Son Xəbərlər:
Sumqayıtda Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun anım mərasimi keçirilib

Sumqayıtda Azərbaycanın Milli Qəhrəmanı Qorxmaz Eyvazovun anım mərasimi keçirilib

Sumqayıtdakı Şəhidlər Xiyabanında Azərbaycanın Milli Qəhrəmanı, şəhid Qorxmaz Eyvazovun anım mərasimi keçirilib. Əvvəlcə şəhidin ailə üzvləri və tədbir iştirakçıları Milli Qəhrəmanın məzarını ziyarət edib, ruhuna dualar oxudular.

Anım tədbiri 400-ə yaxın şəhidin uyuduğu şəhər memorial kompleksində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda həlak olan qəhrəman övladların əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Sonra Azərbaycanın Dövlət Himni səsləndirdi.

Mərasimin aparıcısı, yazıçı-ssenarist Hafiz İmamnəzərli Qorxmaz Abış oğlu Eyvazovun qısa, lakin mənalı və şərəfli həyat yolu barədə məlumat verdi. 1967–ci il aprelin 1-də Laçın rayonunun Güləbird kəndində dünyaya göz açan Qorxmazın ömrü cəmi 27 il olmuşdur. O, Horadiz əməliyyatında göstərdiyi şücaətə görə Ali Baş Komandan Heydər Əliyev tərəfindən qol saatı ilə mükafatlandırılmışdır. 1994-cü il fevralın 10-da Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi uğrunda döyüşlərdə qəhrəmancasına həlak olmuşdur. Məhz həmin döyüşdə Azərbaycan Ordusu düşmən tapdağı altında olan torpaqlarımızın bir hissəsini, o cümlədən Cocuq Mərcanlını azad etmişdi. Ulu öndər Heydər Əliyevin Fərmanı ilə 1995-ci ildə Qorxmaz Eyvazova Azərbaycanın Milli Qəhrəmanı adı verilmişdir.

Cocuq Mərcanlı azad edilsə də, strateji Lələtəpə yüksəkliyi düşməndə olduğuna görə orada yaşamaq mümkün deyildi. 2016-cı ilin Aprel döyüşlərində qəhrəman Azərbaycan əsgəri Lələtəpəni düşmən əsarətindən qurtarıb və bu gün həmin strateji yüksəklikdə Azərbaycan bayrağı dalğalanır. Cocuq Mərcanlıda isə həyat qaynayır.

Sonra şəhidin qardaşı Zahid Eyvazov, Azərbaycan QMƏVŞAİB-in Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul işçisi Fərman Kazımov, Lacın rayon ictimaiyyətinin nümayəndəsi Qəzənfər Hüseynov, şəhid atası Azad Məmmədov, Milli Qəhrəman Zabir Quliyev, aprel döyüşlərinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Ruslan İmamquliyev, Azərbaycan Yazıçılar Birliyinin Sumqayıt şəhər bölməsinin sədri, şair Gülnarə Cəmaləddin, gənc şair Zahir Abbas və başqaları aprel döyüşlərindən, Azərbaycan əsgərinin qüdrətindən söz açıb, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclənən silahlı qüvvələrimizin bu gün regionda ən qüdrətli ordu olduğunu diqqətə çatdırmışlar.

Çıxış edənlər bu tədbirin əhəmiyyətindən danışaraq, Qorxmaz Eyvazov haqqında xatirələrini bölüşmüşlər. Qorxmaz Eyvazovun ömrünün gənclərə örnək olduğu vurğulanmışdır.

Uşaq kitabxanasının dərnək üzvlərinin təqdim etdikləri şeirlər tədbirə xüsusi rəng qatmışdlr.

Sonda Milli Qəhrəmanın oğlu, polis baş leytenantı Asəm Eyvazov atasının bayraq, dövlət uğrunda şəhid olduğuna görə qürur duyduğunu demişdir. O, anım tədbirinin təşkilinə görə ailə üzvləri adından minnətdarlığını bildirmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок