Son Xəbərlər:
Bərdədəki məktəb-liseydə 21 sentyabr – Beynəlxalq Sülh günü qeyd olundu

Bərdədəki məktəb-liseydə 21 sentyabr – Beynəlxalq Sülh günü qeyd olundu

21 sentyabr  2017-ci il tarixdə Akademik  Z.Əliyeva  adına texniki fənnlər təmayüllü məktəb-liseydə Bərdə rayon Gənclər və İdman idarəsinin, Təhsil şöbəsinin və məktəb-liseyin birgə təşkilatçılığı ilə “21 sentyabr – Beynəlxalq Sülh günü“nə həsr olunmuş ”Biz sülhə səs veririk” mövzusunda yeniyetmə və gənclərin iştirakı ilə diskussiya keçirilmişdir.

Tədbiri giriş sözü ilə məktəb-liseyin direktoru Vidadi Süleymanov açaraq tədbir iştirakçılarını salamladı və “21 sentyabr – Beynəlxalq Sülh günü” münasibətilə təbriklərini söylədi. O qeyd etdi ki, yeniyetmə və gənclərin iştirakı ilə keçirilən bu tədbirin məqsədi dünyadakı qlobal dəyişikliklərin baş verdiyi bir vaxtda qaynar nöqtələr barədə məlumatın toplanması və gənclərin bu barədə məlumatlılığının artırılması, sülhün qorunmasının vacibliyinin onlara çatdırılmasıdır. 1981-ci ildən etibarən dünyada qeyd olunan “Sülh günü”nün keçirilməsi müharibə həyatını keçmiş və hazırda sülh şəraitində yaşayan Azərbaycan xalqı üçün də vacib əhəmiyyət daşıyır.

Ümummilli lider Heydər Əliyevin və vətənimizin azadlığı uğrunda həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov “21 sentyabr – Beynəlxalq Sülh günü“nə həsr olunmuş ”Biz sülhə səs veririk” mövzusunda məruzə etdi. O öz məruzəsində sülhə aid bir çox məsələlərə toxundu. Qeyd etdi ki, əbədi mövzu olan sülh mövzusu bu gün torpaqlarının 20 faizi işğal altında olan, bir milyondan çox qaçqın və məcburi köçkünü olan Azərbaycan üçün də xüsusi əhəmiyyət kəsb edir. Təəssüf ki, ən sülhsevər xalqlardan biri olan, dünyanın ən tolerant ölkəsinin vətəndaşları Ermənistanın ölkəmizə təcavüzü nəticəsində öz vətənlərində didərgin  olub, öz ev-eşiklərindən, topladıqları sərvətlərindən məhrum olublar. Bu illərdə Azərbaycan həmişə münaqişənin sülh yolu ilə aradan qaldırılması istiqamətində mühüm addımlar atıb. Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyev Azərbaycanda ikinci dəfə hakimiyyətə qayıdandan sonra hər şeydən əvvəl böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını aldı. 1994-cü ilin mayında atəşkəs haqqında müqavilə imzalandı, müharibə dayandırıldı, ölkədə sabitliyə nail olundu. Bu, həm də dövlətimizin sülh məramlı olmasının ifadəsi idi.

“Beynəlxalq Sülh Günü”nün yaranma tarixinə də nəzər salan A.Şahbazov ölkəmizdə sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması üçün Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən aparılan zəruri tədbirlərdən də danışdı. Qeyd etdi ki, bu gün qüdrətli və güclü orduya malik Azərbaycan və onun prezidenti, Ali Baş Komandan İlham Əliyev də xalqın sülh arzusunu ifadə edərək, münaqişənin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüquq çərçivəsində həlli istiqamətində əməli işlər görür. A.Şahbazov öz məruzəsində “sülh mədəniyyəti” mövzusuna da toxundu. O qeyd etdi ki, biz inanırıq ki, sülh mədəniyyəti bütün dövlətlər və xalqlar arasında münaqişələrin həllinə başlıca amil olacaq, gələcək nəsillərin təhlükəsiz və müharibəsiz dünyada yaşamasına şərait yaradacaqdır. Bu gün dünyada münaqişələrlə bağlı polemikalarda çox aktual olan iki fikir tez-tez təkrarlanır: ”Sülh bütün problemlərin həlli prosesidir, yoludur” və “Sülhə aparan yol yoxdur, sülh özü elə yoldur”.

Rayon Təhsil şöbəsinin metodisti Sədiqə Vəliyeva çıxış edərək Sülh gününün yaranma tarixi barədə danışdı. O qeyd etdi ki, BMT bu günü 1981-ci ildə təsis edib. İlk dəfə Sülh günü 1981-ci ilin sentyabrında qeyd olunub. O vaxtdan Beynəlxalq Sülh günü sentyabr ayının hər 3-cü çərşənbə axşamı qeyd edilirdi. Lakin 2001-ci ildə Birləşmiş Krallıq tərəfindən təklif olunan qətnamə ilə 2002-ci ildə BMT Sülh günü üçün 21 sentyabr tarixini dəqiq tarix kimi müəyyənləşdirib və bu  tarixi ümumdünya atəşkəs günü elan edib. Beynəlxalq Sülh günü BMT-nin Nyu-Yorkdakı Baş Qərargahında yerləşən “Sülh Zəngi”nin çalınması ilə başlayır.

Fəal gənc Namaz Kərimov çıxış edərək sülh sözünün anlamı, dəyəri və əhəmiyyəti barədə danışdı. O dedi ki, azadlıq, bərabərlik və ədalət rəmzi olan sülh – hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdən biridir. Ona görə də dünya ölkələrinin yekdil qərarı ilə BMT 1981-ci il 21 sentyabr tarixinin Beynəlxalq Sülh günü kimi qeyd olunması barədə qərar qəbul etmişdir. 21 sentyabr tarixi nəinki xalqlar arasında, həmçinin ailələrdə, məktəblərdə, ictimaiyyətdə münasibətlərin sağlamlaşmasına, zorakılığa qarşı mübarizənin gücləndirilməsinə nail olmaq üçün bir fürsətdir. Bütün gözəllikləri, maddi və mənəvi dəyərləri ilə sülh şəraitində yaşamağa layiq olan insanlar, çox təəssüf ki, haqsızlığın, amansızlığın, terrorun və müharibələrin qurbanlarına çevrilirlər. Bütün bunların qarşısının alınmasında sülhün rolu danılmazdır.

Sonra tədbir diskussiya formasında davam etdirildi.

Tədbirin sonunda məktəb-liseyin şagirdlərinin və idarənin könüllülərinin hazırladıqları musiqili şeir kompozisiyası iştirakçılara təqdim olundu.

Tədbirə Gənclər və İdman idarəsinin rəisi Anar Şahbazov yekun vurdu.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок