Qazaxda “Qəhrəmanlıq salnaməsinin müəllifləri” başlığı altında tədbir keçirilmişdir

Noyabrın 27-si Qazax rayon Heydər Əliyev mərkəzinin, Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının, N saylı hərbi hissənin əsgər və zabitlərinin,  N.Vəliyev adına şəhər 5 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə “Qəhrəmanlıq salnaməsinin müəllifləri” başlığı altında tədbir keçirilmişdir.

Tədbirdə Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini, I qrup Qarabağ müharibəsi əlili Namiq Alıyev və ictimai birliyin üzvü olan müharibə veteranları, N saylı hərbi hissənin komandiri Tariyel Didarov, əsgər və zabitlər, fəal gənc Akif Əmirov, məktəbin müəllim və şagird kollektivi iştirak etmişlər.

Tədbir iştirakçıları əvvəlcə Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda canından keçərək şəhid olmuş igid, qəhrəman oğul və qızlarımızın əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib, şəhidlərimizə olan ehtiramlarını bildirdiər.

Mərkəzin direktoru Ceyhunə Hüseynova tədbiri giriş sözü ilə açaraq gənc nəslin vətənpərvərlik ruhunun gücləndirilməsində müharibə veteranları və hərbiçilərlə görüşlərin keçirilməsinin böyük əhəmiyyət daşıdığını bildirdi. Mərkəz olaraq bu cür tədbirlərin təşkilinə hər zaman böyük önəm verildiyini, məktəblilərin mərkəzə ekskursiyası zamanı da vətənpərvərlik mövzusunda söhbətlərin aparıldığını, xüsusilə də ulu öndər Heydər Əliyevin vətənpərvərlik ruhlu kəlamlarının məktəblilərə çatdırıldığını qeyd etdi.

Azərbaycan QMƏVŞAİB-in Qazax rayon filialının sədr müavini Namiq Alıyev, N saylı hərbi hissənin komandiri Tariyel Didarov və fəal gənc Akif Əmirov çıxış edərək dövlətimizin və dövlət başçısının bu gün müharibə veteranlarına, əlillərinə və şəhid ailələrinə göstərdiyi yüksək diqqət və qayğıdan söz açdılar. Bu cür görüşlərin mütəmadi olaraq keçirilməsini arzulayan çıxışçılar bu tədbirin gənc nəslin, məktəblilərin vətənpərvərlik hisslərinə müsbət təsir göstərdiyini bildirdilər. Qeyd edildi ki, döyüş zamanı sağlamlığını itirmiş insanların, hal-hazırda torpaqlarımızın bütövlüyünün və toxunulmazlığının keşiyində dayanan hərbçilərimizin və gələcəkdə bu missiyanın daşıyıcıları olacaq gənc nəslin iştirakı ilə keçirilən görüşün böyük məntiqi mənaya malik olduğunu vurğuladılar. Xalqımızın qəhrəmanlıq, döyüşkənlik ruhunun tariximizin bütün dövrlərində nəsildən-nəslə şərəflə, qürurla ötürüldüyünü diqqətə çatdırdılar.

Tədbir uşaqların ifasında əsgər marşının və Vətənə həsr  olunmuş şeirlərin söylənilməsi ilə başa çatdı.