Əziz Şuşa, sən azadsan!

Bu gün – noyabrın 8-i Şuşa şəhərinin Ermənistan Silahlı Qüvvələrinin işğalından azad edilməsinin birinci ildönümüdür.

Qarabağın tacı olan Şuşa 1992-ci il mayın 8-də mənfur düşmənimiz olan Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdur. Şuşanın işğalından sonra şəhərin əhalisi müxtəlif bölgələrimizə yerləşdirilmişdir.

Biz otuz ilə yaxın müddətdə düşmən işğalında olan Şuşa və digər rayonlarımızı işğaldan azad etməyə hazır idik. Bu günü həsrətlə gözləyirdik. Nəhayət həmin gün yetişdi. 2020 – ci il noyabr ayının 8 – i ilərdir ki, həsrətində olduğumuz dumanlı dağlar, Xarıbülbül, Cıdır düzü, İsa bulağı və Şuşa şəhəri qəhrəman Azərbaycan ordusu tərəfindən azad olundu. Şuşa Qarabağın tacı, döyünən ürəyi idi. Şuşa şəhərinin azad edilməsi siyasi, strateji, həm də mənəvi məna daşıyırdı.

Şuşa şəhərinin işğaldan azad edilməsi müjdəsini Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Bakıdakı Şəhidlər xiyabanından xalqa müraciətində açıqlayıb.

Dövlət başçısı müraciətində bildirib: “Əziz həmvətənlər, əziz bacılar və qardaşlar!

Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür!”

Ermənistan Şuşanı itirməklə müharibədə məğlub olduğunu qəbul etdi, kapitulyasiya aktını imzalamaq məcburiyyətində qaldı.

Şuşa şəhərində indi müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən yenidənqurma işləri sürətlə gedir. Tezliklə köçkünlərimiz tarixi yurdlarına qayıdacaqlar.

Şuşa şəhəri Prezident İlham Əliyevin sərəncamı ilə Azərbaycanın Mədəniyyət paytaxtı elan edilmişdir.

 

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!

 

Hazırladı

Vetennamine.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.