Son Xəbərlər:
Hərbi qulluqçular müəllimləri peşə bayramları münasibətilə təbrik etmək üçün Cocuq Mərcanlıda olublar

Hərbi qulluqçular müəllimləri peşə bayramları münasibətilə təbrik etmək üçün Cocuq Mərcanlıda olublar

Müdafiə Nazirliyinin və cəbhə bölgəsindəki hərbi birliyin bir qrup hərbi qulluqçusu Beynəlxalq Müəllimlər Günündə Cəbrayıl rayonunun Novruz Aslanov adına Cocuq Mərcanlı kənd tam orta məktəbində olublar.

Səmimiyyətlə qarşılanan hərbi qulluqçular əvvəlcə yeni inşa edilmiş məktəb kompleksinin dəhlizindəki fotoguşələr, dərs otaqları və fənn kabinələri ilə tanış olublar.
Məktəbin pedaqoji kollektivi ilə keçirilən görüşdə Müdafiə Nazirliyinin zabiti, Əməkdar İncəsənət xadimi, prezidentin fərdi təqaüdçüsü Abdulla Qurbani müəllimləri Müdafiə Nazirliyinin rəhbərliyi adından peşə bayramları münasibətilə təbrik edərək onlara düşmənin bir neçə kilometrliyində yerləşən məktəbdə dərs deməyin böyük fədakarlıq olduğunu xatırladıb və çətin, məsuliyyətli, eyni zamanda şərəfli fəaliyyətlərində uğurlar arzulayıb.
Qeyd olunub ki, xalqımızın ümummilli lideri Heydər Əliyevin xeyir-duası və Azərbaycan Ordusunun şücaəti ilə 1994-cü ilin yanvarında Füzuli rayonunun 22 yaşayış məntəqəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi erməni işğalından azad edilsə də 23 il keçməsinə baxmayaraq bu kənddə hələ də yaşayış bərpa edilməmişdi.

2016-cı ilin məlum aprel döyüşlərindən sonra düşmən caynağında olan yüksəkliklər azad edildikdən sonra bu ərazilər ordumuzun tam nəzarətinə keçmişdir. Yalnız bundan sonra Azərbaycan Prezidentinin sərəncamı ilə Cocuq Mərcanlıda bərpa quruculuq işləri başlamış və böyük qayıdış konsepsiyasının ilk köçü doğma yurd yerinə qayıtmışdır.
Möhtərəm prezidentimiz İlham Əliyevin şəxsən iştirakı ilə Cocuq Mərcanlı kəndi xarabalıqları üzərində qurulmuş yeni yaşayış məntəqəsinin və bir çox obyektlərin, eləcə də kənd tam orta məktəbinin açılışı olmuş, uzun illərdən sonra məktəbdə ilk zəng çalınmışdır.
Polkovnik Elşad Əbilov Silahlı Qüvvələrin şəxsi heyətinin bayram təbrikini məktəbin pedaqoji kollektivinə çatdıraraq müəllimlərə hədiyyə və A.Qurbaninin “Lələtəpə fatehləri” kitabını təqdim edib.

Görüşdə aprel döyüşlərinin iştirakçılarından Seymur Həbibullayev, Rövşən Rəhimov, Emil Əhmədov və başqaları çıxış ediblər. Onlar Vətən torpaqlarının keşiyində bundan sonra da ayıq-sayıq dayanacaqlarını bildirərək müəllimlərə gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi işində uğurlar arzulayıblar.

Müəllimlərdən Səidə Quliyeva, Raya Abbasova, Leyla Maqsudova, Gülarə İbrahimova, icra hakimiyyətinin nümayəndəsi Xanlar Zeynalov və başqaları göstərilən diqqət və qayğıya görə minnətdarlıq ifadə ediblər.

Tədbirin sonunda məktəblilər Vətəni və Azərbaycan Ordusunu tərənnüm edən şerlər söyləyiblər.

Xəbər Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок