Son Xəbərlər:
Ön cəbhədə əsgərlərlə görüş

Ön cəbhədə əsgərlərlə görüş

2019-cu il mayın 17-si Azərbaycan QMƏVŞAİB-in idarə heyətinin üzvləri, Qaradağ rayon filialının nümayəndə heyəti, Holcim Azərbaycan ASC-nin bir qrup nümayəndə  heyəti və Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Munis Babayev cəbhəyanı bölgədə yerləşən N saylı hərbi hissənin əsgər və zabitləri ilə görüşmək üçün Tərtər rayonuna yola düşmüşlər.

Görüşdə həmçinin Azərbaycan QMƏVŞAİB-in Ağdam, Bərdə, Tərtər və Sabunçu rayon filiallarının sədrləri də iştirak etmişlər.

Tərtər rayon Icra Hakimiyyətinin başçısı cənab Müstəqim Məmmədov nümayəndə heyətini icra hakimiyyətinin binasının qarşısında qarşılamış və qonaqları konfrans zalına dəvət etmişdir.

Tədbiri açıq elan etdikdən sonra cənab Müstəqim Məmmədov cəbhəyanı bölgədə olan vəziyyətlə iştirakçıları tanış etmişdir. O, rayon ictimaiyyətinin N saylı hərbi hissənin əsgərlərinə daima dayaq olduğunu bildirmişdir.

Sonra tədbir iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Vəzir Orucovun abidəsini ziyarət etmiş, önünə gül dəstələri qoyaraq onun xatirəsini yad etmişlər. Həmçinin rayondakı Şəhidlər Abidəsi də ziyarət olunmuş, abidə önünə gül dəstələri düzülmüş, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla anılmışdır.

Daha sonra qonaqlar əsgərlərlə görüşmək üçün rayon ictimaiyyətinin müşayiəti ilə N saylı hərbi hissəyə yollanmışlar. Hərbi hissə komandanlığı onları qəbul edərək əsgərlərlə görüşü təşkil etmişdir.

Azərbaycan QMƏVŞAİB-in sədri e.o.polkovnik Mehdi Mehdiyev əsgərlər qarşısında çıxış edərək ictimai birliyin həmişə onlara dayaq olduğunu bildirmişdir. Cənab Mehdi Mehdiyev vaxtilə özünün də həmin hissədə xidmət etdiyini bildirmiş, sərhədlərimizin möhkəmliyinin, torpağın hər bir qarışı uğrunda vuruşmağın nə qədər vacib olduğunu  qeyd etmişdir. Ordumuzun şücaəti və əsgərlərimizin səyi sayəsində həmin bölgədə işğal olunmuş bəzi ərazilərin düşməndən təmizləndiyini və Tərtər rayonuna birləşdirildiyini xatırlatmışdır. Təməilinin ulu öndərimiz cənab Heydər Əliyev tərəfindən qoyulduğu və bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilən ordu quruculuğu siyasətinin bir hissəsi kimi, dövlətimizin hərbçilərə, müharibə veteranları və əlillərinə göstərdiyi qayğıdan danışmışdır. Ordumuz ən müasir silahlarla təmin edilir, döyüş strategiyası və taktikasının təkmilləşdirilməsi üçün hərbi təlimlər keçirilir. Bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın 256 ordusu sırasında 53-cü yerdə qərarlaşmışdır. Ali Baş Komandan cənab İlham Əliyevin Azərbaycan əsgərinin sağlamlığının və döyüş qabiliyyətinin  qayğısına qalaraq orduya xidmət sahələrini daim nəzarətdə saxlaması, onun hər bir Azərbaycan vətəndaşının prezidenti olmasının bariz nümunəsidır.

Sonra Qaradağ rayon İcra Hakimiyyətinin ictimai-siyasi şöbəsinin müdiri Munis Babayev çıxış edərək əsgərlərin sərhədlərimizi qəhrəmancasına qorumasından, dövlətimizin onlara  qayğısından danışmış, xalqımızın isə həmişə əsgərlərimizə dayaq olduğunu vurğulamışdır. O bildirmişdir ki, Qaradağ rayon İcra Hakimiyyətinin və Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının birgə təşkilatçılğı ilə məktəblərdə «Əsgərə məktub» aksiyaları keçirilmiş, 150-dən çox şagirdin əsgərlərə ünvanladığı «Salam, əsgər!» başlıqlı məktubları və hazırladıqları hədiyyələr hərbi hissələrə göndərilmişdir.

Holcim Azərbaycan ASC-nin nümayəndə heyətinin üzvü çıxışında təmsil etdiyi şirkətin də əsgərlərlə hər cəhətdən bağlılığını, şirkət işçilərinin əsasən Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin üzvləri olduğunu qeyd etmişdir. Bu faktın özü bir daha onu göstərir ki,  prezidentimiz cənab İlham Əliyev Azərbaycanın suverenliyi, ərazi bütvlüyü uğrunda canından, sağlamlığından keçən vətəndaşlarımıza qarşı diqqət və qayğısını heç zaman əsirgəmir.

Çıxışlardan sonra döyüş tapşırığını yerinə yetirərkən xüsusi fərqlənən hərbi qulluqçular Azərbaycan QMƏVŞAİB-in təsis etdiyi «Vətən Naminə» medalı ilə təltif edildilər.

Holcim Azərbaycan ASC-nin kollektivinin gətirdiyi hərbi hissənin ehtiyaclarını ödəyə biləcək avadanlıqlar komandanlığa təhvil verildi.

Qaradağ rayonu məktəblilərinin «Salam, əsgər!» məktubları və hədiyyələr əsgərlərə verildi.

Daha sonra konsert proqramı olmuş, ziyarət iştirakçıları əsgərlərlə birlikdə rəqs etmişlər.

Tədbirin sonunda nümayəndə heyəti cəbhə bolgəsinin ön xəttində əsgərlərin müdafiə mövqeləri ilə tanış olmuş, onlara şərəfli xidmətlərində uğurlar arzulamışlar.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок