2022-ci ilin 21 dekabr tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiç ilə təkbətək görüşü gələcək əməkdaşlıq üçün zəmin yaradan amillərin göstəricisidir. Həm Serbiya, həm Azərbaycan öz resurslarına arxalanan, müstəqil siyasət aparan və bir-biri ilə sıx əlaqədə olan ölkələrdir.
Serbiya və Azərbaycan arasındakı əlaqələrin dinamikası çox müsbətdir. Ötən ay Belqradda qəbul edilmiş qərarların tezliklə yerinə yetirilməsi hər iki ölkənin iqtisadiyyatı üçün mühüm əhəmiyyət kəsb edir. Cənab Prezident İlham Əliyev çıxışında bildirib ki, hökumət üzvlərinə bu qərarların icra edilməsi ilə əlaqədar müvafiq göstərişlər verilib. Bundan sonra da ikitərəfli əlaqələr sürətlə inkişaf edəcək və qəbul edilmiş qərarlar vaxt itirmədən icra olunacaq.
Serbiya və Azərbaycan arasında çox sahələr üzrə əməkdaşlığın böyük tarixi var. Ölkələrimiz arasında strateji tərəfdaşlığa dair bir neçə sənəd imzalanmışdır. Cənab Prezident çıxışında qeyd etdiyi kimi, ölkələrimiz hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib, dəstəkləyir və bu siyasət dəyişməz olaraq qalacaq.
Beynəlxalq hüququn norma və prinsipləri bütün ölkələr üçün əsas olmalıdır. Beynəlxalq hüquq sahəsində dünyada müşahidə olunan ikili standartların təzahürləri bizi çox narahat edir. Qlobal böhrana gedən bir dövrdə ticarət sahəsində aparılan əməkdaşlığın müsbət nəticələrini gözləyirik. Əldə edilmiş razılaşmaların icrası nəticəsində ticarət dövriyyəsi artacaq. Təkcə iqtisadiyyat deyil, nəqliyyat-logistika sahəsində böyük potensial var. Nəzərə alsaq ki, Azərbaycan və Serbiya ərazilərindən beynəlxalq nəqliyyat dəhlizləri keçir, burada da uzlaşma və bağlantının yaradılması üçün ölkənin müvafiq qurumları fəal işləməli, aidiyyəti qurumlar arasında təmaslar yaranmalıdır.
Bir sözlə, Serbiya-Azərbaycan dövlətinin ikitərəfli əlaqələri möhkəm dostluq və qarşılıqlı anlaşma üzərində qurulub.
Cavani Babayev.
YAP Şabran rayon təşkilatının sədr müavini
Vetennamine.az













