Son Xəbərlər:
Gələn il Beynəlxalq Əmək Təşkilatının 100 illiyi qeyd olunacaq

Gələn il Beynəlxalq Əmək Təşkilatının 100 illiyi qeyd olunacaq

BMT-nin ixtisaslaşmış qurumlarından biri olan, üçtərəfli (dövlət orqanları, işəgötürənlər və işçilərin nümayəndələri) təmsilçilik şəraitində əmək sahəsinə dair beynəlxalq normativ sənədlərin, hər kəs üçün layiqli əməyi təşviq edən siyasət və proqramların hazırlanmasını və dünyada geniş yayılmasını həyata keçirən Beynəlxalq Əmək Təşkilatı (BƏT) gələn il özünün 100 illik yubileyini qeyd edəcək.

BƏT Birinci Dünya müharibəsinin sonunda imzalanmış Versal Sülh Müqaviləsinin bir hissəsi kimi 1919-cu ildə yaradılıb və 1946-cı ildən o zaman yeni yaradılmış BMT-nin ixtisaslaşmış təşkilatı kimi fəaliyyətini davam etdirir. Təşkilatın mənzil-qərargahı Cenevrədə (İsveçrə) yerləşir və bir sıra  regionlarında ofisləri fəaliyyət göstərir.

1992-ci ildən BƏT-in üzvü olan və 2002-ci ildə BƏT-in nümayəndəliyinin də açıldığı Azərbaycan bu Təşkilatla geniş əməkdaşlıq əlaqələrinə malikdir. Bu vaxta qədər Azərbaycan BƏT-in əmək və məşğulluq sahəsində ümumilikdə 57 Konvensiyasına qoşulub və bu mühüm sənədlərdən irəli gələn öhdəliklər də nəzərə alınmaqla  beynəlxalq standartlara uyğun milli əmək qanunvericiliyini formalaşdıraraq daim təkmilləşdirir.

BƏT-lə əməkdaşlıq çərçivəsində 2006-2009-cu illər üçün “Layiqli əməyin təminatı üzrə Ölkə Proqramı” uğurla icra olunub və hazırda BƏT-lə birgə “2016-2020-ci illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrası davam edir. Həmçinin Azərbaycan BƏT-in “MDB-də gənclərin məşğulluğu sahəsində əməkdaşlıq” adlı layihəsinə daxil edilib. BƏT-in rəsmi saytındakı “Gənclərin Məşğulluq Siyasətləri üzrə İnformasiya Sistemi” bölməsində (https://www.ilo.org/dyn/youthpol/en/f?p=30850:1001:0::NO:::) Azərbaycan gənclərin səmərəli məşğulluğunun təmin olunması sahəsində dolğun hüquqi bazaya, praktik iş təcrübəsi, aktiv məşğulluq proqramları barədə məlumatları təqdim olunan ölkələr sırasında yer alıb. Özünüməşğulluq proqramının icrası ilə bağlı təlimlərin aparılması üçün bu sahə ilə bağlı ölkəmizdə beynəlxalq sertifikatlı təlimçilər heyətinin formalaşdırılmasında da BƏT-lə fəal əməkdaşlıq həyata keçirilib. Hər il təşkilatın Beynəlxalq Əmək Konfransının sessiyaları keçirilir və bu sessiyalarda Azərbaycan nümayəndə heyəti də iştirak edərək, müvafiq mövzularda aparılan müzakirələrə qoşulur, həmçinin ölkəmizdə  əmək və məşğulluq sahəsində aparılan dövlət siyasəti, qazanılan nailiyyətlər barədə ətraflı məlumatlar verilir.

BƏT-lə əməkdaşlığın inkişafının nəticəsi, habelə beynəlxalq birliyin ölkəmizə yüksək inam və etimadının daha bir təzahürü kimi, Azərbaycan Respublikası dünyanın nüfuzlu qurumlarından biri olan Beynəlxalq Əmək Təşkilatının (BƏT) Rəhbər Orqanına (İLO Governing Body) üzv də seçilib.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок