Son Xəbərlər:
Emin Həsənli: «Azərbaycanın artan gücü Paşinyanı qorxuya salıb»

Emin Həsənli: «Azərbaycanın artan gücü Paşinyanı qorxuya salıb»

«ÖZÜNÜ GÜNDƏMDƏ SAXLAMAQ, UĞURSUZLUQLARINI ÖRT-BASDIR ETMƏK ÜÇÜN GÜLÜNC, BİABIRÇI ADDIMLAR ATIR»

«İşğalçı Ermənistanın baş naziri Nikol Paşinyanın son zamanlar Azərbaycana qarşı, dövlətimizin əleyhinə səsləndirdiyi sərsəm fikirlər əsasən daxili auditoriyaya hesablanıb. Məlumdur ki, onun hökumət başına gəlişi ilə Ermənistanda guya yeni mərhələnin, «inkişaf»ın başlandığı barədə ictimai rəy formalaşdırmağa səy göstərilib. Ancaq bu rəyin  əsassızlığı, gerçəklikdən uzaq olduğu tezliklə ortaya çıxdı. İndi özünü gündəmdə saxlamaq, uğursuzluqlarını ört-basdır etmək üçün Paşinyan gülünc, biabırçı addımlar atır. Təbii ki, bu zaman birinci növbədə Azərbaycan dövlətini hədəfə alır, heç bir əsası olmayan, ziddiyyətli populist bəyanatlar səsləndirir».

Bu fikirləri «525»ə açıqlamsında Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli söyləyib. Onun fikrincə, işğalçı ölkənin baş nazirinin çıxışları müasir siyasət dilinə, beynəlxalq münasibətlər məcrasına heç cür sığmır. Bütün bunlar  Paşinyanın siyasətdə naşılığından, dünyada mövcud olan normal siyasi fikir yürütmə tərzindən çox kənar, qüsurlu yanaşmadan xəbər verir: «Paşinyanın  gülünc davranışları, yersiz çılğınlığı, ümumiyyətlə, təfəkkürü ötən əsrin 80-ci illərinin sonu — 90-cı illərinin əvvəllərindəki birdən-birə ortaya çıxan avantürist, başabəla siyasətçiləri xatırladır. Hazırkı şəraitdə belə dayaz təfəkkürlə, yalançı pafosla dolu fikirlərlə ortaya atılmaq, hər çıxışda yalana, böhtana yer vermək  özünü rüsvay etməkdən başqa bir işə yaramır. Bu, Paşinyanın təkcə dünyada və regionda yox, hətta Ermənistan kimi zəif bir ölkədə də çoxdan ötüb-keçmiş mərhələnin qalığı olduğunu isbat edir».

Ekspertin sözlərinə görə, Ermənistanın indiki baş naziri hələ müxalifətdə olduğu dövrdə məsələlərə populist yanaşma ortaya qoyaraq xal qazanmaq, öz xalqının gözündə bir «millət qəhrəman» kimi görünmək əzmində idi: «Buna görə də o, Ermənistanın əvvəlki rəhbərliyini yarıtmaz fəaliyyətdə ittiham edir, xalqı uçuruma aparmaqda günahlandırırdı. Əslində, bu mövqeyində haqlı idi. Lakin indi belə məlum olur ki, Paşinyan öz sələflərindən heç də geri qalmır. Hətta indi onun rəhbərliyi altında Ermənistan daha böyük fəlakətlərə sürüklənə bilər».

E.Həsənli qeyd edib ki, Paşinyan Azərbaycan və Türkiyə ilə normal münasibətlər yaratmadan Ermənistanın heç bir perspektivə malik olmayacağını anlayır: «Sadəcə indiyə qədər elə mövqe tutub ki, artıq bu yoldan geri çəkilə bilmir. Eləcə də görünür ki, Paşinyanın hazırkı vəzifəyə gəlib-çıxmasına yardım edənlər onun məhz bu xətdə qalmasına çalışırlar».

Ekspert hesab edir ki, bir yandan yaxın qonşuları, digər tərəfdən ənənəvi müttəfiqi Rusiya ilə bağlı məsələlərdə təzadlı, qeyri-ciddi mövqe tutması onun hakimiyyətdə uzun zaman qala bilməyəcəyini göstərir. Çünki daxili auditoriyaya yönəlmiş səviyyəsiz, dəyişkən bəyanatlar verməsi Paşinyanın nəinki hakimiyyətə layiq, həm də siyasətdə duruş gətirə biləcək fiqur olmadığının isbatıdır. «Azərbaycanın artan gücü Paşinyanı qorxuya salır və mənasız çıxışlara sövq edir. 2016-cı ilin Aprel döyüşlərində Ermənistanın Azərbaycandan necə bir ağır zərbə aldığını Paşinyan, sözsüz ki, bilirdi. Ancaq adəti üzrə naşılıq göstərdiyindən bəlkə də bunun yalnız Ermənistanın o zamankı hakimiyyətinin səhvi olduğunu düşünürmüş. İndi isə Azərbaycanın artan iqtisadi, siyasi və hərbi qüdrətini o, daha dərindən anlayır. Eləcə də Azərbaycan Silahlı Qüvvələrinin hazırda regionda üstün hərbi güc olduğunu artıq yaxşı dərk edir. Ermənistanın və özünün qəti əleyhinə olan mövcud reallıqlar fonunda Paşinyan çıxış yolunu sadəcə öz xalqını aldatmaqda görür».

Ekspert deyib ki, Azərbaycanın regionda həm siyasi, həm iqtisadi mərkəzə çevrildiyini görən Paşinyan bundan ciddi şəkildə vahiməyə düşüb: «Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzlu yer tutması, Türkiyə ilə qardaşlıq əlaqələri, Rusiya ilə sıx münasibətlər, Qərb dövlətlərinin ölkəmizə artan marağı Ermənistanın hazırkı baş nazirini qorxuya salan əsas amillərdir».

E.Həsənli bugünlərdə Bakının daşnak-bolşevik işğalından azad olunmasının 100 illiyi ilə bağlı paytaxtımızda ən yüksək səviyyədə möhtəşəm tədbir keçirildiyini də xatırladıb. O bildirib ki, bu hadisə Azərbaycan-Türkiyə dostluğunun növbəti bariz təzahürü kimi tarixə həkk olunub: «Bakının Azadlıq meydanında təşkil olunan möhtəşəm hərbi paradda Azərbaycan və Türkiyə bayraqlarının yanaşı dalğalanması, iki qardaş ölkənin Ali Baş Komandanlarının da paradı qürurla izləməsi düşmən ölkədə dərin sarsıntı yaradır. Ona görə də Paşinyan məsələləri ailə-məişət müstəvisinə çəkməkdən də qalmır, aciz vəziyyətdən çıxmaq üçün hər cür hədyana əl atır. Bununla bir daha ortaya qoyur ki, o, qətiyyən beynəlxalq münasibətlər müstəvisində yer tutacaq fiqur deyil».

E.Həsənlinin sözlərinə görə, Ermənistana kimin rəhbərlik etməsindən asılı olmayaraq, bu ölkə regionun lider dövləti olan Azərbaycanla normal münasibətlər qurmasa, ağır böhrandan çıxa, inkişaf edə bilməyəcək: «Ona görə də, Paşinyanın bu həyəcanlı, təşvişli bəyanatlarını qətiyyən ciddi qəbul etmək lazım deyil».

Ceyhun ABASOV

Xəbər 525.az saytından götürülmüşdür.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок