İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsi davam edir

Noyabrın 25-də Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyi (VMGİB) 62 saylı məktəb-liseydə Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini həyata keçirmişdir.

İlk olaraq tədbiri giriş sözü ilə açan məktəbin direktoru Mətanət Cabbarova tədbirə qatılan QHT və mətbuat nümayəndələrinə, xüsusilə də, layihəni həyata keçirən Vətənpərvər Maarifçi Gənclər İctimai Birliyinə (VMGİB) öz minnətdarlığını bildirərək sözü VMGİB-in sədri Dyanət Həsənova vermişdir. VMGİB-in sədri öz növbəsində məktəb-liseyin müdiri Mətanət Cabbarovaya, müəllim və şagird kollektivinə layihənin həyata keçirilməsinə şərait yaratdıqları üçün birlik adından təşəkkürünü bildirdi. Təhsil Nazirliyinə və Bakı şəhər Təhsil idarəsinə hər zaman layihələrin məktəblərdə həyata keçirlməsinə müsbət rəy bildirdiklərinə görə VMGİB rəhbəri xüsusi təşəkkür bildirdi. Nəsimi ili haqda danışarkən, D.Həsənov bildirdi ki, İmadəddin Nəsiminin Azərbaycan ədəbi mühitinə verdiyi töhvələr misilsizdir. Nəsimi Azərbaycan xalqının milli sərvətidir! Onun şeir və qəzəlləri hər zaman öz fəlsəfi anlamıyla ədəbiyyatşunasların diqqətini cəlb etmişdir.

Daha sonra VMGİB rəhbəri layihə haqda geniş məlumat üçün sözü VMGİB-nin təsisçisi, layihə rəhbəri Nəsimi Qarabağlıya vermişdir. N.Qarabağlı layihə haqda şagirdlərə ətrafll danışaraq bildirmişdir ki, bu il böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650-ci ilinin tamam olması münasibətilə, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev 2019-cu ili “Nəsimi ili” elan edib. Elə bu səbəbdən dövlət və qeyri-dövlət qurumlarında, “Nəsimi ili”nə həsr edilmiş bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulub. VMGİB-də bundan çıxış edərək, Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasına “Yeniyetmə və gənclərin iştirakı ilə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirlərin təşkili” layihəsini təqdim etmiş və layihə Şura tərəfindən dəstəklənmişdir. Layihə rəhbəri bildirmişdir ki, layihənin məqsədi şagirdlərlə birgə Nəsimi şeriyyatına, qəzəllərinə və onun həyat və yaradıcılığına daha yaxın olaraq onun bədii və fəlsəfi fikirlərindən, ömrünün sonuna qədər heç bir tərəddüd etmədən “Ən əl-həq” deyənlərin yolu ilə gedərək əqidəsindən dönməməsindən və onun Azərbaycan ədəbiyyatına miras qoyduğu zəngin ədəbi şeir-qəzəl dünyası ilə tanış olmaqdır. Layihə ilə bağlı fikir bildirmək üçün N.Qarabağlı Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri, jurnalist Mətanət Əsgərqızına çıxış üçün söz verdi. M.Əsgərqızıda öz növbəsində dəvət üçün VMGİB rəhbərinə və layihə rəhbərinə öz minnətdarlığını bildirdi.

Daha sonra təşkilat tərəfindən şagirdlərin birgə hazırladıqları Nəsimi yaradıcılığına və həyatına həsr edilmiş yazılar, şagirdlərin və müəllimlərin ifasında Nəsimi qəzəlləri “Hardasan”, “Ağrımaz”, “Yanaram”, “Məndə sığar iki cahan” və başqaları səsləndirilmişdir. Tədbirdə Nəsimi yaradıcılığı ilə bağlı diskussiyalar aparılmışdır.

Fəal şagirdlərdən Xəlilova Pərvin, Əliyeva Lalə, Hacızadə Arzu, Əlizadə Nigar, Ağamalıyev Bayram, Abdullayeva Nigar VMGİB-in Fəxri Fərmanları ilə təltif edildilər.

Layihə çərçivəsində hazırlanmış bukletlər, qeyd kitabçaları və qələmlər şagirdlərə hədiyyə edildi.

Dəvət olunan digər QHT-lər, “Dünya Azərbaycanlılarının Vətənpərvərləri” İB, “İnformasiya Təşəbbüslərinə Dəstək” İB, “Çanaqqala” elmi-humanitar İB, “Ədib” İB və media nümayəndələrinin də iştirak etdikləri layihə öz işgüzarlığı ilə yadda qaldı.

Çay süfrəsi arxasında diskussiya şəklində 62 saylı məktəb-liseydə davam etdirilən tədbir sonda şagirdlərlə birgə xatirə şəkilləri çəkdirilərək yekunlaşdı.

Layihə davam edir.