Son Xəbərlər:
Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO Ümumdünya İrs Siyahısına salındı

Şəki Xan Sarayı və Şəkinin tarixi mərkəzi UNESCO Ümumdünya İrs Siyahısına salındı

1762-ci ildə tikilmiş Şəki Xan Sarayı Azərbaycan memarlığının ən gözəl nümunələrindən biridir. XVIII əsrdə Şəki xanlığının mərkəzi olan Şəki Azərbaycanın ən qüdrətli vilayətlərindən sayılırdı. Şəki Xan Sarayı şəhirin ən yüksək hissəsində, xan qalasının içərisində ikimərtəbəli yay sarayı kimi tikilmişdi. Mahir sənətkarlar sarayı əhatə edən barılar üzərində “Məhəmməd Həsən xan” sözlərini yazmışlar.

Qalanın içərisində xanlar və onların ailə üzvləri üçün nəzərdə tutulmuş qış və yay saraylarından başqa 1853-cü ildə tərtib olunmuş planına əsasən başqa tikililər də olmuşdur. Divarların tikintisində çiy kərpicdən və çay daşlarından istifadə olunmuşdur. Divarların üzərində isə kirəc məhlulu və gəcdən memarlıq sənətində analoqu olmayan bir üslubda sənətkarların əl işlərini görmək olar.

Sarayın birinci mərtəbəsi qonaqların qəbulu üçün ayrılmışdı. Burada xan Şəkiyə gələn rəsmi nümayəndələri, səfirləri, dövlət elçilərini və başqa qonaqları qəbul edirdi. İkinci mərtəbədə xan və onun ailə üzvləri yerləşirdilər. Sarayın altı otağından hər birisi öz mənsubluğuna uyğun olaraq həndəsi, nəbati və cəng-döyüş rəsmləri ilə bəzədilmişdir, alt və üst mərtəbələrdə simmetrik salınmış otaqlar bir-birindən, əsasən divar rəsmlərinin süjetləri ilə fərqlənir. Qadınlara məxsus otaqların divarlarını gül-çiçək, ağac budaqlarına qonmuş bülbüllər, əfsanəvi quş və heyvan şəkilləri  bəzəyir. Birinci mərtəbənin orta, böyük salonundakı karnizdə, baxış bucağından bir qədər kənarda, binanın bədii tərtibatındakı rəsmlərin içərisində öz orijinallığı ilə seçilən bir rəsm əsəri – milli geyimdə müxtəlif musiqi alətlərində çalan və rəqs edən qadınların rəsmləri verilmişdir.

Sarayın ikinci mərtəbəsindəki xanın otağı bütünlüklə döyüş səhnələri ilə bəzədilib və məzmunca çox müxtəlifdir. Məşhur Şəki hökmdarı Hacı Çələbi nəslindən olan və bu sarayda yaşayan Şəki xanlarının faciəli həyatı sanki bu otaqların divarlarında olan rəsmlərdə tam təsvir olunmuşdur. Xanların müxtəlif illərdə qəsbkarlara qarşı apardıqları döyüşləri, nizələrin uclarına taxılmış başlar, üzərlərində ələm, qılınc, aypara rəsmləri olan bayraqlar, realistcəsinə çəkilmiş dəhşətli döyüş səhnələri adamı valeh edir. İstirahət otağındakı rəsmlərin süjeti isə tam başqadır. Bunlar, əsasən ov, şikar məzmunludurlar. İkibaşlı əjdaha ilə bərabər, təkə, ceyran, cüyür, canavar və başqa şəkillər verilibdir. Sarayın pəncərə və qapıları, binanın bütün ağac işləri qeyri-adi bir sənətkarlıq məharətilə inşa edilmişdir. Şəbəkələrin hər bir kvadrat metrinə 14 min ağac və müxtəlif rəngli şüşə parçaları işlənmiş və bütün iş prosesində yapışqan və mismardan qətiyyən istifadə edilməmişdir. Burada ağac və şüşələrin ölçüsü zərgər dəqiqliyi ilə hesablanıb göstərilmişdir.

Binanın birinci mərtəbəsinin orta salonu inşa edilərkən 5200-dən artıq taxta parçası kəsmək lazım gəlmişdir. Taxta hissəciklər bir-birinə geydirilmişdir. Saray, onu yaradan, öz məharət və ustalıq qüdrətini nümayiş etdirən sənətkarların da adını əbədiləşdirmişdir. Birinci mərtəbədəki rəsmləri yaradan şamaxılı nəqqaş-rəssam Mirzə Cəfərdir. İkinci mərtəbədəki rəsmləri o dövrdə məşhur olan şuşalı usta Qənbər, şamaxılı Əliqulu və Qurbanəli işləyib. Ustad Abbasqulu isə sarayın memar-inşaatçısı olmuşdur. Onun adı tavandakı kitabədə qeyd olunmuşdur. Şəkidə qonaq olan türk şairi Nazim Hikmət sarayı gəzib görəndən sonra yazmışdır: «Azərbaycanın başqa qədim tikililəri olmasaydı belə, təkcə Xan sarayını dünyaya göstərmək bəs edərdi».

Şəkidə yerləşən Xan Sarayı dünya əhəmiyyətli tarix və memarlıq abidəsidir. XVIII əsrdə inşa edilən saray binası şəhərin şimal-şərq hissəsində, qala divarları ilə əhatə olunmuş ərazidə yerləşir. Otuz metr uzunluğu olan ikimərtəbəli bina 300 kvadratmetr sahəni əhatə edir. Saray altı otaq, dörd dəhliz və iki güzgülü eyvandan ibarətdir. Özündə həm də xalq yaşayış binalarının xüsusiyyətlərini daşıyan saray binası, Qafqazda XVIII saray memarlığının ən gözəl nümunələrindən biri olmaqla, həm də İslam Şərqinin memarlıq incilərindəndir. Şəhərin tarixi mərkəzi ilə birlikdə saray 120 hektar ərazini əhatə edir.

Bu gün Şəki Xan Sarayı ölkəmizə gələn turistlərin mütləq başçəkəcəyi bir məkana çevrilmişdir.

Dövlətimimzın böyük səyi nəticəsində bu tarixi abidəyə 24 oktyabr 2001-ci ildə mədəni irs nümunəsi kimi «gücləndirilmiş mühafizə» statusu verilmiş və UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmişdi.

2019-cu ilin iyulun 7-də isə Bakı Konqres Mərkəzində keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının növbəti iclasında Azərbaycanın “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi” adlı nominasiyası UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və  Birinci Vitse-prezidenti Mehriban Əliyeva Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzinin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsi münasibətilə Azərbaycan xalqını təbrik etmişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок