Son Xəbərlər:
Hansı şəhid ailələri 11 min manat ala biləcək?

Hansı şəhid ailələri 11 min manat ala biləcək?

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən Pərviz Cəfərli 19 aprel tarixində şəhid ailələrinə 11 min manat pul verilməsini təmin edən prezident fərmanı ilə bağlı bəzi məqamları Axar.az oxucularına aydınlaşdırıb.

— Prezidentin imzaladığı fərmanla bağlı nazirlikdə yaradılmış xüsusi komissiya işini yekunlaşdırıb?

— Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində yaradılmış Komissiya tərəfindən müvafiq işlər hələ davam etdirilir. Ancaq Komissiya Fərmanda nəzərdə tutulan şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmələrin (11 min manat) verilməsi mexanizmini müəyyən edən Qaydaların layihəsini artıq hazırlayıb.

— Şəhid ailələri onlar üçün nəzərdə tutulmuş vəsaiti hansı formada ala biləcəklər?

— Qaydalar birdəfəlik ödəmələrin verilməsi prosesinin elektron qaydada və tam şəffaf şəkildə həyata keçirilməsinə imkan verəcək.

— Başçısı şəhid olan ailənin övladlarından biri 2-ci qrup əlildir. Belə halda birdəfəlik ödəniş şəhidin həyat yoldaşı, övladlarına veriləcək, yoxsa şəhidin valideynlərinə?

— İlk növbədə bildiririk ki, ailədə əlil şəxsin olub-olmamasının birdəflik ödəmələrin verilməsi məsələsinə heç bir təsiri yoxdur.

— Bəs vəsait hansı qaydaya əsasən və konkret olaraq ailə üzvləri dedikdə kimlərə veriləcək?

— Birdəfəlik ödəmələr şəhid hərbi qulluqçunun vərəsələrinə onların notarial qaydada təsdiq edilmiş vərəsəlik hüququnu təsdiq edən sənəd əsasında veriləcək.

— Konkret hansı sənədlər tələb edilir həmin pulu ala bilmək üçün?

— Birdəfəlik ödəmə şəhid hərbi qulluqçuların vərəsələrinə onların müraciəti və notariat qaydasında təsdiq olunmuş aşağıdakı sənədlər əsasında verilir:

* hərbi qulluqçunun ölümü haqqında şəhadətnamə;

* hərbi qulluqçunun ölmüş elan edilməsi haqqında məhkəmə qərarı;

* birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin vərəsəlik hüququnu təsdiq edən sənəd;

* birdəfəlik ödəməni almaq üçün müraciət etmiş şəxsin bank hesabı nömrəsinə dair arayış.

— Fərmandan sonra əksər şəhid ailələri birdəfəlik ödəniş alacaqlarını hesab edirlər. Bəs konkret olaraq hansı şəhid ailələrinə şamil edilir bu fərman?

— Bir daha aydınlıq üçün deyək ki, birdəfəlik ödəmələr ancaq 1997-ci il avqustun 2-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların vərəsələri üçün nəzərdə tutulub.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок