Son Xəbərlər:
Cəbhə bölgəsi olan Tərtərdə şəhidlərin şərəfinə ağacəkmə aksiyası keçirildi

Cəbhə bölgəsi olan Tərtərdə şəhidlərin şərəfinə ağacəkmə aksiyası keçirildi

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin təşəbbüsü və təşkilatçılığı, Müdafiə Nazirliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Tərtər Rayon İcra Hakimiyyətinin dəstəyi ilə əvvəllər Dağlıq Qarabağın inzibati ərazisi olmuş Şıxarx qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində Talış yüksəkliyi istiqamətindəki döyüşlərdə şəhid olmuş 70 hərbçinin şərəfinə ağacəkmə aksiyası keçirilib. Bu məqsədlə ayrılmış torpaq sahəsində ağac tingləri ay-ulduz formasında əkilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Sabir Əhmədov, Tərtər rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, Qarabağ müharibəsinin veteranı, Azərbaycanın Milli Qəhrəmanı Mövsüm Məmmədov, keçmiş Tərtər özünümüdafiə batalyonunun qərərgah rəisi Pənah Məmmədov, Aprel döyüşlərinin iştrirakçısı istefada olan kapitan Hikmət Məmmədov, şəhid Vüsal Alıyevin anası Şahnaz Alıyeva, şəhid Rahim Tağıyevin həyat yoldaşı Vüsalə Tağıyeva, şəhid Əlizaman İslamovun anası Hürnisə Kərimova, şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərova, şəhid Sahil Şirinovun anası Şəhla Şirinova, şəhid Teymur Qasımovun anası Gülnar Qasımova tədbirdə çıxış edərək torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canını fəda edən igid hərbçilərimizin xatirəsinin xalqımız üçün əziz olduğunu, dövlətimizin şəhidlərə böyük ehtiram, onların ailələrinə xüsusi diqqət və qayğı göstərdiklərini bildiriblər.

Qeyd edilib ki, üç il əvvəl möhtərəm Prezident, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu işğalçı qüvvələrə ağır, sarsıdıcı zərbə vurub. Torpaqlarımızın işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpası istiqamətində mühüm bir addım atılıb. Prezident İlham Əliyev Aprel döyüşlərini dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən şanlı hərbi qələbə kimi dəyərləndirib.

Tədbirdə iştirak edən şəhid ailələrinin üzvləri dövlət qurumlarının burada olan nümayəndələri və hərbçilərlə birlikdə ərazidə ağac tingləri əkdilər. Üstünə Azərbaycan bayrağı bərkidilmiş hər tingin qarşısında bir şəhidin şəklinin və bioqrafik məlumatlarının əks olunduğu lövhə yerləşdirilib.

Sonra tədbir iştirakçıları Şıxarx qəsəbəsində məcburi köçkünlər üçün salınmış qəsəbədəki klub-icma mərkəzində şəhidlərimizə ehtiram əlaməti olaraq verilən ehsan məclisində iştirak etdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок