Son Xəbərlər:
Səbuhi Abbasov: “Bu fakt erməni terrorunun xislətini dünyaya nümayiş etdirir”

Səbuhi Abbasov: “Bu fakt erməni terrorunun xislətini dünyaya nümayiş etdirir”

İşğalçı Ermənistanın cəbhə zonasında və sərhədboyu kəndlərdə atəşkəsi pozaraq yaşayış məntəqələrini, mülki əhalini, xüsusilə də uşaqları hədəfə alması dünya ictimaiyyəti üçün yeni hadisə deyil. Avqustun 7-də Ermənistanla sərhəd bölgəsi olan Tovuz rayonunun Qaralar kəndinin atəşə tutulması nəticəsində 13 yaşlı Ramin Sabir oğlu Yusifovun yaralanması bu qanlı terror siyasətinin daha bir nümunəsidir. Bu fikirləri Azərbaycan-Slavyan Gəncləri Assosiasiyasının sədri, internet-media eksperti Səbuhi Abbasov “Xalq qəzeti”nə açıqlamasında bildirdi:

– İyirmi ildən çoxdur ki, torpaqlarımızı işğal altında saxlayan Ermənistan Qarabağ müharibəsində Xocalıda və digər işğal edilmiş bölgələrimizdə məsum körpələri qətlə yetirdiyi kimi, indi də bu qanlı siyasətini davam etdirməkdədir.Balaca Raminin nə günahı var axı?! Hadisə baş verərkən 13 yaşlı Ramin öz həyətlərində oynayırmış. Kəndə atılan mərminin qəlpələri onu ağır yaralayıb. Çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. Diqqət yetirin, Alxanlı faciəsində həyatını itirən 2 yaşlı Zəhra da mərmi düşəndə həyətdə oynayırdı.Yeri gəlmişkən, xatırlatmaq yerinə düşər ki, 13 yaşlı Aygün Şahmalıyeva 2011-ci ildə Tovuzun Əlibəyli kəndində çaydan tapdığı partlayıcı qurğu yerləşdirilmiş oyuncağın partlaması nəticəsində dünyasını dəyişmişdi.

Bu cür olaylar çoxdur və bu, bir daha Ermənistanın terrorçuların məskəni olduğunu göstərir. Alxanlı faciəsindən sonra, demək olar ki, bütün dünya Ermənistanın bu addımını pisləyən bəyanatlar yaydı. Bu, həm də Ermənistanın danışıqlar masasında hansı yolla olursa-olsun əyləşməmək, mövcud “status-kvonu”nu saxlamaq planının tərkib hissəsidir. Bütün bu faktlar erməni terrorunun xislətini beynəlxalq ictimaiyyətə nümayiş etdirir. Ölkəmizdə fəaliyyət göstərən QHT-lər və media qurumları sistemli şəkildə dünya ictimaiyyətinə müraciət hazırlamalı, Ermənistana qarşı təzyiqlərin artırılmasını tələb etməlidirlər. Biz səsimizi Qarabağ məsələsində səssiz qalan və ya ikili standartlar nümayiş etdirən beynəlxalq qurumlara daha çox çatdırmalıyıq.

İki yaşlı Zəhranın qətli zamanı Azərbaycanın haqq səsinin mediada, sosial şəbəkələrdə beynəlxalq ictimaiyyətə çatdırılması nəticəsində bu qanlı hadisənin böyük reaksiya doğurması, beynəlxalq qurumların bu qanlı hadisəni pisləməsi bizim haqlı mövqedə olduğumuzu bir daha dünyaya bəyan etdi. Artıq dünya erməni yalanlarına inanmır, Azərbaycanın illərdir ki, bu işğaldan əziyyət çəkdiyini, məcburi köçkünə çevrilmiş bir milyondan çox vətəndaşımızın hüquqlarının pozulduğunu gözəl bilir.

Söhbəti qələmə aldı Əfsanə BAYRAMQIZI,“Xalq qəzeti”.

Xəbər QHT.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок