Son Xəbərlər:
Lənkəranda əlil Qarabağ qazilərimizin tanınması məsələsi müzakirə olunub

Lənkəranda əlil Qarabağ qazilərimizin tanınması məsələsi müzakirə olunub

2019-cu il iyulun 3-də “Yayım” Assosiasiyası ictimai birliyinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Qarabağ savaşında əlil olan qazilərimizin tanınması və gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə dair tədbirlərin təşkili” layihəsinin icrası ilə bağlı toplantı keçirilib. Toplantıda layihə üzvləri, ekspertlər, tədbirin keçirildiyi Lənkəran rayonunun Viravul kənd 1 saylı və Vilvan kənd orta məktəblərinin pedaqoji kollektivləri, KİV və ictimaiyyət nümayəndələri iştirak edirdilər.

Toplantını giriş sözü ilə açan layihənin koordinatoru, “Yayım” Assosiasiyası ictimai birliyinin sədri Yaşar Zeynalov həyata keçirilən layihənin icra durumu, qarşılaşdıqları problemlər və bu problemlərin həlli istiqamətində görülən tədbirlər barədə danışıb. O bildirib ki, layihənin icrasında bütün müvafiq təşkilatlar yaxından köməklik göstəriblər. Buna görə də o, keçirilən tədbirlərdə fəal iştirak edənlərə Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və “Yayım” Assosiasiyası ictimai birliyi adından iştirakçılara təşəkkürünü bildirdi.

Viravul kənd 1 saylı orta məktəbinin direktoru Azər Rəcəbli layihənin mahiyyətini alqışlayaraq növbəti dərs ilində belə tədbirlərin birgə keçirilməsində maraqlı olduğunu qeyd etdi.

Lənkəran şəhər Təhsil şöbəsinin aparıcı mütəxəssisi Cəmil Axundzadə “Yayım” Assosiasiyası ictimai birliyinin son üç ildə rayonda həyata keçirdiyi layihələrin müsbət aurasının təmsil etdiyi qurumun diqqətini çəkdiyini və yaxın günlərdə təşkilata rəsmi surətdə təşəkkür olunması məsələsinə baxılacağını bildirdi.

Qarabağ qazilərindən Malik Əhədov və Zəki Əhədli çıxışlarında “Yayım” Assosiasiyası ictimai birliyinin növbəti layihələrində də məmnuniyyətlə iştirak edəcəklərini vurğuladılar.

Tədbirin sonunda “Yayım” Assosiasiyası ictimai birliyi adından layihənin icrasında fərqlənənlərə təşəkkürnamə və layihənin mövzusu ilə bağlı esse yazan 4 məktəbliyə diplom təqdim edildi.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок