Deputatlığa namizəd Mehdi Mehdiyev Saray qəsəbəsində möhtəşəm görüş keçirdi

29 yanvar 2020 – ci il tarixində 50 saylı Abşeron – Qobustan seçki dairəsindən Deputatlığa namizəd Mehdi Mehdiyev Abşeron rayonunun Saray qəsəbəsində seçicilərlə görüş keçirib. Görüş Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda canlarını fəda etmiş əziz vətən övladlarının ruhunu yad etməklə başlandı. Tədbirin aparıcısı Tərlan Mahmudov çıxışında Mehdi Mehdiyevin şərəfli həyat yolu haqqında geniş məlumat verdi.
Daha sonra Qarabağ Müharibəsi Əlili, Əfqanıstan Müharibəsi və Silahlı Qüvvələr veteranı, Azərbaycan Bayrağı ordenli, ehtiyatda olan polkovnik Mehdi Mehdiyev çıxışında seçki platforması haqqında geniş məlumat verdi. Mehdi Mehdiyev, həmçinin öz çıxışında Cənab Prezident İlham Əliyevin apardığı islahatlar strategiyasına hər zaman dəstək olduğu kimi millət vəkili kimi də bu siyasəti dəstəkləyəcəyini bildirdi. O, hər bir sakinə xüsusi diqqət və qayğı göstərəcəklərini və müntəzam olaraq seçicilərlə əlaqə saxlayacağına söz verdi. Onlar problemlərinin həll edilməsi üçün aidiyyatı qurumlarla bir yerdə çalışacaqlar. Daha sonra Saray kənd məktəbinin müəllimi Tələt Bağırov Saray kəndinin Böyük Vətən müharibəsində fəal iştirak etdiyini, qəsəbədən müharibəyə yüzlərlə insanın getdiyini və onlardan çoxunun həlak olmasını qeyd etdi. O, həmçinin bildirdi ki, Abşeron rayonunun Saray qəsəbəsi Qarabağ müharibəsində xeyli sayda şəhid verən qəsəbə kimi tanınır. Saray qəsəbəsinin sakinləri Eldar Rəhimov, Nəsimi Adıgözəlov və Qobu qəsəbəsindən hacı Şakir çıxışlarında ərazidə kommunikasiya sisteminin çatışmamazlıqlarından, yolların olmamasından, gənclərin asudə vaxtlarının səmərəli istifadə edilməsi üçün yerlərin olmamasından, xalçaçılıq yerlərinin istifadəyə yararlı olmadığı üçün kənd camaatının işsizlikdən əziyyət çəkdiyini və s. problemləri bildirdilər.
Bu çıxışdan sonra Saray qəsəbəsinin ağsaqqallarından olan başqa bir sakin də Mehdi Mehdiyevin həyat və fəaliyyəti haqqında geniş məruzə etdi və çıxışının sonunda bütün qəsəbə sakinlərini Mehdi Mehdiyevə səs verməyə çağırdı.
Daha sonra Ehtiyatda Olan Zabitlər Konfederasiyasının sədri ehtiyatda olan general-mayor Məhəmmədhüseyn Sarıyev çıxış etdi.  O, çıxışında Mehdi Mehdiyevin Müdafiə Nazirliyində iş yoldaşı olduğunu, onun həyat və fəaliyyətinə yaxından bələd olduğunu vurğuladı. Həmçinin Mehdi Mehdiyevin keçdiyi döyüş yolu haqqında, onun mərdliyi və cəsarəti haqqında danışaraq hər kəsi Mehdi Mehdiyevə səs verməyə çağırdı. Sonra isə Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənli çıxışında Mehdi Mehdiyev haqqında olan fikirlərini irəli sürdü. O, qeyd etdi ki, Mehdi Mehdiyev Qarabağ Əlilləri, Şəhid Ailələri və Müharibə Veteranları İctimai Birliyinin sədri kimi son 20 ildə Müharibədən zərər çəkən vətəndaşlarımıza dəstək olub. Emin Həsənli Mehdi Mehdiyevin dövlətimizə və xalqımıza göstərdiyi diqqət və qayğıdan bəhs edərək onun namizədliyinin hər kəs üçün uğurlu olacağını qeyd etdi. Bununla yanaşı, o, Mehdi Mehdiyevin daima insanların problemləri ilə maraqlandığını, onların həll edilməsinə köməklik göstərdiyini bəyan etdi.
Seçicilərin suallarını cavablandıran Mehdi Mehdiyev onların qaldırdıqları məsələlərin hər tərəfli araşdırılaraq həll edilməsi üçün çalışacağına söz verdi.  Görüşün sonunda bir qrup Saray sakini ilə fərdi qaydada görüşən Mehdi Mehdiyev Saray sakinləri ilə xatirə şəkili çəkdirdi. 

Mənbə:Pia.az