Son Xəbərlər:
Mehdiabadda şəhid ailələri və Qarabağ əlillərinə mənzillər təqdim edilib

Mehdiabadda şəhid ailələri və Qarabağ əlillərinə mənzillər təqdim edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən Abşeron rayonunun Mehdiabad qəsəbəsində yeni yaşayış binalarından alınmış 72 mənzil şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə təqdim edilib.

ƏƏSMN-dən Trend-ə verilən məlumata görə, mənzillərin təqdim olunması zamanı əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli vurğulayıb ki, ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi Prezident İlham Əliyevin uğurlu sosial siyasətinin prioritetlərindən biridir. Qeyd olunan kateqoriyalara aid vətəndaşların mənzillə təminatı işləri ildən-ilə genişlənir. Dövlətimizin başçısı bir neçə gün öncə — dekabrın 17-də hərbçilərə yeni mənzillərin verilməsi mərasimində çıxışı zamanı bu sahədə görülən işləri qeyd edərək, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün son illərdə minlərlə ev və mənzilin tikilərək təhvil verildiyini bildirib. Prezident “Təkcə bu il 626 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə dövlət tərəfindən mənzillər verilib və gələn il ən azı 800 mənzil veriləcəkdir” deyib.

V.Nəsirli şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinin maddi təminatlarının gücləndirilməsi üçün onların Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri, pensiya və müavinətlərlə təminatının da həyata keçirildiyini, şəhid ailələrinin və müharibə əlillərinin uşaqlarına aylıq sosial müavinət ödənildiyini bildirib. O, həmçinin dövlət başçısının müvafiq Fərmanına əsasən şəhid ailələrinə 11 min manat məbləğində birdəfəlik ödəmənin verildiyini diqqətə çatdırıb. Nazir müavini qeyd edib ki, bugünədək artıq 2897 şəhid hərbi qulluqçu üzrə 3856 vərəsəyə birdəfəlik ödəmənin verilməsi üçün qərarlar qəbul olunub. Həmin qərarlar əsasında müvafiq vəsaitlərin ödənişi davam etdirilir.

Yeni mənzillə təmin olunanları təbrik edən V.Nəsirli növbəti ildə cari ildəkindən çox olmaqla, azı 800 mənzilin şəhid ailələrinin və Qarabağ müharibəsi əlillərinə təqdim olunmasının planlaşdırıldığını bildirib.

Yeni mənzillərlə təmin olunan şəhid ailələri və Qarabağ müharibəsi əlilləri onların sosial müdafiəsinin gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən razılıq ifadə edərək, göstərilən yüksək diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.

Sonra mənzillərin püşkatma qaydasında, obyektiv və ədalətli şəkildə paylanması həyata keçirilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок