Ekologiya və Təbii Sərvətlər Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, “Tullantını azalt”, “Təkrar istifadə et”, “Təkrar emal et”, “Ting ək”, “Təbiətə dost ol!” sloqanlarının birləşməsindən yaranan 5T gündəliyi ilə bağlı tədbirdə “Yaşıl dünya naminə həmrəylik ili”nə və iqlim dəyişmələrinə təsir göstərən antropogen amillərin azaldılmasına yönələn COP29 kimi vacib beynəlxalq tədbirin ölkəmizdə keçirilməsinə diqqət cəlb edilib.
“Tullantını azalt” və “Təkrar emal et” çağırışları isə Xəzər Universiteti Ətraf Mühit Mərkəzinin direktoru, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın üzvü Rövşən Abbasovun təqdimatında olub. R.Abbasov plastik tullantıların həyatımıza çox ciddi şəkildə daxil olduğunu diqqətə çatdırıb: “Tullantılar təmizlənsə, təbiət azad olacaq. Tullantılar təkcə plastik tullantılar deyil, çirkab suları, ətraf mühitə atılan karbon emissiayaları və digər təhlükəli çirkləndiricilər nəzərdə tutulur. Öncəliklə, bunun üçün tullantılardan azad olmalıyıq. Bunun üçün daha az qablaşdırılan əşyalardan istifadə edə bilərik. Əgər bu tullantılar azalmasa, gələcəyə çox ciddi ziyan dəyəcək.
Hesablamalara görə, ən çox dəniz məməliləri, o cümlədən tısbağalar, balıqlar və digərləri dənizə düşən plastik tullantılara görə əziyyət çəkirlər.”
“Forest School Azerbaijan”ın təqdimatında tullantıların təkrar istifadəsinin vacibliyini göstərən əyani fəaliyyətlər təbliğ edilib.
“Forest School Azerbaijan”ın pedaqoq lideri Günay Məmmədovanın rəhbərliyi ilə təlimçilər açıq havada təşkil edilən toplantıda təbitə zərər verən amillərdən danışıb, təbiətlə inteqrasiya olunmuş fəaliyyətlərin gələcəyimiz üçün əhəmiyyətini vurğulayıblar.
“Gələcəyimizin 5T gündəliyi” çərçivəsində “Ting ək” sloqanının tətbiqi isə Abşeron Milli Parkı tərəfindən “yasilgelecek.az” platforması üzərindən 19 ədəd ting əkilməsi ilə qeyd olunub.