HomeBütün XəbərlərŞəhidlər ölməzdir, onlar xatirələrdə yaşayırlar

Şəhidlər ölməzdir, onlar xatirələrdə yaşayırlar

Şəhidlər ölməzdir, onlar xatirələrdə yaşayırlar

Kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəsinin avtomobilində şəhid ailəsi ilə görüşə gedirik. Bir zamanlar daşlı-kəsəkli olmuş yollardan əsər-əlamət yoxdur. Asfalt döşənmiş, hər iki tərəfi səliqə-sahmanlı kənd yolu ilə maşınlar şütüyür. Heç bir məlumatım olmayan şəhidi və onun ailəsini düşünürəm. Xəyalımda suallar bir-birini əvəzləyir. Nəhayət maşın yaraşıqlı bir evin həyət darvazası yanında dayandı.  Ətrafda sakitlik hökm sürürdü. Nümayəndə ilə birlikdə evə daxil oluruq. Bizi görcək qarşımıza gəlib görüşürlər. Şəhidin anası Atlas xala, nənəsi Maya xala, qardaşı Maxsud, evin gəlini və nəvə. Dedilər ki, bacısı gəlsin, sizə məlumat versin. Az keçməmiş digər qardaşlar Murad, Ülfət və bacısı Zülfiyyə gəlir. Söhbət zamanı məlum oldu ki, Seymurun haqqında danışmasını məsləhət bildikləri bacısı Zülfiyyə Xoruzlu kənd tam orta məktəbində müəllim işləyir. O, şagirdlərinə tez-tez kəndin şəhid oğlanları haqqında danışır, onların qəhrəmanlıqlarından söz açır. Elə qardaşı Seymurdan da. Bu gün də bizə danışdı.

– Seymur 1970-ci il avqustun 28-də rayonumuzun  Bayandur kəndində doğulub. Ailənin üçüncü övladı olub. Xoruzlu kənd tam orta məktəbini bitirib. Sonra Bərdə rayonunda sürücülük peşəsinə yiyələnib. 1988-1990-cı illərdə Rusiyanın Kamçatka vilayətində sovet ordusu sıralarında hərbi xidməıtdə olub. Hərbi xidmətini başa vurduqdan sonra sürücü işləyib.

Zülfiyyə müəllim danışdıqca gözlər dolub-boşalırdı. Xüsusilə ananın yanaqlarından yuvarlanan yaş gilələri selə dönürdü. Bacı qardaşı haqqında kövrələ-kövrələ, göz yaşları içində danışırdı…

– O biri qardaşlarım da o zaman yaradılan ilk özünümüdafiə batalyonlarına yazılmışdılar. 1993-cü ilin əvvəllərində könüllü olaraq orduya yollanır Seymur. Öz davranışı və tərbiyəsi ilə həm ailədə, həm də qohum-tanış arasında hörmət qazanmışdı. Heç bir ehtiyacını atama bildirməzdi.

Söhbəıtimizə Maya nənə qarışır:

– Seymur əsgərlikdən gələndə bir qızı sevirdi. Bir gün həmin qızla görüşə getmək üçün, gəlib gizlicə mənə dedi ki, nənə, atama de, maşını versin, bir yer var ora gedəcəyəm. Mən də atasına dedim. Atası etiraz etmədən maşının açarlarını Seymura verdi. Qızla görüşdükdən sonra gəlib məni öpdü və dedi ki, nənə, özümə ev tikdirib evlənəcəyəm, səni də özümlə aparacağam.

Nənə kövrələrək əlavə etdi:

– İndi nə qədər gözləyirəm ki, Seynur gəlib məni evlərinə aparacaq,  amma gəlmir…

Seymurun döyüş yolu  Qarabağ müharibəsi zamanı Tərtər, Ağdərə və Kəlbəcər rayonları istiqamətində aparılan qanlı savaşlardan keçib. O, düşmənə qarşı mərdliklə döyüşüb. 1993-cü il dekabrın 29-u Kəlbəcər uğrunda şiddətli döyüş gedirdi.  Bu, Seymurun son döyüşü olur. Məlumata əsasən döyüşçülərimiz 16 saat qarlı, buzlu cığırlarla irəlləyərək Murovdağa çatırlar və düşməni 20 km geri oturdaraq  11 kəndi düşməndən təmizləyirlər.

Bu əməliyyat asanlıqla başa gəlmir. Xeyli şəhidimiz və yaralımız olur. Onların arasında Seymur da vardı. Qardaşı Murad  Seymurun arxasınca getsə də xəbərsiz geri qayıdır. Çox çəkmir ki,  Seymurun şəhid olması barədə kəndə xəbər yayılır. Bu xəbəri kəndin hörmətli şəxslərindən biri olan İdris müəllim Seymurun ailəsinə bildirir…

Bacı sözünə davam edir:

– Mənim evimdə bir çanta var. Onun içində Seymurun darağı, və məktubları..

…İllər keçdi. Qarabağ müharibəsindən əzab çəkən ailələrdən biri də Muradovlar ailəsi oldu. Lakin bu ağrının Vətən naminə olması ailəyə bir təsginlik, qürur verir. Seymur  nəinki ailənin, hətta doğulduğu kəndin, doğma rayonumuzun fəxrinə çevrildi. Ailənin böyüyü, ağsaqqalı olan ata Mobil Muradov oğlu ilə qürurlansa da onun itkisinə dözə bilmədi, 2004-cü ildə dünyasını dəyişdi.

İndi bu ailədə balaca Seymur böyüyür. Qardaşı Maxsudun oğludur.  O, ikinci sinifdə oxuyur.

2019-cu il dekabrın 29-u şəhid Seymur Muradovun həlak olmasının 26-cı ili oldu.  Ailə hər il olduğu kimi bu il də Seymurun qəbrini ziyarətə getdilər. Ziyarətə gələnlər arasında Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və rəhbər orqanların nümayəndələri də vardı. Sonra rayon rəhbəri şəhid Seymur Muradovun anası Atlas xanımın evində qonaq olmuş və şəhidin ailə üzvləri ilə birlikdə  çay süfrəsi arxasında səmimi söhbət etmişlər, şəhid ailəsinin qayğıları ilə maraqlanmışdır. Bu isə onu bir daha təsdiq edir ki, ölkəmizdə şəhid ailələrinə dövlət tərəfindən böyük diqqət və qayğı var.  Bunu ailə üzvləri öz fikirlərini söyləyərkən bildirdilər. Ölkə prezidenti İlham Əliyevə, birinci xanım  Mehriban  Əliyevaya və bu gün də hər an yanlarında olan rayon rəhbərliyinə öz sonsuz minnətdarlıqlarını bildirdilər.

Seymurun uyuduğu qəbristanlıqdakı  “Ələm”ocağını və Seymurun qəbrini ziyarət edib qayıdırıq. Mən isə düşünürəm ki, şəhidlər ölməzdir, onlar xatirələrdə əbədi yaşayırlar.

Kənan HÜSEYNZADƏ