Son Xəbərlər:
Yeni yaşın mübarək, şəhidim!

Yeni yaşın mübarək, şəhidim!

Avqustun 4-də aprel döyüşlərində şəhid olmuş həmyerlimiz Dəmirli Hüseyn Zeynal oğlunun doğum günü rayon ictimaiyyətinin böyük sayğısı, sevgisi ilə anıldı…

Bəli, zamanın dəyişgənliyi bəzən insanı dərin hisslərin ağuşuna alır, bəzən müsbət, bəzən də mənfi emosiyalara aparır. Arxada qalan illərə boylanırsan: Hüseynin dünyaya göz açdığı 1993-cü il Qarabağ savaşının qızğın dövrünə təsadüf edir. Dəmirovlar ailəsinin yaşadığı mənzildən bir qədər aralıda (Mədəniyyət evinin qarşısında) Biləsuvar könüllüləri “Səfərbərlik marşı”nın sədaları altında cəbhəyə yollanırdı. Ana laylası qədər əzizlədikləri bu marşın sədaları sən demə ailədə böyüyən əkiz qardaşları bu muharibənin qəhrəmanlarına çevirəcəkmiş!. Geridəki zamanda paran-parçan arzuların burulğanında yeni dövrə gəlib çatdıq. Çox istəklərimiz də reallaşdı, Qarabağ arzusundan savayı. Sən demə, atəşkəsdən sonra doğulan körpələr də illər sonrası şəhidlər sırasında olacaqmışlar…

Zeynal Dəmirovun ailəsində 5 övlad: 1 bacı, 4 qardaş böyüyüb. Ailədə halal zəhmətlə boy atan əkiz qardaşlar tərbiyəsi, nümunəvi davranışları ilə cəmiyyətdə özlərinə şərəfli mövqe tutmuşlar. Güloğlan kişinin ocağında böyüyən körpə balalar quş qanadlı illərin ardınca, həyatın çətinliklərinə rəğmən, zəhmətkeş və hünərli oğul kimi həyatda öz yerlərini tuturlar. Atalarının işi ilə əlaqədar bir müddət Bakıda yaşayıb təhsil alırlar, sonra rayona qayıdaraq, Biləsuvar şəhər, 4 saylı tam orta məktəbdə təhsillərini başa vururlar.

Hüseyn və Kamran qardaşları 2010-cu ildə orta məktəbi müvəffəqiyyətlə başa vuraraq ali məktəbə qəbul olmuşlar. Lakin ailədəki maddi çətinlik onların ödənişli təhsil almalarına imkan vermir, hərbi xidmətə birgə yollanır, nümunəvi xidmətlərinə görə komandirlər tərəfindən fəxri fərmanlara, təşəkkürnamələrə layiq görülürlər.

Qardaşlar həqiqi hərbi xidmətlərini başa vurub doğma rayonlarına qayıdırlar. Hər ikisinin qəlbində gəzdirdiyi ali təhsil almaq arzularını reallaşdırmaq üçün səylərini artırırlar. Lakin bir müddət sonra Hüseyn hərbiçi olmaq arzusunu Təranə anaya bildirərək, ondan xeyr-dua istəyir… Kamran deyir: “Doğrusu sonra mənə məlum oldu ki, Hüseyn xidməti başa vurarkən, “mən onsuz da yenidən bura qayıdacağam” fikirini niyə söyləyirmiş”.

Beləcə, əkiz qardaşların yolu ayrılır. Kamran ali məktəbə qəbul imtahanlarını müvəffəqiyyətlə verərək Dövlət Neft Akademiyasının tələbəsi olur. Hüseyn 2014-cü ilin aprelindən ordu sıralarına qayıdaraq, müddətdən artıq hərbi qulluqçu kimi, vətənə xidmətə yenidən başlayır. Hüseyn Dəmirovun tank bölüyündə tuşlayıcı kimi sərrast atıcı olması, qüsursuz və nümunəvi xidməti hərbi hissə rəhbərliyi tərəfindən dəfələrlə qiymətləndirilmişdir. Elə bu yerdə qeyd edək ki, 1-4 apreldə cəbhədə gedən gərgin döyüş əməliyyatlarında Hüseynlə yanaşı ailənin digər iki üzvü də döyüşlərdə olmuşdur. Kiçik qardaş Rəsul da həqiqi hərbi xidmətini cəbhədə mərdliklə başa vurmuşdur.

Övlad itkisi valideyn üçün ağır olur deyirlər. Lakin vətən uğrunda ölənlər el üçün əbədiyaşarlıq qazanır. Həm qürurlu, həm də Ulu Yaradanın dərgahında qəbul edilən bəşəri əməllərdəndir. Zeynal ata ilə söhbətdə, onun baxışlarındakı acı kədərlə yanaşı Hüseynin sonuncu telefon danışığındakı qələbə sevincini bizimlə bölüşməsi, hər kəsə mənən rahatlıq gətirir, qürurlandırırdı: “Ata, “Lələtəpə”dəyik, inşallah ordumuz çox irəlilərə gedəcək, qələbə sorağını eşidəcəksiniz!.”

Xatırladaq ki, 4 aprel 2016-cı il tarixdə cəbhənin Füzuli rayonu istiqamətində erməni təxribatçılarının torpaqlarımıza qəfil hücumunun qarşısını alarkən gedən ağır döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan ordusunun müddətdən artıq hərbi xidmət qulluqçusu kiçik çavuş Dəmirli Hüseyn Zeynal oğlu aprelin 5-də böyüyüb boya-başa çatdığı Biləsuvar şəhər qəbristanlığında torpağa tapşırılmışdır.

Bu gün, ölümü ilə əbədiyaşarlıq qazanmış şəhidimiz Hüseynin doğum günü bizi onun doğulub boya-başa çatdığı ata ocağına cəm etmişdi. Anım mərasimində Biləsuvarın ziyalıları, Biləsuvar rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçisi Kamil Qurbanlı, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Biləsuvar filialının sədri, II qrup Qarabağ əlili Bəhruz Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Biləsuvar rayon şöbəsinin çağırış bölməsinin rəisi, kapitan Ramiq Soltanov, Biləsuvar şəhər Icra Hakimiyyətinin nümayəndəsi Qabil Xammədov, Biləsuvar Bələdiyyəsinin sədr müavini Malik Qədirov, H.Əliyev adına məktəbin direktoru Gülmalı Gülalıyev, mətbuat nümayəndələri və şəhidin doğmaları iştirak etdilər.

Şəhidin doğum günündə ürək sözlərini ifadə  edən QMƏVŞAİB Biləsuvar filialın sədri Bəhruz Əliyev şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək, rayon rəhbərliyinin daim şəhidlərimizə, onların ailələrinə olan sonsuz diqqət və qayğısından bəhs etdi. Torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş Hüseyn Dəmirlinin xatirəsinin biləsuvarlıların qəlbində daim yaşayacağını bildirdi.

Çıxış edən digər qonaqlar fəxarət hissi ilə biləsuvarlı gənclərimizin ordu sıralarındakı qəhrəmanlıqlarından xoş sözlər dedilər. Hüseynin rəşadətinin, igidliyinin, vətənsevərliyinin gənc çağırışçılarımız üçün örnək olduğu bir daha vurğulandı.

Şəhidin valideyni Z.Dəmirov, bu əziz gündə onlara təşrif buyuran rayon ziyalılarına, qonaqlara səmimi təşəkkürünü bildirdi.

Daha sonra qonaqlar şəhidin uyuduğu şəhər qəbristanlığını ziyarət etdilər. Ziyarət zamanı şəhid Hüseynin ruhuna dualar oxundu, allahdan şəhidimizə rəhmət diləndi…

Xatırladaq ki, Hüseyn Dəmirli ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin sərəncamı ilə «Hərbi xidmətdə fərqlənməyə görə» III dərəcəli medalı ilə təltif edilib.

Yeni yaşın mübarək, şəhidim!

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок