Son Xəbərlər:

BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 874 və 884-cü qətnamələri

BMT-nin Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair 874 və 884-cü qətnamələri

 

Beynəlxalq təşkilatlar münaqişələrin nizamlanmasını beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində aparırlar. Bu halda əsas olaraq dövlətlərin suverenliyi, ərazi bütövlüyünün qorunması və millətlərin öz müqəddəratını müəyyənetmə hüququna malik olması prinsiplərinin təmin olunmasına üstünlük verilir. Onu da qeyd edək ki, münaqişələrin tənzimlənməsində beynəlxalq təşkilatlar, xüsusilə də BMT və onun Təhlükəsizlik Şurası böyük səylər göstərsələr də çox vaxt bu səylər effektsiz olur. Məsələn, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir. Eyni fikirləri Fələstin problemi ilə də bağlı demək olar. BMT Təhlükəsizlik Şurasının 1967-ci ildə qəbul etdiyi 242 saylı qətnamədə 3 məsələnin həyata keçirilməsı İsraildən birmənalı şəkildə tələb olunurdu: 1) İsrail qoşunlarının işğal olunmuş Fələstin ərazilərindən qeyd-şərtsiz çıxması; 2) Fələstin sərhədlərinin İsrail tərəfindən tanınması; 3) Fələstin qaçqınlarının öz yurd-yuvalarına qayıtmaları. İsrail qətnamənin tələblərinə nəinki riayət etmədi, əvvəlki siyasətinə davam edərək, yeni-yeni əraziləri də zəbt etdi. Bu siyahını uzatmaq da olardı. Maraqlı hal odur ki, göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmamışdır.

   3. 874 saylı QƏTNAMƏ (14 oktyabr 1993-cü il)

   T’əhlükəsizlik Şurası,

   özünün 30 aprel 1993-cii il tarixli 822 saylı və 29 iyul 1993- cü il tarixli 853 saylı qətnamələrini təsdiq edərək və Təhlükəsizlik Şurasının sədrinin Şuranın adından verdiyi bəyanata istinad edərək.

ATƏM-in Minsk Konfransının sədrinin Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi 1 oktyabr 1993-cü il tarixli məktubunu nəzərdən keçirərək.

Azərbaycanın Dağlıq Qarabağ regionunda və regionun ətrafında münaqişənin davam etməsinin və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin saxlanılmasının regionda sülh və təhlükəsizlik üçün təhlükə olması ilə bağlı dərin narahatlığını ifadə edərək,

8 oktyabr 1993-cü il tarixində Moskvada keçirilmiş yüksək səviyyəli görüşləri qeyd edərək və bu görüşlərin vəziyyəti düzəldəcəyinə və münaqişənin sülh yolu ilə həllinə kömək edəcəyinə ümid edərək,

Azərbaycanın və regionun bütün digər dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini bir daha təsdiq edərək,

  beynəlxalq sərhədlərin pozulmazlığını və ərazilərin zor gücünə zəbt edilməsinin yolverilməzliyini bir daha təsdiq edərək,

  münaqişə nəticəsində insanların keçirdiyi iztirablarla, regiondakı fövqəladə humanitar vəziyyətlə və böyük sayda azərbaycanlıların köçkün düşməsi ilə bağlı ciddi narahatlığını ifadə edərək:

   1. ATƏM-in Minsk Qrupunun dəstəklənməsi məqsədilə Rusiya Federasiyası hökumətinin köməyi ilə  əldə olunmuş birbaşa əlaqələrin nəticəsində müəyyən olunmuş atəşkəsi daim və effektli etməyə maraqlı tərəfləri çağırır;

  2. ATƏM çərçivəsində həyata keçirilən sülh prosesini və Minsk Qrupunun yorulmaz səylərini tamamilə dəstəklədiyini bir daha bəyan edir;

  3. Minsk Qrupunun 28 sentyabr 1993-cü il tarixli toplantısında hazırlanmış və qrupun 9 üzvünün hərtərəflii dəstəyi ilə qrupun sədri tərəfindən maraqlı tərəflərə təqdim olunmuş «Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin həyata keçirilməsi üzrə təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş qrafiki»ni alqışlayaraq, bunu tərəflərin diqqətinə çatdırır və tərəfləri bu sənədi qəbul etməyə çağırır;

   4. Münaqişədən irəli gələn və birbaşa «yeniləşdirilmiş qrafik»də nəzərdə tutulmayan bütün digər həll olunmamış məsələlərin Minsk prosesi kontekstində sülh danışıqları çərçivəsində təcili həll ediləcəyinə əminlik ifadə edir;

   5. İşğal olunmuş ərazilərdən hərbi birləşmələrin çıxardılması və kommunikasiya və nəqliyyat üçün mövcud olan bütün maneələrin aradan qaldırılması da daxil olmaqla, Minsk Qrupunun «yeniləşdirilmiş qrafik»ində nəzərdə tutulmuş qarşılıqlı və təxirəsalınmaz tədbirlərin gecikdirilmədən həyata keçirilməsinə çağırır;

   6. ATƏM-in 24 mart 1992-ci il tarixli mandatına uyğun olaraq, «yeniləşdirilmiş qrafik»də nəzərdə tutulduğu kimi münaqişənin danışıqlar yolu ilə nizamlanmasını əldə etmək məqsədi ilə Minsk konfransının çağrılmasını tələb edir;

   7. Baş katibdən xahiş edir ki, Minsk konfransında iştirak etmək üçün nümayəndəsinin göndərilməsi və konfransın açılışından sonra məsələnin mahiyyəti ilə bağlı danışıqların aparılması üçün bütün mümkün olan köməyin göstərilməsi təklifinə müsbət yanaşsın;

   8. ATƏM-in müşahidəçilik missiyasının yaradılmasını alqışlayır;

   9. Bütün tərəfləri beynəlxalq humanitar hüququn pozulmasından imtina etməyə çağırır və münaqişənin əhatə etdiyi bütün rayonlarda humanitar yardım göstərilməsi üzrə beynəlxalq fəaliyyətin maneəsiz həyata keçirilməsinin təmin edilməsi ilə bağlı 822 və 853 saylı qətnamələrdə əks olunmuş öz çağırışlarını yenidən təkrarlayır;

   10. Regionun bütün dövlətlərinii münaqişənin genişlənməsinə və regionda sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxara bilən istənilən düşmənçilik aktından və istənilən  müdaxilə və qəsdən imtina etməyə təkidlə çağırır;

11. Baş katibdən  və uyğun beynəlxalq qurumlardan xahiş edir ki, əhalinin zərər çəkmiş hissəsinə fövqəladə humanitar yardım göstərilməsinə və təhlükəsizlik şəraitində qaçqın və köçkünlərin öz evlərinə qayıtmasına kömək etsin;

12. Baş katibdən, ATƏM-in fəaliyyətində olan sədrindən və Minsk konfransının sədrindən Minsk prosesinin gedişatı və yerlərdəki vəziyyətin bütün aspektləri haqqında, həmçinin, bu məsələlərlə bağlı ATƏM-lə BMT arasında bugünki və gələcək əməkdaşlıq haqqında şuraya məruzələr təqdim etməsini xahiş edir;

   13. Bu məsələ ilə fəal məşğul olunmasının davam etdirilməsini qərara alır.

      3292-ci toplantıda yekdilliklə qəbul olunmuşdur

 4. 884 saylı QƏTNAMƏ (12 noyabr 1993-cü il)

   Təhlükəsizlik Şurası,

   özünün 30 aprel 1993-cü il tarixli 822 saylı, 29 iyul 1993-ci il tarixli 853 saylı və 14 oktyabr 1993-cü il tarixli 874 saylı qətnamələrini təsdiq edərək.

   ATƏM çərçivəsində və ATƏM-in Minsk Qrupunun yorulmaz səyləri ilə həyata keçirilən sülh prosesinə özünün tam dəstəyini təsdiq edərək,

   ATƏM-in Minsk konfransının fəaliyyətdə olan sədrinin Dağlıq Qarabağla bağlı Təhlükəsizlik Şurasının sədrinə göndərdiyi 9 noyabr 1993-cü il tarixli məktubunu və ona əlavələri nəzərə alaraq,

   Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionunda və onun ətrafında münaqişənin davam etməsindən və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasındakı gərginliyin saxlanılmasının regionda sülh və təhlükəsizlik üçün təhlükə olmasından dərin narahatlığını ifadə edərək,

   Atəşin kəsilməsinin pozulması nəticəsində hərbi əməliyyatların genişlənməsini və bu pozuntuya cavab olaraq güc tətbiq olunmasını, xüsusilə də, Azərbaycanın Zəngilan rayonunun və Horadiz şəhərinin işğal olunmasını həyəcanla qeyd edərək,

   Azərbaycanın və regionun bütün dövlətlərinin ərazi bütövlüyünü və suverenliyini təsdiq edərək,

beynəlxalq sərhədlərin pozulmazlığını və güc tətbiq etməklə ərazilərin zəbt edilməsinin yolverilməzliyini təsdiq edərək, Zəngilan rayonunda, Horadiz şəhərində və Azərbaycanın cənub sərhədlərində böyük sayda köçkünlərin yaranması və fövqəladə humanitar vəziyyətin meydana gəlməsi ilə bağlı dərin narahatlığını ifadə edərək,

   1. Hərbi əməliyyatların yenidən başlanılması ilə nəticələnən tərəflərin müəyyən etdiyi atəşin kəsilməsinin pozulmasını pisləyir və xüsusi halda, Zəngilan rayonunun, Horadiz şəhərinin işğal olunmasının, dinc əhaliyə basqın edilməsini və Azərbaycan Respublikasının ərazisinin atəşə tutulmasını pisləyir;

   2. Ermənistan hökumətini Azərbaycanın Dağlıq Qarabağ ermənilərinin 822, 853 və 874 saylı qətnamələrə riayət etmələrinə nail olmaq məqsədilə öz nüfuzundan istifadə etməyə və münaqişəyə cəlb olunmuş qüvvələrə öz hərbi kampaniyalarını davam etdirmək üçün vəsaitin verilməməsini təmin etməyə çağırır; ‘

   3. ATƏM-in Minsk Qrupunun doqquz üzvünün 4 noyabr 1993-cü il tarixində verdikləri bəyanatı razılıq hissi ilə qeyd edir və bəyanatda əks olunmuşq atəşin kəsilməsi ilə bağlı təklifi yüksək qiymətləndirər;

   4. maraqlı tərəflərdən hərbi əməliyyatların və düşmənçilik aktlarının təcili dayandırılmasını, Zəngilan rayonundan və Horadiz şəhərindən işğalçı qüvvələrin birtərəfli qaydada çıxarılmasını və «Təhlükəsizlik Şurasının 822 və 853 saylı qətnamələrinin həyata  keçirilməsi üzrə təxirəsalınmaz tədbirlərin yeniləşdirilmiş qrafiki»nə və Minsk Qrupunun 2-8 noyabr 1993-cü il tarixində Vyanada keçirilmiş toplantısında ona edilmiş əlavələrə uyğun olaraq, Azərbaycanın digər işğal olunmuş ərazilərindən işğalçı qüvvələrin çıxarılmasını tələb edir.

   5. Maraqlı tərəflərdən Minsk Qrupuna dəstək kimi Rusiya Federasiyasının köməyi ilə qəbul olunmuş birbaşa əlaqələrin nəticəsində müəyyən olunmuş atəşin kəsilməsinə riayət olunmasını təcili bərpa etməyi və atəşin kəsilməsini effektiv və daimi etməyi; Minsk prosesi və Minsk Qrupunun 2-8 noyabr tarixlərində keçirilmiş toplantısında edilmiş düzəlişlərlə «yeniləşdirilmiş qrafik» kontekstində münaqişənin danışıqlar yolu ilə nizamlanması imkanlarının axtarılmasını davam etdirməyi təkidlə tələb edir;

   6. Regionun bütün dövlətlərindən münaqişənin genişlənməsinə və regionda sülhün və təhlükəsizliyin pozulmasına gətirib çıxara biləcək istənilən düşmənçilik aktlarından və istənilən müdaxilədən imtina etməyi təkidlə tələb edir;

   7. Baş katibdən və uyğun beynəlxalq qurumlardan Zəngilan rayonunun, Horadiz şəhərinin və Azərbaycanın cənub sərhədlərinin əhalisi də daxil olmaqla, əhalinin zərər çəkmiş hissəsinə təcili humanitar yardım göstərməyi və qaçqın və köçkünlərin təhlükə ilə üzləşməyərək öz evlərinə qayıtmalarına kömək göstərməsini xahiş edir;

   8. Minsk prosesinin gedişatı və yerlərdəki vəziyyətin bütün aspektləri, xüsusilə də, Təhlükəsizlik Şurasının uyğun qətnamələrinin həyata keçirilməsi haqqında və ATƏM-lə BMT arasında bu məsələlərlə bağlı bugünkü və gələcək əməkdaşlıq haqqında məlumat vermələri ilə bağlı Baş katibə, ATƏM-in fəaliyyətdə olan sədrinə və Minsk konfransının sədrinə xahişlə müraciət edir;

   9. Bu məsələ ilə fəal məşğul olunmasının davam etdirilməsini qərara alır.

3313-cü toplantıda yekdilliklə qəbul olunmuşdur.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок