Son Xəbərlər:
“Onlara Azərbaycanı tamamilə işğal etdiklərini deyirlər”

“Onlara Azərbaycanı tamamilə işğal etdiklərini deyirlər”

Bu gün Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Mərkəzində Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclası keçirilir.

«Qafqazinfo»nun verdiyi xəbərə görə, iclasda çıxış edən komissiyanın sədri, DTX rəisi Mədət Quliyev açılış edərək reqlamenti elan edib.

Quliyev bildirib ki, mərhum prezident Heydər Əliyev daim əsir düşmüş şəxslərlə bağlı işlərə xüsusi diqqət yetirib: «Bir çox vətəndaşlarımız itkin düşmüş yaxınlarını axtarmaq üçün  ulu öndərin yanına getmişdi. O zaman Heydər Əliyev Ermənistan prezidenti Petrosyana məktub yazaraq 30-dan çox şəxsin geri qaytarılmasına nail olmuşdu. Ulu öndər 1993-cü ildə hakimiyyətə gəldikdən sonra da bu məsələyə xüsusi önəm verib.

Ermənistan bu gün də münaqişəni davam etdirir, hazırda 871 nəfər əsir və girovluqda qalır. Ermənistan rəhbərliyi onlara Azərbaycanı tamamilə işğal etdiklərini, belə  bir dövlətin qalmadığı yalanını təşviq edirlər.

Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan şəxslərin «hamıdan-hamıya» prinsipi ilə azad edilməsi və bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb. Buna səbəb Ermənistanın münaqişənin əvvəlindən humanitar məsələni siyasiləşdirmək və Dağlıq Qarabağdakı separatçı rejimi tərəf kimi təqdim etmək cəhdləridir.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 25 il ərzində humanitar problemlərin həlli istiqamətində müvafiq zəruri işlər görüb, amma komissiyasının fəaliyyətində nöqsanlar da var. Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla bağlı problem Azərbaycan dövlətini, ictimaiyyəti narahat edən və həlli gözləyən vacib məsələdir. Komissiya üzvləri, həm də  İşçi Qrupu öz məsuliyyətini dərindən dərk etməli, işini prezident İlham Əliyevin tələbləri səviyyəsində qurmalıdır».

İclasda millət vəkilləri, Mətbuat Şurasının rəhbəri Əflatun Amaşov, Milli Televiziya və Radio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Murad Əhməd

Xəbər Aqreqator.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок