Son Xəbərlər:
Sumqayıt hadisələrindən bəhs edən “SƏN KİMSƏN, ARMANDO?” kitabının təqdimatı olmuşdur

Sumqayıt hadisələrindən bəhs edən “SƏN KİMSƏN, ARMANDO?” kitabının təqdimatı olmuşdur

2018-ci il iyunun 2-i Sumqayıtdakı Mərkəzi kitabxanada yazıçı-publisist, kinossenarist, Azərbaycanın əməkdar jurnalisti Eyruz Məmmədovun  yeni kitabının – “Sən kimsən, Armando?” romanının təqdimatı keçirilmişdir. Vətənpərvərlik mövzusunda yazdığı əsərləri və rejissoru olduğu filmləri (xüsusən «Sumqayıtın əks-sədası» filmi) ilə tanınmış müəllifin bu kitabı da oxucuların böyük marağına səbəb olmuşdur.

Tədbirdə yazıçı, şair və qələm sahibləri işirak edirdilər. Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri və filialın fəal üzvləri də  tədbirdə iştirak etmişlər.

Kitabın müqəddiməsində oxuyuruq: “Əsərin əsas qəhrəmanlarından biri təmiz qəlbli kitabxanaçı qız Aliyədir. Güclü dramatizmi ilə diqqəti cəlb edən bu əsərdə gənc oğlan və onun sevdiyi qız – kitabxanaçı Aliyə cəmiyyətlə səbəbi anlaşılmayan ictimai-siyasi qarşıdurmaya cəlb edilərək, bu xaosdan aydınlığa, işıqlığa doğru çıxmağa çalışaraq, çox ağır, gözlənilməz vəziyyətlərlə üzləşirlər. Hər şey Aliyəyə qarşı səbəbi bilinməyən sui-qəsd təşkil edilməsindən başlayır. Bunu kim və nə məqsədlə edə bilərdi?! Bu sual sevgilisini çox düşündürür və o, hadisəni araşdırmaq qərarına gəlir. Bir sıra şəxslə görüşür və dostlarını da bu işə cəlb edir. Bəzi məsələlər aydınlaşmaqda ikən onun özünü aradan götürmək istəyirlər. Ona qarşı da sui-qəsd təşkil edilir. Cinayətkarlar onun öldüyünü zənn edib, aradan çıxırlar. Ancaq Aliyənin sevgilisi təsadüf nəticəsində sağ qalır. Müalicə olunduqdan sonra da fikrindən dönmür, hansı qüvvələrin və nə məqsədlə onlara qarşı düşmənçilik etdiklərini aydınlaşdırmaq istəyir. Axı, onun fikrincə, nə onun, nə də Aliyənin açıq-aşkar düşmənləri yox idi. Bəs, bu, kimlər ola bilərdi? Əsərdə hadislər getdikcə gərginləşir, qaranlıq qalmış suallara tədricən aydınlıq gətirilir”.

Əməkdar  jurnalist  Eyruz  Məmmədov 1988-ci il Sumqayıt şəhərində ermənilər tərəfindən məqsəqli şəkildə törədilmiş hadisələri və 1990-cı il törədilən 20 yanvar faciəsini müstəqil şəkildə araşdırmış və 90-cı ilin əvvəllərində  çox çətin bir şəraitdə  Rusiyada yaşayan keçmiş SSRİ rəsmilərindən, xüsusən Yazovdan bu hadisələrin törədilməsi barədə məxfi məlumatlar əldə etmişdir.

Tədbirdə tanınmış yazıçı və qələm ustaları çıxış edərək, kitabın müəllifi Eyruz  Məmmədova  gələcək fəaliyyətində uğurlar arzu etdilər.   Azərbaycan QMƏVŞAİB Sumqayıt şəhər filialının sədri Tərlan Hacı-zadə gələcək fəaliyyətində Eyruz Məmmədova müvəffəqiyyətlər arzu etmiş və  “Sən kimsən, Armando?” kitabının gənclərin tərbiyəvi ruhda böyüməsində xüsusi rol oynayacağını bildirmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок