Son Xəbərlər:
Prezidentin Sərəncamı ilə Azərbaycanı MDB-də ikinci yerdə olacaq

Prezidentin Sərəncamı ilə Azərbaycanı MDB-də ikinci yerdə olacaq

“Minimum aylıq əməkhaqqının artırılması haqqında” Prezident İlham Əliyevin 2019-cu il iyunun 18-də imzaladığı Sərəncam respublikamızda əhalinin rifah halının yaxşılaşdırılması sahəsində 2019-cu ilin ilk aylarından atılan sosial yönümlü addımlardan biridir. Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 faizədək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq. Bu o deməkdir ki, sentyabrın birindən etibarən ölkəmizdə minimum əməkhaqqının məbləği yaşayış minimumunu 40 faiz (180 manat) üstələyəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Minimum əməkhaqqının artırılmasının təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılacaq.

Sərəncamla minimum əməkhaqqının 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Yeni “Minimum aylıq əməkhaqqının artırılması haqqında” Sərəncamla ölkədə əhalinin sosial rifahının yüksəldilməsi Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin prioritet istiqaməti olduğunu bir daha təsdiq edir və bu istiqamətdə cari il ərzində artıq ikinci böyük sosial paketin reallaşdırıldığını göstərir.

Xatırladaq ki, dövlət başçısının bu il fevralın 8-də imzaladığı əvvəlki Sərəncamla minimum əməkhaqqı 130 manatdan 180 manata çatdırılmışdı. Həmin artım 600 minədək insanı əhatə etmişdi. Beləliklə, bu il ərzində minimum əməkhaqqı təqribən iki dəfəyə yaxın – 130 manatdan 250 manata qədər artmışdır. Bu isə  sosial islahatlar proqramının uğurundan, əhalinin sosial rifahının artacağından xəbər verir.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок