Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu oldu

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Hökumət buludu”na Keçid Planına əsasən informasiya sistemlərini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC-yə məxsus “AZCLOUD” Data Mərkəzinə tam miqrasiya etdirib. Bununla da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi informasiya sistemləri “Hökumət buludu”na keçidi tam təmin olunan ilk dövlət qurumu olub.

 

“Hökumət buludu” layihəsi Prezident İlham Əliyevin 3 iyun 2019-cu il tarixli Fərmanına əsasən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki “AzInTelecom” MMC tərəfindən hazırlanıb. “Hökumət buludu” layihəsinin keyfiyyətli və effektiv icrası məqsədilə bir sıra qabaqcıl ölkələrin, o cümlədən ABŞ, Böyük Britaniya, Türkiyə, Norveç, İrlandiya və Estoniyanın təcrübəsi də öyrənilib.

 

Məqsəd dövlət informasiya sistemlərinin və ehtiyatlarının vahid platformaya inteqrasiyası nəticəsində idarəçiliyin optimallaşdırılması və koordinasiyanın effektiv təşkilinə, xidmətlərin keyfiyyətinin artırılmasına şərait yaratmaqdır.

 

Qeyd olunan keçid prosesi “AzInTelecom” MMC və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin birgə səyləri ilə bu günlərdə yekunlaşdırılıb və hazırda nazirliyin bütün İT infrastrukturu “Hökumət buludu” üzərindən fəaliyyətini davam etdirir.

 

Bu da idarəçiliyin təkmilləşməsinə, resursları əhəmiyyətli dərəcədə optimallaşdırmağa, əhaliyə göstərilən elektron xidmətlərin çevikliyinin, səmərəliliyinin daha da artırılmasına imkan verir.

 

Daha müasir standartlar əsasında, sabit və dayanıqlı İT infrastrukturu, operativ koordinasiya imkanı əldə edilir, yüksək keyfiyyətli servislə təminata, informasiya sistemlərinin təhlükəsizliyinin daha da təkmilləşdirilməsinə və 24/7 monitorinq xidmətinə nail olunur.

 

Qeyd edək ki, “AZCLOUD” Cənubi Qafqaz regionunda, o cümlədən Azərbaycanda “Tier III” uyğunluq, biznesin davamlılığını idarəetmə sistemi üzrə “ISO 22306”, İT xidmətlərinin göstərilməsi və idarə edilməsi üzrə “ISO 20000” və informasiya təhlükəsizliyi üzrə “ISO 27001” standartı sertifikatına sahib ilk və ən böyük əlçatanlıq zonasıdır.

 

“AZCLOUD” üzrə dövlət orqanlarına və özəl sektora genişmiqyaslı, eləcə də çoxşaxəli bulud xidmətləri təqdim edilir. Bu xidmətlərə “Bulud infrastrukturu”, “Yerləşdirmə”, “AZCLOUD Drive”, “Arxivləşdirmə”, “Rezervlənmə”, “Microsoft” məhsulları, “Videokonfrans” və “Virtual İP Telefoniya” daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.