Son Xəbərlər:

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun tətbiqi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu bəndini rəhbər tutaraq, “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1081-IVQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək, habelə dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsində şəffaflıq və səmərəliliyin artırılması, dövlət orqanları ilə qeyri-hökumət təşkilatlarının münasibətlərinin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Dövlət orqanları qeyri-hökumət təşkilatlarına qrantların verilməsini Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırmaqla həyata keçirsinlər.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2. iki ay müddətində:

2.2.1. dövlət orqanları tərəfindən qeyri-hökumət təşkilatlarına qrantların verilməsinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ilə razılaşdırılması qaydasının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.2. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsinə uyğun olaraq, Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşdirilən qurumların siyahısının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2.2.3. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-1-ci hissəsinə uyğun olaraq, həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi qaydasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla müəyyən etsin;

2.3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.4. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

2.5. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

4. Müəyyən edilsin ki:

4.1. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 2-ci hissəsinin birinci cümləsində və 3-cü maddəsinin 2-1-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

4.2. həmin Qanunun 2-ci maddəsinin 5-1-ci hissəsində və 4-cü maddəsinin 4-2-ci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;

4.3. həmin Qanunun 2-ci maddəsinin 5-ci hissəsinin ikinci cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həyata keçirir;

4.4. həmin Qanunun 3-cü maddəsinin 2-ci hissəsinin üçüncü abzasında “müvafiq icra hakimiyyəti orqanları” dedikdə mərkəzi və digər icra hakimiyyəti orqanları nəzərdə tutulur.

5. “Qrant haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin 2-1-ci hissəsində “Azərbaycan Respublikasının adından qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi qaydaları” dedikdə Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 17 aprel tarixli 388 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Texniki yardım və qrant alınmasına dair sazişlərin bağlanması və təsdiq edilməsi Qaydaları” nəzərdə tutulur.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 14 noyabr 2014-cü il.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок