeni mövqelər əldə etmək cəhdinin qarşısı alındı və ona böyük zərbə vuruldu. Ermənistan elə bir növbəti sarsıdıcı zərbə aldı ki, hələ uzun müddət özünə gələ bilməyəcək. Baş verənlər əslində böyük Qələbəmizdir. Bu tarixlərdə davam edən erməni təxribatları nəticəsində Azərbaycan Silahlı Qüvvələri tərəfindən ermənilərin xeyli sayda canlı qüvvəsi və döyüş texnikası məhv edildi.
Bu barədə vetennamine.az saytına açıqlamasında “Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin sədri, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev deyib.
O xatırladıb ki, Ermənistanda revanşist ab-hava qızışdırılaraq “torpaqların qaytarılması”, “Qarabağın müstəqilliyinin təmin edilməsi” və sair bu kimi iddialar süni şəkildə stimullaşdırılırdı. Ermənistan hakimiyyəti tərəfindən ordunu bərpa etmək istiqamətində, Rusiya, ABŞ, Hindistan Avropa ölkələrindən silah alınması və ordunun təchizat məsələlərinin həlli istiqamətində iş aparılırdı. Eyni zamanda, Qarabağa hərbçilər və silah göndərilirdi, orada yeni müqavimət nöqtəsi yaradılmasına cəhdlər olunurdu. Digər tərəfdən, Ermənistan Azərbaycanla sərhəddə yeni hərbi obyektlər yaradır, Kəlbəcər və Laçın istiqamətində gələcək hücum üçün plasdarm formalaşdırılırdı.
Ermənistanın baş naziri Nikol Paşinyan 2020-ci il Tovuz hadisələrindən əvvəl Valday Sammitində “Qarabağ Ermənistandır. Nöqtə” səsləndirdi. Ermənistanın müdafiə naziri isə “yeni torpaqlar uğrunda yeni savaş” deyirdi. Son təxribatlardan öncə bu yaxınlarda Vladivostokda keçirilmiş forumda çıxışı zamanı faktiki olaraq yeni hərbi qarşıdurma iddiası səsləndirdi və bu açıqlama sentyabrın 12-də başlanan gərginliyin siyasi anonsu oldu. Bütün bunlar göstərir ki, Ermənistan uzun müddətdir revanşa hazırlaşır və bunun üçün həm siyasi, həm hərbi, həm də informasiya zəmini yaradır. Laçının təhvil verilməsi Ermənistan hakimiyyəti üçün növbəti ağır zərbə oldu və daxili təzyiqləri neytrallaşdırmaq, ictimai rəyi dəyişmək üçün növbəti hərbi-siyasi avantüraya başlanıldı.
“Azərbaycan dəfələrlə ən müxtəlif səviyyələrdə düşmən ölkənin revanşist siyasətini ifşa edib, həyata keçirilən hazırlıqların hansı məqsədə xidmət etdiyini faktlar əsasında göstərib. Ermənistan hakimiyyətini bu cəhdlərin onun özü üçün ağır nəticələrə gətirib çıxaracağını xəbərdar edib. Faktiki olaraq sentyabrın 12-13-də baş verənlər 2020-ci il iyulun 12-də Azərbaycan-Ermənistan dövlət sərhədində Tovuz rayonu istiqamətində Ermənistanın növbəti təxribatı nəticəsində baş verən qarşıdurma ilə uyğundur. Azərbaycan növbəti dəfə təcavüzkar ölkənin hərbi-siyasi təxribatına məruz qalaraq cavab vermək və öz təhlükəsizliyinin təmin olunması üçün adekvat addımlar atmaq məcburiyyətində qaldı”, – deyə İctimai Birliyinin sədri vurğulayıb.
Ehtiyatda olan polkovnik deyib: “Ermənistan başa düşməlidir ki, hansısa qüvvələrə arxalanıb Azərbaycanı fakt qarşısında qoya bilməz. Onların təxribatlara əl atması hər zaman gözlənilir. Ancaq buna baxmayaraq Azərbaycan Ordusu hər zaman düşmənin təxribatlarının qarşısını almağa, istənilən tapşırığı yerinə yetirməyə hazırdır. Qarşı tərəf bu dəfə də təxribata əl atmaqla məqsədlərinə nail ola bilmədi. Ordumuzun gücünün və şücaətinin növbəti dəfə şahidi oldular. Təəssüf ki, ermənilərin bu təxribatı nəticəsində əsgər və zabitlərimiz ölkəmizin ərazi bütövlüyü uğrunda böyük şücaət göstərərək şəhidlik zirvəsinə yüksəldi. Onlara Allahdan rəhmət, ailələrinə və yaxınlarına səbir diləyirəm. Hesab edirəm ki, şəhidlərimizin qisası artıqlaması ilə alındı və onların qanı yerdə qalmadı. Hər bir şəhidimizin qarşılığında düşmən ağır zərbələr aldı. Şəhidlərimiz hər zaman hörmətlə anılacaq, onların canlarını fəda etdikləri Vətən daha da inkişaf edəcək, güclənəcək. Allah bütün şəhidlərimizin ruhlarını şad etsin, yaralı qazilərimizə şəfa versin!”.
Mehdi Mehdiyev bildirib ki, 2020-ci il Tovuz hadisələrindən hazırkı gərginliyi fərqləndirən önəmli cəhət odur ki, həmin dövrdə Azərbaycan əraziləri işğal altında idi. Bu gün isə Azərbaycan əsgəri ölkəmizin dövlət sərhədinin Kəlbəcər, Laçın, Zəngilan rayonları istiqamətində Ermənistanın təxribatlarına layiqli cavab verib. Artıq ermənilər törətdikləri təxribatların onlara həmişə baha başa gəldiyini anlamalıdırlar: “Ermənilər bilsinlər ki, növbəti təxribatlara əl atsalar, daha da acınacaqlı vəziyyətə düşəcəklər. Unutmasınlar ki, Ali Baş Komandanın dediyi kimi, “Dəmir yumruq” yerindədir. Ermənistanın son təxribatı nəticəsində həlak olmuş əsgər və zabitlərimiz canlarını doğma torpağımızın müdafiəsi, düşmənin yeni təcavüz planlarına imkan verməmək üçün qurban verdilər. Onlar Tovuz hadisələri zamanı olduğu kimi igidlərimizin qəhrəmanlığını düşmənə və bütün dünyaya nümayiş etdirdilər.
Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva və dövlətin şəhid ailələrinə, müharibə veteranlarına və qazilərə göstərdiyi qayğıdan da danışan M.Mehdiyev qeyd edib ki, Ali Baş Komandan hər zaman Qarabağ müharibəsi əlillərini, veteranları və şəhid ailələrini diqqət mərkəzində saxlayır. Prezident İlham Əliyevin hərbçilərlə, müharibə veteranları ilə görüşməsi onlara əlavə güc verir. Ölkəmizdə şəhid ailələri, qazilərlə bağlı bir sıra mühüm işlər görülür, onların problemlərinə həssaslıqla yanaşılır və həll olunur. Azərbaycan Ordusu bu diqqətdən və xalqın sevgisindən hər zaman güc alıb. Bu güc sayəsində həmişə düşmənin gözünə dik baxaraq ona layiqli cavabı verib.

 

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.