“Əmək Münasibətləri və Məşğulluq” altsistemi – vahid əmək münasibətləri platforması gələn ayın əvvəlindən istifadəyə veriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi “Əmək Münasibətləri və Məşğulluq” altsisteminin (ƏMAS) hazırlanması işlərini artıq başa çatdırır. Hazırda sınaq işləri gedir. Gələn ayın əvvəlindən bu e-platformanın istifadəyə verilməsi nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən Vetennamine.az-a verilən məlumata görə, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev ƏMAS-ın hazırlanması ilə bağlı aparılan işlərə dair keçirilən iclasda bildirib.

 

Nazir vurğulayıb ki, bu altsistem bütün işəgötürənlər və işə qəbul olunanlar üçün vahid əmək münasibətləri platforması rolunu oynayacaq və rəqəmsal kadr uçotu sisteminin qurulmasını təmin edəcək. Yeni e-platforma həm işəgötürənlər, həm də işçilər, eləcə də işsiz və işaxtaran şəxslər üçün mühüm dəstək olacaq.

 

S.Babayev bildirib ki, işəgötürənlərin kadr məsələləri ilə bağlı işlərinin daha çevik və rahat yerinə yetirilməsini dəstəkləyəcək ƏMAS məşğulluq xəritəsini, həmçinin məşğulluq reyestrini formalaşdırmağa, elektron birja və elektron peşə təliminə də şərait yaradır.

 

Qeyd edilib ki, altsistem işsiz və işaxtaran şəxslərin aktiv məşğulluq proqramlarına əlçatanlığını daha da artırmaqla, onların bu proqramlara cəlb olunması prosesinin daha operativ təşkilinə imkan verəcək.

 

Əməyin təşkili və mühafizəsində beynəlxalq standartların tətbiqi, əməyin ödənilməsində qanunvericiliyin tələblərinin gözlənilməsi və s. məsələlərdə də altsistem öz dəstəyini göstərəcək.

 

İclasda ƏMAS-ın hazırlanması, yeni e-platformanın sınaqdan keçirilməsi işlərinə dair müzakirələr aparılıb.

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.