Son Xəbərlər:
İGİDLİK SƏLNAMƏLƏRİ: Asəfin xatirələri

İGİDLİK SƏLNAMƏLƏRİ: Asəfin xatirələri

Asəf Arif oğlu Səfərovun qısa tərcümeyi-halı ilə tanış olaq. 1970-ci il dekabrın 25-də Tərtər (Mirbəşir) rayonunun İlxıçılar kəndində doğulub. Ilk təhsilini Səhlabad kənd tam orta məktəbində almış, 8-ci sinifdən sonra isə 96 nömrəli texniki peşə məktəbində oxumuşdur. 1989-cu ildə peşə məktəbini traktorçu-maşinist ixtisası ilə bitirib. Elə həmin il həqiqi hərbi xidmətə çağırılıb. O, əsgəri xidmətini Çita şəhərində keçib. 1991-ci ildə ordudan qayıdıb. Həmin illərdə vətənimizin göylərini qara buludlar aldığından özünümüdafiə batalyonlarına qoşulur.

Asəf 1992-ci ilin iyul ayında Ağdam, sentyabr ayının 18-dən isə Tərtər batalyonuna daxil edilir və Ağdərədən Vəngə kimi döyüş yolu keçir. O, döyüş günlərini həyəcansız xatırlamır. Özü yaralanmış, amma gözləri qarşısında döyüş yoldaşlarının necə şəhid olduğunu ürək ağrısı ilə yad edərkən öz yaralarını tamam unudur. Asəfin xatirələrindən:

– 1993-cü il dekabrın 28-də “Triqolnik” deyilən ərazidə döyüş gedirdi. Qəflətən sol qolumun altından güllə yarası aldım. Məni al-qan içində Tərtər hospitalına götürdülər. 2 ay müalicə olunduqdan sonra yenidən döyüşə qayıtdım.

Yenə də döyüş əməliyyatı üçün tapşırıq almışdıq. Rəhmətlik Vəzir Orucovla birlikdə əmri yerinə yetirmək üçün bir neçə nəfərlə “Turbaza” istiqamətinə yollandıq. Meşənin içi ilə qabaqda Vəzir, arxasınca da biz irəliləyirdik. Tam sakitlik idi. Vəzir bu sakitlik içərisində nəyinsə baş verəcəyini hiss etmişdi. İşarə ilə hamımıza ehtiyatlı olmağa çağırdı. Heç 10-15 dəqiqə çəkmədi ki, güclü atışma başladı. Bölmənin həkimi də bizimlə birlikdə idi. Azğın ermənilər onu başından vurdular. Vəzir tapşırıq verdi ki, həkimin meyiti çıxarılmalıdır. Elə də etdik, meyiti çox çətinliklə də olsa, çıxarıb təcili yardım maşınına təhvil verdik.

O zamanlar çox çətin günlər idi. Elə olurdu ki, aylarla evə gedə bilmirdik. Atam məndən xəbər tutmaq üçün döyüş ərazisindən gətirilən meyitlərin arasında məni axtarırdı…

Asəflə söhbət etdikcə o ağır günlərin acısını sanki indi yaşayırdı. Komandirlərinin – Asim Qasımovun, Tahir Mehdiyevin igidliklərindən ağızdolusu söz açırdı, Tahir Mehdiyevin şəhid olduğu anı xatırlayırdı…

“Artıq qanlı-qadalı günlər arxada qalıb. Lakin o günlərin ağrı-acısı hələ də yaşanmaqdadır. Işğal olunmuş torpaqlarımız hələ düşmən əlindədir, həm də döyüş zamanı aldığımız yaraların əziyyətini çəkirik. Lakin bütün çətinliklərə baxmayaraq, indi də lazım gəlsə, vətənimiz, torpağımız üçün canımızdan keçməyə hazırıq” – deyir Asəf.

Qarabağ müharibəsi veteranı Asəf Səfərov hazırda Tərtərçay hidroqovşağı istismarı idarəsində nəzarətçi işləyir. 3 övladı var. Arzusu bütün uşaqların müharibəsiz şəraitdə firavan və rahat həyat yaşamasıdır.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок