Son Xəbərlər:
Dövlət Bayrağı günü münasibətilə Qaradağ rayonunda “Mənim üçrəngli bayrağım” mövzusunda müsabiqə keçirilmişdir

Dövlət Bayrağı günü münasibətilə Qaradağ rayonunda “Mənim üçrəngli bayrağım” mövzusunda müsabiqə keçirilmişdir

2018-ci il noyabrın 8-i Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Heydər Əliyev Mərkəzində Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri ictimai birliyinin Qaradağ rayon filialının təşkilatçılığı ilə 9 Noyabr – Dövlət Bayrağı gününə həsr olunmuş rayon məktəbliləri arasında “Mənim üçrəngli bayrağım” mövzusunda rəsm, inşa və bədii-qiraət müsabiqəsinin yekun toplantısı keçirilmişdir. Tədbirdə millət vəkili Aydın Hüseynov, Qaradağ rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova, Azərbaycan QMƏVŞAİB-in sədr müavini Aris Məmmədov, Bakı şəhəri üzrə təhsil şöbəsinin məsul əməkdaşları Rövşən Qasımov və Mürsəl Qurbanov, müharibə əlilləri, veteranları, rayon fəalları, hərbçilər, müəllim və şagirdlər iştirak edirdilər.

Toplantıdan əvvəl rayon ərazisində yerləşən N saylı hərbi hissənin əsgərlərinin iştirakı ilə bayraq yürüşü keçirildi. Yürüş Lökbatan qəsəbəsinin girəcəyində olan “Cırtdan” parkından başlayıb Heydər Əliyev Mərkəzində sona çatdı. Ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyulduqdan sonra Mərkəzin foyesində rayon məktəblilərinin “Mənim üçrəngli bayrağım” mövzusunda çəkdikləri rəsmlərdən ibarət sərgiyə baxış oldu. Daha sonra toplantı öz işini Mərkəzin konfrans zalında davam etdirdi.

Azərbaycanın Dövlət Bayrağı təntənəli surətdə zala gətirildikdən sonra Dövlət Himni ifa olundu. Azərbaycan QMƏVŞAİB-in Qaradağ rayon filialının sədri Maqsud Heydərov qonaqları təqdim edərək tədbiri açıq elan etdi. Tədbirin yüksək səviyyədə hazırlandığını söyləyən millət vəkili Aydın Hüseynov, yüksək səviyyədə təşkilatçılığa görə Qaradağ rayon filialına öz təşəkkürünü bildirdi. O, Dövlət Bayrağının dövlətçilik ənənələrinin vacib atributu, hakimiyyət və müstəqilliyin göstəricisi olmasından danışdı. Dövlətin mövcudluğunu sübut edən bayrağı, konstitusiyanı, gerbi sevməyin, onlara hörmət və ehtiram bəsləməyin vacibliyini vurğulayan natiq sozügedən atributları daim uca tutmağı tövsiyyə etdi.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Təranə İsmayılova dövlət bayrağının təsis olunması tarixi və müstəqil ölkəmizdə dövlət atributu kimi ona göstərilən ehtiramdan danışdı. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının ali qanunverici orqanında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq olunaraq ikinci dəfə rəsmi surətdə qaldırıldı. Prezident İlham Əliyevin Sərəncamı ilə Dövlət Bayrağı Meydanının yaradılması milli mənəvi dəyərlərimizə, dövlət atributlarımıza ehtiramın bariz nümunəsi olduğunu söyləyən rayon rəhbərliyinin təmsilçisi “Bayraq Günü” münasibətilə rayon daxilində keçirilmiş tədbirlərdən söhbət açdı.

İctimai Birliyin sədr müavini Aris Məmmədov çıxışında bildirdi ki, Dövlət Bayrağı hər bir azərbaycanlının qürur mənbəyidir və Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan bu bayraq bizim azadlıq məfkurəmizə, milli dəyərlərimizə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.

Bakı şəhəri üzrə təhsil şöbəsinin məsul əməkdaşı Rövşən Qasımov öz çıxışışında tədbirin yüksək səviyyədə keçirildiyini qeyd edərək gənc nəslin hərbi-vətənpərvər ruhda tərbiyəsində keçirilən müsabiqənin böyük əhəmiyyətini qeyd etdi.

Qaradağ rayon Gənclər və İdman İdarəsinin rəisi Elçin Abbasov “Dövlət Bayrağı günü” ilə bağlı keçirilmiş tədbirlərin, o cümlədən məktəb şəgirdləri arasında inşa-yazı, rəsm və şeir müsabiqəsinin təşkilində Azərbaycan QMƏVŞAİB Qaradağ rayon filialı ilə birgə tədbirlərin davamlı olaraq keçirilməsində fəal iştirak etməyə hazır olduqlarını bildirdi.

Sonra müsabiqə qaliblərinə fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olundu.

Tədbirin sonunda şeir müsabiqəsi qalibləri tərəfindən ədəbi-bədii kompozisiyalar ifa olundu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок