“Mən yer üzündə müəllimdən yüksək ad tanımıram”

Ümummilli Lider Heydər Əliyev:

Mən yer üzündə müəllimdən yüksək ad tanımıram. Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı naminə vicdanla işləməyi müdrikliklə və səbrlə bizə öyrətmiş və öyrədir.

Hər birimizin öz müəllimi vardır və biz bütün ömrümüz boyu onun xatirəsini hörmətlə, minnətdarlıqla qəlbimizdə yaşadırıq.

Müəllim müqəddəsdir, bütün dövrlərdə bu peşə sahiblərinin üzərinə böyük vəzifələr düşüb. İnsanlara bilik vermək, elm öyrətmək kimi mühüm vəzifənin öhdəsindən onlar gəlir.

Müəllimlər Cəmiyyətin memarıdır desək, yəqin ki, yanılmarıq.

Hər bir peşə sahiblərinin, məmurların, din xadimlərinin, fəhlələrin və işsizlərin arasında yaxşısı və pisi tarixən olub və olmaqdadır. Bunlar hamısı bizim cəmiyyətin üzvləridir və sağlam, vətənpərvər insanların üzərinə düşən vəzifələrdəndə biri ən azı ictimai qınaqla neqativ halları aradan qaldırmaqdır.

Sosial şəbəkələrdə 9 fevral 2020-ci il tarixində keçirilən növbədənkənar parlament seçkiləri zamanı baş vermiş bir sıra neqativ halları əks etdirən video və foto görüntülər paylaşaraq sözügedən qanunsuzluqların baş verməsində dövlət müəssisələrinin rəhbərlərinin, işçilərinin, o cümlədən müəllimlərində iştirak etdiyi əks olunur.

Qeyd etdiyim kimi müəllimdə bizim cəmiyyətin üzvüdür və onların yaxşısıda, pisidə bizimdir. Saxtakarlıqda məcburən iştirak edən müəllimlərin sayı saxtakarlıq edən vəzifəli şəxslərdən dəfələrlə azdır. Ancaq müəllimlər müdafiəsiz olduğuna görə sosial şəbəkələrdə qınağa çevrilmişlər.

Təhsil Nazirliyinin öz müəllimlərinə biganə qalması müəllimləri ruhdan salır, şagirdlərin qarşısına utana-utana çıxırlar. Gəlin müəllim adının müqəddəsliyini qoruyub saxlayaq, müəllimləri saxtakarlığa cəlb edənlərdən qoruyaq. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cənablarının apardığı islahatlara dəstək olaq, ictimai nəzarətimizi artıraq.

Allah Azərbaycanımızı qorusun.

Aris Məmmədov

VətənNaminə.az saytının baş redaktoru.