Ümummilli Lider Heydər Əliyev tərəfindən “20 Yanvar şəhidi” fəxri adı təsis olunub, 20 Yanvar şəhidlərinin ailələrinin, hadisələrlə əlaqədar əlilliyi olanların sosial təminatla əhatə olunması üçün mühüm tədbirlərə başlanıb.
Prezident İlham Əliyevin uğurlu sosial siyasəti nəticəsində digər həssas qruplar kimi, bu kateqoriyadan olan vətəndaşların da sosial müdafiəsi ildən-ilə daha da gücləndirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən VETENNAMİNE.AZ-a verilən məlumata əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələrinə, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlara 143 mənzil, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə 100-dək avtomobil təqdim edilib.
2023-cü ildən 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslər üçün Prezidentin aylıq təqaüdü orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə 500 manata, 61-80 faiz pozulmasına görə 400 manata, 31-60 faiz pozulmasına görə 330 manata, həmçinin əlilliyi olan şəxslər üçün müavinət də müvafiq olaraq 270 manata, 220 manata və 150 manata çatdırılıb.
Orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluğa görə Prezidentin aylıq təqaüdü də artırılaraq 100 manat müəyyən olunub.
Ötən beş il ərzində Prezident təqaüdü 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün 3 dəfəyə yaxın, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi olan şəxslərə qulluq edənlər üçün 2 dəfə, əlilliyi olan şəxslərə müavinətlər isə 3 dəfədən çox artıb.
20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin reabilitasiya xidmətləri ilə təminatı da həyata keçirilir.
Ölkə qanunvericiliyində şəhid ailəsi üzvləri, eləcə də 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər üçün digər bir sıra imtiyaz və güzəştlər də əksini tapıb.