Son Xəbərlər:
Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun  ad günü qeyd olundu

Biləsuvarda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun ad günü qeyd olundu

2019-cu il fevralın 7-i Biləsuvar rayonunda Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü qeyd olundu.

Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (Ombudsman) Elmira xanım Süleymanova, Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq mühafizə orqanlarının rəhbərləri, Azərbaycan QMƏVŞAİB-in Biləsuvar rayon filialının üzvləri və ictimaiyyət nümayəndələri rayonun Əliabad kəndində yerləşən ata ocağında Milli Qəhrəmanın evini ziyarət edərək ailəsi ilə görüşdülər.

Mahir Quliyev görüş zamanı Milli Qəhrəman Mübariz İbrahimovun həyatından və torpaqlarımızın müdafiəsi zamanı göstərdiyi şücaətdən danışaraq, qeyd etdi ki, Mübariz qısa ömür yaşasa da canını Vətən yolunda fəda etməsi ilə özündən sonra böyük şəhidlik məktəbi qoydu. İndi hər bir azərbaycanlı onun mübarizə dolu həyatı ilə fəxr edir. O, xidmət etdiyi cəbhənin Tərtər istiqamətində düşmənin işğalı altında olan Çaylı kəndindəki erməni qərargahına girərək əsl bir cəngavər kimi 5 saat təkbaşına döyüşür. Gecənin qaranlığında çaşbaş qalan düşmən Azərbaycan əsgərinin göstərdiyi bu şücaətin qarşısında ağır itkilər verir. Düşmən bir neçə saat davam edən bu döyüşə əlavə qüvvə cəlb edir. Elə bu amansız döyüşdə Mübariz İbrahimov qəhrəmancasına həlak olur. Mübarizdə olan Vətən, torpaq sevgisi, vətənpərvərlik ruhu onu şəhidlik zirvəsinə ucaltdı. O, öz şərəfli ölümü ilə, öz qəhrəmanlığı ilə Azərbaycan əsgərinin nəyə qadir olduğunu bütün dünyaya sübut etdi.

Mahir Quliyev bildirdi ki, respublikanın prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı (ölümündən sonra) verildi. Ölkə prezidenti tərəfindən Mübarizin qəhrəmanlığına verilən bu yüksək qiymət respublikamızın hər yerində igid vətən əsgərinin qəhrəmanlığına, döyüş rəşadətinə verilmiş layiqli qiymət kimi qarşılandı.

Prezidentin başqa bir sərəncamı ilə Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi əbədiləşdirilərək Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə, eyni zamanda Biləsuvar rayonunun mərkəzi küçələrindən birinə Milli Qəhrəman Mübariz İbrahimovun adı verilib.

Elmira xanım Süleymanova çıxış edərək Mübariz İbrahimovun qəhrəmalıq yolundan danışdı. O, qeyd etdi ki, Mübarizin qəhrəmanlığı nəinki Azərbaycanda, bütün dünyada böyük əks-sədaya səbəb oldu.

Tədbirdə Biləsuvar rayon Gənclər və İdman idarəsinin rəisi Aqşin Bağırov, Biləsuvar Regional Mədəniyyət idarəsinin rəis müavini Rəfiqə Cəfərova, Azərbaycan QMƏVŞAİB Biləsuvar rayon filialının sədri, II qrup Qarabağ müharibəsi əlili Bəhruz Əliyev çıxış edərək qəhrəmanımız haqqında danışdılar.

Milli Qəhrəmanın atası Ağakərim İbrahimov ölkə rəhbərliyi tərəfindən onların ailəsinə göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına öz dərin təşəkkürünü bildirdi.

Sonra ziyarət iştirakçıları Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun xatirəsini əbədiləşdirmək üçün inşa olunan muzeyə baxış keçirdilər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок