Son Xəbərlər:
Moskvada Rusiya Azərbaycanlılarının I Forumu

Moskvada Rusiya Azərbaycanlılarının I Forumu

 

Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun təşkilatçılığı ilə  Moskvada Rusiya Azərbaycanlılarının I Forumu işə başlayıb.

«Prezident Hotel»də keçirilən toplantıya Moskvada və Rusiyanın bir çox federasiya subyektlərində fəaliyyət göstərən Azərbaycan diaspor qurumlarının rəhbərləri və təmsilçiləri qatılıb. Forumun qonaqları sırasında Rusiyanın elmi, siyasi elitasına daxil olan alimlər, hüquqşünaslar, iş dünyasının təmsilçiləri də var.

Yığıncağı açan professor Tofiq Rzayev uzun zamandan sonra Rusiya azərbaycanlılarının geniş tərkibdə bir araya gəlməsini böyük tarixi gün adlandırıb. Alim bildirib ki, nüfuzlu şəxslərin bir araya gəlməsi azərbaycanlaların uzun illər yaşadıqları, elm, iş, mədəniyyət dünyasının bir parçasına çevrildikləri Rusiya Federasiyasında soydaşlarımızı bir çətir altında birləşdirən sanballı diaspor qurumuna ehtiyac yarandığının göstəricisidir.

Daha sonra Ceyhun Əliyevin məruzəsi dinlənib. O, iki ölkə arasında münasibətlərin tarixindən və bu günündən söz açıb, əlaqələrin dərinləşməsi üçün əməkdaşlıq perspektivlərindən danışıb.

2018-ci il seçkisindən prezidentliyə namizəd, Rusiya Dövlət Dumasının 6-cı çağırış deputatı, “Çestno” Partiyasının sədri Roman İvanoviç Xudyakov Rusiya azərbaycanlılarının ölkə həyatındakı önəmindən danışıb: “Rusiyada 2 milyondan çox azərbaycanlı yaşayır və ölkəmiz üçün çox gözəl nümunələr yaradır. İş dünyasında, sosial sahədə nə qədər uğurlu layihələr varsa, onların çoxu azərbaycanlı qardaşlarımızındır. Bu həm də ölkəmiz üçün nəhəng investisiya deməkdir. Ancaq bizim əsrlər boyu davam edən dostluq, mehriban birgəyaşayış fəlsəfəmiz üçün sadəcə azərbaycanlılara investisiya qaynağı kimi baxılması çox azdır. Sizin səsiniz siyasətdə də eşidilməlidir. Bu yaxınlarda Moskva şəhər Dumasına seçki keçiriləcək. Azərbaycanlıların 2 namizədi var və mən buna çox sevinirəm. Düşünürəm ki, azərbaycanlılar dövlət Dumasında da təmsil olunmalıdırlar. Bunun üçün həm Moskvada, həm Federasiya subyektlərində uğurlu iş təcrübəsi olan azərbaycanlıların daha fəal olmaları, bir parçası olduqları Rusiya cəmiyyətinin siyasət dünyasına inteqrasiya etmək üçün daha qətiyyətli addımlar atmalıdırlar”.

Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin sədri Mehdi Mehdiyev toplantı iştirakçılarına Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsini təklif edib. Daha sonra o, Azərbaycanın barış siyasətinə, mehriban qonşuluq münasibətlərinə xüsusi önəm verməsindən danışıb: “Sovetlər Birliyi dönəmində bizim hamımızın böyük bir vətənimiz vardı. Bu vətəndə yaşayan hər bir xalq İkinci Dünya savaşinda birlikdə mübarizənin necə böyük nəticələr verdiyini sübut elədi. Ancaq tarixin sonrakı dönəmində siyasət bizi ayırdı. Bir zamanlar Əfqanıstanda eyni cəbhədə vuruşanlar qarşı səngərlərdə bir-birinə qarşı döyüşdü. Azərbaycan xalqı savaş istəmir. Biz ərazi bütövlüyümüzü təmin etmək, qonşularla dost kimi yaşamaq istəyirik. Düşünürəm ki, Rusiya ilə regionda sağlam əməkdaşlığımız bizi bu hədəfimizə çatdıracaq”.

Novosibirskdəki Azərbaycan diasporunun rəhbəri Mirkazım Seyidov diaspor rəhbərlərini Rusiyanın ictimai-siyasi həyatında daha fəal olmağa çağırıb: “Uzun illər Rusiyada yaşamağımıza baxmayaraq, biz dilimizi, milli düşüncəmizi qoruyub saxlamışıq və bu gün bizi bir araya gətirən həmin düşüncədir. Rusiya ilə Azərbaycan arasıda münasibətlər tarixin müxtəlif dönəmlərində fərqli olub. Ancaq xalqlar arasında əlaqələr hər zaman yüksələn xətt üzrə inkişaf edib. Azərbaycanlılar, onların bacarığı, potensialı bu ölkəyə hər zaman xeyir verib. Biz öz fəaliyyətimizlə Rusiyanın dəyərinə çevrilmişik. Hesab edirəm ki, biz hamımız, bu gün bu zalda olan diaspor rəhbərləri Rusiyanın siyasət dünyasına da nüfuz etməli, yaşadığımız ölkədə tolerantlıq və yüksək mədəniyyət sahibi olan soydaşlarımızın maraqlarını daha güclü qorumalıyıq”.

Akademik Zahid Qocayev çıxışında yeni dünyanın trendlərinə toxunub:“Azərbaycanlılar hər zaman Rusiyanı səmimi bir məhəbbətlə sevib. Ancaq indiki süni intellektlə idarə olunan dünyada səmimi münasibətlərlə uzaq hədəflərə çatmaq olmaz. Dünya çox sürətlə dəyişir və biz bu sürətlə ayaqlaşmalıyıq. Güclü olmaq məcburiyyətindəyik. Texniki və intellektual yüksəliş olmadan biz dünyanın nəbzini tuta bilmərik. Düşünürəm ki, yeni yaratdığımız birlikdə intellektuallar üstünlük təşkil edəcək və bunun sayəsində hədəflərimizi düzgün müəyyən edə biləcəyik”.

Təsis konfransına Rusiya Federasiyasının 56 regionunu təmsil edən diaspor qurumlarının təmsilçiləri qatılıb. Qərara alınıb ki, 3 ay ərzində Rusiya qanunvericiliyinə uyğun olaraq hazırlıq işləri keçirilsin, Nizamnamə hazırlansın və qurultay təyin olunsun. Bundan başqa Nizamnamənin bəndlərinin təsisçi təşkilatların hüquqşünasları tərəfdindən onlayn qaydada müzakirə ediləcəyi təklifi qəbul edilib.

İdarə heyətinə Fizuli Məmmədov, Tofiq Rzayev, Mirkazım, Elşən Əliyev, Akil Mikaylov, Mais Cəfərov, Aydın Mehtiyev, Zahid Qocayev, Əli Kazımovun namizədliyi irəli sürülüb.

Daha sonra Rusiya Azərbaycanlıları İttifaqının prezidentliyinə namizədlər irəli sürülüb. Ceyhun Əliyev bu posta Dünya Azərbaycanlıları İttifaqının və Dünya Azərbaycanlıları Mədəniyyət Fondunun prezidenti Fizuli Məmmədovun namizədliyini irəli sürüb. Səsvermə ilə təklif olunan struktur qəbul olunub. Daha sonra Fizuli Məmmədov yekdilliklə Rusiya Azərbaycanlıları  İttifaqının prezidenti seçilib.

Forum davam edir. Forumun canlı translyasiyası eksklüziv olaraq Yeni Müsavat Media Qrupuna həvalə olunub.

Aygün Muradxanlı, Musavat.com,

Moskva.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок