8 Noyabr Azərbaycanda Zəfər günüdür

Xalqımız Sentyabrın 27-dən başlayan, 44 gün davam edən və Dağlıq Qarabağ da daxil olmaqla işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələnən Vətən Müharibəsində qazanılan tarixi qələbənin fərəhini yaşayır.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.

Zəfər gününün birinci ildönümü münasibətilə Azərbaycanın hər yerində təntənəli tədbirlər təşkil edildi. Bunlardan biri də Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri ictimai birliyinin konfrans zalında 8 noyabr-ZƏFƏR GÜNÜ və 9 noyabr-BAYRAQ GÜNÜ münasibətilə həyata keçirilən tədbirdir.

Belə ki bu tədbirdə, Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun dosentləri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Abdullayeva Rəsmiyyə Sabir qızı, Həsənov Pərviz Səməd oğlu, Azərbaycan Texniki Universitetinin professoru, tarix elmləri doktoru Qasımov Şikar Məhəmmədəli oğlu, ictimai birliyin idarə heyəti və bizə qələbə sevincin yaşadan rəşadətli ordumuzun zabit, gizir heyəti iştirak etmişdir.

Tədbirdə çıxış edəm İctimai birliyin sədri, ehtiyyatda olan polkovnik Mehdi Mehdiyev tədbir iştirakçılarına Azərbaycan Ordusunun yaranmasından, Ulu Öndərimizin zabit kadrlarının yetişdirilməsi istiqamətində apardığı uğurlu siyasətdən və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev cənablarının Azərbaycan Ordusunun regionda ən güclü orduya çevrilməsi istiqamətində gördüyü işlərdən ətraflı məlumat vermişdir. Məhz bunun nəticəsidir ki, ordumuz işğal altında olan ərazi bütövlüyümüzü təmin etdi və bütün türk dünyasına bu sevinci yaşatdı.

Professor, tarix elmləri doktoru Şikar Qasımov öz çıxışında Ulu Öndərin Azərbaycanın çətin günündə xalqın dəvəti ilə ikinci dəfə hakimiyyətə gəlməsində və məhz onun hakimiyyətə gəlməsindən sonra azərbaycanın uğurlara addım atması barəsində ətraflı məlumat vermişdir.

Dosent, iqtisadiyyat üzrə fəlsəfə doktoru Rəsmiyyə Abdullayeva isə çıxışında rəşadətli ordumuzun azərbaycan xalqına yaşatdığı sevincdən, o cümlədən təmsil olunduğu elm ocağının 44 günlük savaşda əsgərlərimizin yanında olmasından, onlara mənəvi dəstək verilməsindən və işğaldan azad edilmiş ərazilərə məcburi köçkünlərin yerləşdirilməsi istiqamətində iqtisadi cəhətdən müəyyən layihələrin həyata keçirilməsindən bəhs etdi”.

Bəli, bu tədbir həmin gün təşkil edilən tədbirlərdən sadəcə biri idi. Noyabrın 8-i xalqımızın tarixinə şanlı, qızıl hərflərlə yazıldı! 30 ildən sonra Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə sübuta yetirdik ki, bir qarış torpağımızı belə heç kəsə verən deyilik.

Qarabağ Azərbaycandır! 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq!

 

Hazırladı

Aris Məmmədov

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.