Son Xəbərlər:
Mayın 23-ü Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyevin doğum günüdür

Mayın 23-ü Azərbaycanın Milli Qəhrəmanı Yusif Vəli oğlu Mirzəyevin doğum günüdür

Mirzəyev Yusif Vəli oğlu 1958-ci il may ayının 23-də Babək rayonunun Böyükdüz kəndində dünyaya göz açıb. 1975-ci ildə 1 saylı Naxçıvan orta məktəbini bitirib. 1976-cı ildə Naxçıvan Rabitə Qovşağında əmək fəaliyyətinə başlayıb. O, işləyə-işləyə Azərbaycan Dövlət Xalq Təsərrüfatı İnstitutunda (indiki Bakı Dövlət İqtisad Universiteti) ali təhsil alır. 1987-ci ildə həmin institutun mühasibatlıq fakültəsini bitirir və Bakıdakı bankların birində müfəttiş vəzifəsinə təyin edilir.

1988-ci ildə Xalq Hərakatına qoşulur. 1990-cı il 20 Yanvar faciəsi zamanı rus ordusunun əsgərləri ona ağır işgəncələr verir. Lakin bu işgəncələr onu sındırmır, əksinə, daha da mətinləşdirir.

Azərbaycanda baş verən ictimai-siyasi hadisələr, eləcə də Dağlıq Qarabağda ermənilərin törətdiyi qanlı cinayətlər onu bir an belə rahat buraxmırdı. O, 1991-ci ilin sonlarında sakit həyatla vidalaşıb, könüllü olaraq cəbhə bölgəsinə yollanır. Yusif Mirzəyevin ilk döyüşü Ağdərə — Goranboy istiqamətində olur. O, tez bir zamanda xidmət etdiyi briqadanın fəal döyüşçülərindən birinə çevrilir. Komandanlıq onun belə cəsur əsgər olduğunu görüb, briqada komandirinin təchizat üzrə müavini təyin edir.

Yusif Mirzəyev 14 nəfərlik dəstəsi ilə bütün əməliyyatlarda iştirak edirdi. Ağdərədə 17 kəndin alınmasında isə onun müstəsna xidmətləri olub. O, döyüşlərin birində öz dəstəsi ilə mühasirəyə düşür. Lakin çevikliyi və cəldliyi sayəsində heç bir itki vermədən, döyüşçüləri mühasirədən çıxarır.

1993-cü il fevral ayının 19-da Ağdərədə gedən qeyri-bərabər döyüşlərin birində silah yoldaşlarını mühasirədən çıxararkən qəhrəmancasına həlak olub.

Ailəli idi. Bir qızı var.

Azərbaycan Respublikası Prezidentinin 27 mart 1993-cü il tarixli 495 saylı fərmanı ilə Mirzəyev Yusif Vəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.

Naxçıvanda Şəhidlər xiyabanında dəfn edilib. Naxçıvanda yerləşən məktəblərdən biri və Bakının Nəsimi rayonundakı 44 saylı orta məktəb qəhrəmanın adını daşıyır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок