Son Xəbərlər:
“İcma Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişafı Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində Lənkəranda məlumatlandırma görüşü keçirilmişdir

“İcma Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişafı Strategiyası olaraq Təşviqi” layihəsi çərçivəsində Lənkəranda məlumatlandırma görüşü keçirilmişdir

“Yerli İdarəetməyə Yardım” ictimai birliyindən vetennamine.az saytına verilən məlumata görə Avropa İttifaqının maliyyə yardımı ilə “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin reallaşdırdığı “İcma — Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişafı Strategiyası olaraq Təşviqi” adlı layihə çərçivəsində 2018-ci il aprelin 17-də məlumatlandırma görüşü ilk olaraq Lənkəran rayonunda təşkil edilmişdir.

Tədbirdə kənd təsərrüfatının müxtəlif istiqamətləri və turizm sahəsində çalışan sahibkarlar, yerli bələdiyyələr və aqroturizm sahəsi ilə maraqlanan digər şəxslər iştirak etmişdir.

Tədbiri layihə rəhbəri Vamiq Babayev giriş sözü ilə açaraq, təşkilat və layihə haqqında məlumat vermişdir. Həmçinin layihənin sahibkarlara göstərəcəyi təsiri, layihənin onlara yaradacaq imkanları və qurulacaq əməkdaşlıqları qeyd etmişdir. Daha sonra layihənin cənub regionu üzrə koordinatoru Rafət Şirəliyev aqroturizm, aqroturizmin faydaları, digər ölkələrin təcrübələri və layihə çərçivəsində hədəf seçilmiş rayonların aqroturizm imkanları haqqında sahibkarlara məlumat vermişdir.

Tədbirdə iştirak edən sahibkarlar Mustafayev Murtuza, Həsənov Elxan, İbadov Natiq və digərləri fikirlərini bölüşmüş, layihənin region üçün vacibliliyini bildirmişlər. Onlar qeyd etdilər ki, bu layihə sayəsində həm aqrar sahənin inkişafı, həm də turizm imkanları genişlənəcəkdir. Sahibkar olaraq bu fəaliyyətə maraqlı olduqlarını və aqroturzim fəaliyyətində layihə ilə əməkdaşlıq etməyə hazır olduqlarını bildirmişlər.

Məlumat üçün bildiririk ki, mahiyyətcə eyni olan tədbir bu gün Quba rayon kənd təsərrüfatı sahibkarları üçün də təşkil olunmuşdur.

Layihənin həyata keçirilməsində məqsəd layihə üçün hədəf olaraq seçilmiş rayonlarda (Quba, Qusar, Şabran, Siyəzən, Xaçmaz, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı aqroturizmi inkişaf etdirmək, kənd təsərrüfatı və turizm sektoru arasında əlaqələri gücləndirməklə iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir. Layihənin icrası 2017-ci il noyabrın 10-dan 2020-ci il iyunun 10-dək (32 ay) olan dövrü əhatə edir.

Layihəni yerlərdə icra edəcək partnyor təşkilatlar cənub bölgəsi üzrə “Şəfəq” Ekoturizm ictimai birliyi, şimal bölgəsi üzrə isə “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” ictimai birliyidir.

Əlaqə vasitələri:
Vamiq Babayev, layihə rəhbəri
“Yerli İdarəetməyə Yarıdım” İctimai Birliyi
E-mail: vamig@lga.az
Mob.: +99455 719 20 68

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок