Son Xəbərlər:
Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü keçirildi

Tərtərdə “Babək 44” taborunun keçmiş döyüşçülərinin görüşü keçirildi

1992-ci ildə yaranmış “Babək 44” taborunun keçmiş döyüşçülərinin Tərtərdə görüşü təşkil edilib. Müdafiə Nazirliyi, Qarabağ Əlillərinə Qayğı ictimai birliyi və Tərtər rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə əvvəlcə keçmiş döyüşçülər Tərtərdəki Şəhidlər Abidə Kompleksinin, Azərbaycanın Milli qəhrəmanları Vəzir Orucovun və Elman Hüseynovun büstləri önünə əklil və tər gül dəstələri qoyublar. Sonra rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının və ictimaiyyətin nümayəndələri, Qarabağ müharibəsi veteranları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək xatirəsinə ehtiramlarını bildiriblər.

Tərtər rayon Mədəniyyət Mərkəzində “Babək 44” taboru haqqında çəkilmiş filmin təqdimatı olub. Təqdimatdan əvvəl respublikamızın müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycanın Dövlət Himni səsləndirilib.

Filmin ideya rəhbəri, ehtiyatda olan zabit Nazim Quliyev çıxış edərək, «Babək-44» taboru və film haqqında məlumat verib. Bildirib ki, 1992-ci ildə yaradılmış 703 saylı hərbi hissənin tərkibində şərəfli döyüş yolu keçmiş “Babək- 44”  taboru ən qızğın döyüşlərdə göstərdiyi rəşadət və qəhrəmanlıqları ilə seçilib. Tabor 400 nəfərə qədər əsgər və zabitdən formalaşıb, döyüşlərdə 174 şəhid və itkin verib. Taborun döyüşçülərindən ikisi Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, yeddi nəfər “Azərbaycan Bayrağı” ordeni, iki nəfər isə «Hərbi Xidmətlərə görə» medalı ilə təltif edilib.

Filmdə taborun yaranma tarixi, keçdiyi döyüş yolu, göstərdiyi qəhrəmanlıqlar, döyüşdüyü əsas ərazilər barədə məlumat verilir. Filmin çəkilişləri zamanı Dağlıq Qarabağ uğrunda, Ağdərə ətrafında gedən döyüş kadrlarından, həmçinin döyüşlərdə iştirak etmiş şahidlərin, komandirlərin, şəhid valideynlərinin müsahibələrindən istifadə olunub.

Tədbir iştirakçıları N saylı hərbi hissədə əsgər və zabit heyəti ilə görüşdülər. Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov çıxışında keçmiş döyüşçülərin görüşünün təşkilini və “Babək-44” taboru haqqında çəkilmiş filmi yüksək qiymətləndirərək, Qarabağ müharibəsi veteranlarına, şəhid ailələrinə göstərilən dövlət qayğısından, xalqla ordunun monolit birliyindən bəhs etdi. O bildirdi ki, Qarabağ müharibəsi zamanı igidliklə döyüşmüş tərtərlilər bu gün də öz doğma torpaqlarında mətin dayanıb və Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad olunması uğrunda döyüşə atılmağa hər an hazırdırlar.

Qarabağ Əlillərinə Qayğı ictimai birliyinin sədri Firudin Məmmədov, «Babək-44» taborunun ilk komandirləri Elxan Qəniyev, Abukər Mirzəyev və başqaları çıxış edərək, taborun keçdiyi şərəfli döyüş yolundan, Azərbaycan ordusunun qüdrətindən danışdılar. Çıxışlarda hərbi qulluqçuların, eləcə də müharibə veteranlarının hər an müqəddəs savaşa hazır olduğu bildirildi.

Sonra xidmətdə fərqlənən hərbi qulluqçulara və «Babək-44» taborunun keçmiş döyüşçülərinə fəxri fərman və hədiyyələr təqdim olundu.

Tədbir Həzi Aslanov adına Ordu Ideoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblının, Gəncə qarnizonunun ideoloji və mədəniyyət mərkəzinin və respublikanın tanınmış incəsənət xadimlərinin ifasında geniş konsert proqramı ilə davam etdi. Sonda hərbi hissənin şəxsi heyəti ilə birgə nahar oldu.

«Babək-44» taborunun keçmiş döyüşçüləri ön xəttə gedərək, səngərdə xidmət edən əsgər və zabitlərlə də görüşdülər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок