Əsas səhifə » Şəhid Xəyal Müseyib oğlu Balakişiyevin barelyefinin açılışı olub

Şəhid Xəyal Müseyib oğlu Balakişiyevin barelyefinin açılışı olub

Vətən müharibəsində Füzuli, Cəbrayıl, Qubadlı rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etmiş və qəhrəmanlıqla şəhidlik zirvəsinə ucalmış Xəyal Müseyib oğlu Balakişiyevin adına, oxuduğu Yasamal rayonu 175 saylı orta məktəbin qarşısında hazırlanmış barelyefin açılış mərasimi keçirilib.

Tədbirdə, şəhidin valideyinləri, döyüş yoldaşı, hərbi müəllimi və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri iştirak etmişdir.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bötövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilmişdir.

Tədbirdə ilk öncə çıxış üçün Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Yasamal rayon filialının sədri Bəhram Şeydayevə söz verildi. O, öz çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə qazanılan qələbədə şəhid olan əsgərlərimizin cəsarətindən danışıb, vətən qarşısında öz borclarını ləyaqətlə yerinə yetirənlərin xatirəsinin xalqımız tərəfindən daim əziz və uca tutulduğudunu vurğulayıb. Sonda o, şəhidin valideyinlərinə baş sağlığı verdi. Sonra 175 saylı orta məktəbin hərbi müəllimi çıxış edərək şəhid Xəyal Balakişeyevin hələ məktəb illərindən hərbiyə marağı olduğunu vurğulamışdır. Daha sonra şəhidin valideyinləri, döyüş yoldaşı çıxış edərək şəhid Xəyal Balakişiyevin döyüş yolundan danışdılar və hər bir şəhidimizin ailəsinə baş sağlığı verdilər.

Tədbir iştirakçıları şəhidin barelyefinin qarşısına güllər düzüb, ruhuna dualar oxudular. Tədbirin sonunda şəhid Xəyal Balakişiyevin adına ehsan süfrəsi təşkil olundu.

Qeyd edək ki, Xəyal Balakişiyev oktyabrın 25-də Füzuli döyüşləri zamanı şəhid olub və II Şəhidlər Xiyabanında dəfn olunmuşdur.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir