Son Xəbərlər:
Milli Qəhrəman Elşad Əhədovun döyüş yolu

Milli Qəhrəman Elşad Əhədovun döyüş yolu

2019-cu il iyulun 15-i Azərbaycanın Milli Qəhrəmanı Elşad Əhədovun xatirəsi doğulduğu Masallı rayon Təzə Alvadı kəndində anıldı.

Tədbir Masallı rayon İcra Hakimiyyəti, SHXÇDX və Azərbaycan QMƏVŞAİB-in  təşkilatçılığı ilə baş tutdu.

Tədbir iştirakçıları ilk öncə Şəhidlər parkında Milli Qəhrəmanın abidəsini ziyarət etdilər. Abidənin önünə gül dəstələri düzülmüş,  ruhuna dualar oxunmuşdur.

Milli Qəhrəman Elşad Əhədov adına 1 saylı tam orta məktəbdə davam edən tədbirdə Dövlət Himni səslənmiş, E. Əhədovun və digər şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilmişdir.

Azərbaycan QMƏVŞAİB-in sədri, ehtiyatda olan polkovnik, “Azərbaycan Bayrağı” ordenli Mehdi Mehdiyev qəhrəmanın həyat və döyüş yolundan danışdı. O, dövlətimizin Milli Qəhrəmanlar, torpaqlarımız uğrunda şəhid olanların ailələrinə qayğısından danışaraq bildirdi ki, Elşad Əhədovun anım və doğum günlərinin hər il ictimaiyyət tərəfindən qeyd olunması, onun xatirəsinin əbədiləşdirilməsi dövlətimizin bu kateqoriyadan olan insanlara qayğısının bir nümunəsidir.

Sonra E.Əhədovun kursant  yoldaşı olmuş Mehdi Mehdiyev Ukraynanın Kamenets-Podolsk Ali Hərbi Komandanlıq  Məktəbinin 50 illik yubiley medalını Milli Qəhrəmanın oğlu Elşən Əhədova təqdim etdi.

Milli Qəhrəmanın kursant yoldaşları – ictimai birliyin sədr müavini, ehtiyatda olan polkovnik-leytenant Aris Məmmədov, polkovnik-leytenant Adil Ağayev, ehtiyatda olan mayor Valeh İmanov, döyüşçü dostları Maşalla Əliyev, Camaləddin Məmmədov Elşad Əhədovun Qarabağ müharibəsində göstərdiyi şücaətdən, onun döyüş bacarığından söz açaraq erməni işğalçıları tərəfindən zəbt olunmuş ərazilərimizin Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə geri qaytarılacağı və şəhidlərimizin qisasının alınacağı günün uzaqda olmadığını bildirdilər.

MƏSQ veteranlar təşkilatı Masallı şöbəsinin sədri Məmmədağa Şiriyev, SHXÇDX-nin Cəlilabad rayon şöbəsinin rəisi Nizami Nəbiyev, şair Qəni Bəxtəvər, Milli Qəhrəmanlar Birliyinin sədr müavini, E.Əhədovun sinif rəhbəri olmuş Yavər Yusubov çıxış edərək igid həmyerlilərinin döyüş şücaətindən söz açdılar. Onlar məktəbliləri Elşad kimi vətənpərvər olmağa çağırdılar.

Milli Qəhrəmanın oğlu Elşən Əhədov öz çıxışında tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Sonda şagirdlərin iştirakı ilə Milli Qəhrəmana həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim edildi.

Tədbirdən sonra şəhidin ailəsi ziyarət olundu. Çay süfrəsi arxasında ictimai birliyin idarə heyətinin nümayəndələri şəhidin ailə üzvlərinin məişət problemləri ilə maraqlanmış, gələcəkdə də onlara dəstək olunacağı bildirilmişdir.

Məlumat üçün qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elşad Saday oğlu Əhədov 4 mart 1968-ci ildə Masallı rayonunun Təzə Alvadı kəndində dünyaya göz açıb. 1975-ci ildə burada birinci sinifə gedib, 1982-1985-ci illərdə C.Naxçıvanski adına Hərbi litseydə təhsil almş, 1985-1989-cü illərdə Ukraynanın Kamenets-Podolsk Ali Hərbi Komandanlıq Məktəbini bitirərək leytenant hərbi rütbəsi almışdır.

1989-1992-cu illərdə Sovet Ordusu tərkibində bölük komandiri vəzifəsinə yüksəlmişdir. 1992-ci ilin avqust ayında vətənə dönmüşdür.  Ön cəbhədə olan N saylı hərbi hissənin mühəndic-istehkam bölüyünün komandiri vəzifəsinə təyin edilmişdir.

O, erməni işğalçılarının Azərbaycan torpaqlarına hücumundan hiddətə gəlmişdi. Bir komandir kimi qazandığı hərbi təcrübəni öz xalqının bu təcavüzdən qorunmasına sərf etmək istəyirdi. Gənc zabitin döyüş yolu Füzuli rayonu ərazisindən başlayır və sonra bu yol Daşburun, Nərgiztəpə, Aşağı Veysəlli və Şişqayaya keçir. Elşad Əhədov Beyləqanın müdafiəsində böyük rəşadət göstərir. Onun minaladığı sahəyə 8 düşmən tankı və onlarla erməni yaraqlısı düşərək məhv edilir. Son döyüşü 11 dekabr 1993-cü ildə Ağdaş yüksəkliyi uğrunda olur. Onun rotası hücuma keçir. Sayca iki dəfə çox olan erməni quldurları hücumun qarşısını almaq üçün güclü sədd yaradırlar. Qeyri-bərabər döyüşdə o, ağır yaralanır. Həkimlərin cidd-cəhdinə baxmayaraq, komandirin həyatını xilas etmək mümkün olmur… 11 dekabr 1993-cü ildə o, gözlərini əbədi yumur.

Ailəli idi. İki uşağı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 1993-cü il tarixli Fərmanı ilə Əhədov Elşad Saday oğlu ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib, 16 sentyabr 1994-cü il tarixli 203 saylı fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Təzə Alvadı kəndində dəfn edilib. Kənd orta məktəbi və parkı qəhrəmanın adını daşıyır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок