Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən VETENNAMİNE.AZ saytına
verilən məlumata əsasən, təlim ssenariyə uyğun olaraq birləşmə, hissə və
bölmələrin müxtəlif döyüşə hazırolma dərəcələrinə gətirilməsi məqsədilə
döyüş təyinatlı rayonlara çıxarılması ilə başlanılıb.
Təlimin növbəti mərhələsi idarəetmə məntəqələrinin açılması, qərargahlar
tərəfindən əməliyyatların planlaşdırılması, qərarların qəbul olunması üçün
zəruri hesabatların aparılması, bölmələr arasında qarşılıqlı əlaqənin
saxlanılması və hərtərəfli təminatın təşkili üzrə tədbirlərin yerinə yetirilməsi ilə davam etdirilib.
Praktiki fəaliyyətlərə cəlb olunan birləşmə, hissə və bölmələrin tapşırıqları
dəqiqləşdirilib, döyüş fəaliyyətlərinin gedişində artilleriya, tankəleyhinə və
hava hücumundan müdafiə bölmələrinin ümumqoşun birləşmələri ilə qarşılıqlı
fəaliyyəti ərazidə məşq etdirilib.
Təlimin praktiki mərhələsində hər zaman yüksək döyüş hazırlığı və peşəkarlığı ilə
fərqlənmiş xüsusi təyinatlılar tərəfindən şərti düşmənin müdafiəsinin ön xəttində
yerləşən döyüş mövqelərinə və vacib obyektlərinə basqınlar keçirilib.
44 günlük Vətən Müharibəsində əldə olunan döyüş təcrübəsindən yararlanan xüsusi
təyinatlı bölmələr mövqeləri ələ keçirdikdən sonra yaxınlaşma yollarında şərti düşmənin
ehtiyatlarına pusqular quraraq məhv edib və onların yaxınlaşmasının qarşını alıb.
Döyüşün uğurlu dinamikasından faydalanan tank və mexanikləşdirilmiş bölmələr hücumu
dərinliyə doğru inkişaf etdirərək şərti düşmənin canlı qüvvəsini və döyüş texnikasını məhv ediblər.
Təlimdə döyüş tapşırıqlarının daha operativ və dəqiq yerinə yetirilməsinə, qərargahlar tərəfindən əməliyyat planlarının təfərrüatlı hazırlanmasına, mürəkkəb əməliyyat şəraitində qoşunların döyüş fəaliyyətlərinin düzgün idarə edilməsinə, qarşılıqlı fəaliyyətin və hərtərəfli təminatın təşkilinə xüsusi diqqət yetirilib.
Komanda-qərargah təliminin sonuncu mərhələsində qəbul edilmiş qərarların və aparılmış hesabatların reallığı Simulyasiya Mərkəzində kompüterlər üzərində yoxlanılıb.
Təlimin sonunda icra edilmiş fəaliyyətlərin təhlili aparılıb. Yekunda bildirilib ki, “Əlahiddə Ümumqoşun Ordunun 2023-cü tədris ilinə hazırlıq planı”na əsasən keçirilən komanda-qərargah təlimində qarşıya qoyulmuş tapşırıqlar tam həcmdə yerinə yetirilib, komandir və qərargahların döyüşü idarəetmə vərdişlərinin daha da təkmilləşdirilməsi istiqamətində böyük təcrübə qazanılıb.
https://youtu.be/bm4e0yK_y3s
Aris Məmmədov
Vətən Naminə Mətbuat Xidməti













