Son Xəbərlər:
Sovet qoşunlarının Əfqanıstandan çıxmasının 30 illik yubileyi münasibətilə Kiyevdə fotosərgi keçirilmişdir

Sovet qoşunlarının Əfqanıstandan çıxmasının 30 illik yubileyi münasibətilə Kiyevdə fotosərgi keçirilmişdir

Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun mətbuat xidmətindən vetennamine.az saytına verilən məlumata görə Ukrayna Əfqanıstan Veteranları Birliyinin Kiyev şəhər şöbəsinin təşkilaçılığı ilə 2019-ci il fevralın 5-də Kiyev şəhərində sovet qoşunlarının Əfqanıstan ərazisindən çıxmasının 30 illik yubileyi münasibətilə Ukraynadakı xarici səfirliklərin, diplomatik korpusların, dövlət, qeyri-dövlət veteran təşkilatlarının, hərbiçilərin və ictimaiyyət nümayəndələrinin birgə iştirakı ilə fotosərgi keçirilmişdir.

Sərgidə keçmiş sovetlər birliyinin tərkibində Əfqanıstanda beynəlmiləlçılık borcunu yerinə yetirən hərbçilər haqqında maraqlı sənədli filmlər və fotoşəkillər nümayiş etdirilmişdir.

Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyev, səfirliyin əməkdaşları və Azərbaycandan tədbirə rəsmi dəvət olunmuş, vaxtilə sovet qoşunlarının tərkibində Əfqanıstanda xidmət etmiş Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov sərgidə Azərbaycanı təmsil etmişlər.

Səfir Azər Xudiyev öz çıxışında Əfqanıstandakı 10 illik (1979-1989) müharibənin acı fəsadlarından və bu gün də əfqan xalqının insan təlafatına məruz qalması haqqında ürəkağrısı ilə danışmış, əfqan xalqına Allahdan səbr diləmişdir.

Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov fotosərgidə Azərbaycana həsr olunmuş foto güşənin qarşısında dayanaraq tədbir iştirakçılarına, Əfqanıstanda xidmət etmiş Azərbaycanlı veteranlar haqqında ətraflı məlumat verərək bildirmişdir ki, Azərbaycandan 8 500 nəfər döyüşçü bu müharibədə iştirak edib. Onlardan 219 nəfəri hərbi əməliyyatlarda həlak olmuş, 450 nəfəri əlil olmuş, 7 nəfəri isə itkin düşmüşdür. Bundan əlavə 1 400 nəfər Azərbaycan vətəndaşı müxtəlif vəzifələrdə mülkü işlərdə xidmət etmişlər. Əfqanıstan müharibəsi Azərbaycan oğulları üçün cəsurluq, qorxmazlıq, mərdlik, fədakarlıq və igidlik məktəbi olmuşdur. Məhs bu məktəbin sayəsində Azərbaycanın Əfqanıstan veteranları Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək təcrübəli keçmiş döyüşçü kimi, Azərbaycanın Milli Ordusunun yaranmasında xususi fəallıq göstərmişlər.

Əfqanıstan döyüşçülərinin 4 000 nəfəri Vətənimizə, torpağımıza olan sevgisini bir daha nümayiş etdirərək, təcrübəli keçmiş doyüşçü kimi, Azərbaycanın Milli Ordusunda ilk xüsusi təyinatlı döyüş batalyonu təşkil edərək, Qarabağda torpaqlarımızın yadelli erməni işğalçılarından azad olunması üçün fədakarcasına döyüşmüşdür. Onlardan 45 nəfəri şəhid, 76 nəfəri əlil olub, 6 nəfəri isə itkin düşüb, 7 nəfəri Qarabağda erməni işğalçılarına qarşı gedən qızğın döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, 37 nəfər Azərbaycan Bayrağı Ordeni, onlarla əfqan döyüşçüsü isə müxtəlif döyüş medalları ilə təltif olunublar. Hal-hazırda da keçmiş Əfqanıstan döyüşçüləri Azərbaycanın Silahlı Qüvvələrində yüksək rütbələrdə müxtəlif vəzifələrdə xidmət edirlər.

Tədbirin təşkilatçıları, Ukrayna Əfqanstan Veteranları Birliyinin rəhbərləri və Azərbaycan Respublikası Beynəlmiləlçi Əlil Döyüşçülər Fondunun prezidenti Sərraf Orucov, fotosərginin keçirilməsində göstərdiyi maddı və təşkilati dəstəyə görə Azərbaycan Respublikasının Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri Azər Xudiyevə öz təşəkkürlərini bildirdilər.

Sərraf Orucov Ukrayna xalqı və qeyri-hökümət, veteran təşkilatları ilə yaxından əməkdaşlıq edib dostluq əlaqələrini inkişaf etdirdiyinə görə, “Ənənələrə sədaqətə görə” qızıl medalı ilə təltif olunmuşdur.

Tədbirin sonunda konsert proqramı təşkil edilmiş və xatirə şəkilləri çəkdirilmişdir.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок