Hərbi ekspert: “Hərbçilərin əməkhaqqı hər il artırılır”

“Qısa zaman ərzində Azərbaycan Ordusunun maddi-texniki və tibb təminatı, silahlanması və hərbi qulluqçuların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində xeyli irəliləyişlər əldə edilib”.

Bunu BiG.AZ-a açıqlamasında “Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə” İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

O xatırladıb ki, 2011-ci ilin dekabrın 28-də Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri barədə” fərman imzalanıb: “Həmin fərman Silahlı Qüvvələrdə xidmət edən hərbi qulluqçuların əməkhaqlarının davamlı olaraq artırılmasına, verilən imtiyaz və güzəştlərin miqyasının genişləndirilməsinə, onların ailə üzvlərinin də sosial müdafiəsinin gücləndirilməsinə, mənzil-məişət problemlərinin həll edilməsinə güclü təkan verib. O zamana qədər isə hərbi qulluqçulara mənzillər verilmirdi. Bunun da obyektiv səbəbləri vardı. Bu gün isə Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçular üçün mənzillər tikilir və onların istifadəsinə verilir”.

Onun sözlərinə görə, Azərbaycan dövləti tərəfindən hərbi qulluqçularla yanaşı, torpaqlarımızın azadlığı uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, Qarabağ qazilərinə və digər kateqoriyadan olan şəxslərə xüsusi diqqət və qayğı göstərilir: “Həmin kateqoriyadan olan şəxslərə dövlət tərəfindən mənzillər verilir. Hesab edirəm ki, yaxın müddət ərzində bu proses tamamlanacaq”.

Ekspert bildirib ki, Azərbaycan Ordusunda xidmət edən hərbi qulluqçuların əməkhaqları ilbəil artırılır: “Biz əvvəlki illərlə müqayisə etsək, hərbi qulluqçuların əməkhaqqında kifayət qədər artımın olduğunu görərik. Bundan əlavə, hərbi qulluqçuların dərəcə, ezamiyyə, məzuniyyət pulları da artırılıb. Hesab edirəm ki, bu istiqamətdə Azərbaycan dövləti tərəfindən xeyli işlər görülüb və görülməkdədir. Bununla bağlı atılan addımların hamısı təqdirəlayiqdir”.
E.Həsənli deyib ki, hazırda mövcud olan bir problem həllini tapmalıdır. Onun fikrincə, Azərbaycan Ordusunda ərzaq pulu məsələsinə aydınlıq gətirilməlidir: “Zabitlərə 64 manat, əsgərlərə 28 manat ərzaq pulu verilir. Bu azdır. Hesab edirəm ki, bu məsələ həllini tapmalıdır və hərbi qulluqçuların ərzaq pulu artırılmalıdır”.

Mənbə:big.az