Ətraf mühitin çirklənməsi və qorunması

İnsanın ətraf mühitin məhv edilməsindəki təsiri artmaqdadır, çünki müasir texnologiyalar özlərini davam etdirmək üçün böyük miqdarda təbii ehtiyat tələb edirlər. Ətraf mühitə dəyən ziyanı dayandırmaq üçün hər gün müasir fikirlər ortaya çıxsa da, hamısı qısa müddətdə tətbiq oluna bilməz. Məsələn, ənənəvi yanacaq vasitələrinin elektrik və ya günəş işığı altında işləyən avtomobillərlə əvəzlənməsi bir neçə il çəkə biləcək və saysız-hesabsız milyonlarla dollara başa gələn bir prosesdir. Bununla birlikdə, hər bir insan planetimizi narahat edən bəzi çirklənmə növlərindən qaçınmaq üçün üzərinə düşəni edə bilər.

Ekoloji təhlükəsizliyin təmin olunması üçün ətraf mühitin çirklənməsinin minimuma endirilməsi və mühafizəsinin təkmilləşdirilməsi, indiki və gələcək nəsillərin tələbatını ödəmək məqsədilə təbii sərvətlərdən səmərəli istifadə Azərbaycan dövlətinin ekoloji siyasətinin əsas istiqamətlərindəndir.Ekologiya və Təbii Sərvətlər Nazirliyi də ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə ardıcıl işlər həyata keçirir.

Bu gün insanların 40 %-dən çoxu ekoloji çirklənmənin ciddi dərəcədə olmadığını düşünür, 65 %-dən çoxu ekoloji zərərli məhsullardan istifadə edir və bunu normal qarşılayır, 70 %-dən çoxu ətraf mühütü qoruma işarələrini oxuya bilsə də buna diqqət yetirmir, 80 %-dən çoxu isə müxtəlif tullantıları eyni zibil qutusuna atır.

Sözsüz ki, Azərbaycanda yürüdülən ekoloji siyasətin əsas məqsədi indiki və gələcək nəsillərin ehtiyaclarının təmin edilməsi naminə mövcud ekoloji sistemlərin, iqtisadi potensialın qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi ilə davamlı inkişafın təmin edilməsindən ibarətdir. İnkişafın ekoloji baxımdan davamlı olmasını təmin etmək üçünsə iqtisadi fəaliyyət zamanı meydana çıxan ciddi ekoloji problemləri aradan qaldırmaq, onların ətraf mühitə mənfi təsirinin  minimuma endirilməsi tələb olunur.

Ətraf mühitə vurduğumuz ziyanın əks təsirlərinin dərhal deyil, daha uzun vədədə özünü göstərməsi cəmiyyətin ətraf mühitə diqqətsizliyinə, gələcəyi nəzərə almadan təbiətdən istifadə etməsinə səbəb olur. Məhz buna görədir ki, insanlar gündəlik fəaliyyətlərini planlaşdırarkən təbiətə vurulan ziyanı nəzərə almırlar. Nəticədə mühit getdikcə çirklənir, təbii qaynaqlar sürətlə tükənir. Uzun illər ərzində həll olunmamış ekoloji problemlər üst-üstə yığılıb daha ciddi problemlərə yol açır.

Ətraf mühitlə bağlı verilən məlumatların məqsədi təbiəti və təbii resursları qorumaq olmalıdır. Verilən ekoloji biliklər insanların davranışına da müsbət təsir göstərməlidir. Düzgün mariflənən insanlar ətraf mühit problemlərinin həllində aktiv mövqe tutaraq gələcək nəsillər üçün ekoloji təmiz bir mühit yaratmış olar.

 

Hazırladı

Həlimə Əliyeva

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.