Son Xəbərlər:
Bərdədə səkkiz şəhidin xatirəsinə abidə ucaldılıb

Bərdədə səkkiz şəhidin xatirəsinə abidə ucaldılıb

Bərdənin Dəymədağıldı kəndinin sakinləri Elxan və Yalçın qardaşlarının birgə fəaliyyəti sayəsində səkkiz şəhidin xatirəsinə abidə ucaldılıb. Abidə Qazaxıstanda yaşayan həmvətənimiz Elxan Kərimovun vəsaiti hesabına inşa olunub. Kənd sakini Yalçın Kərimov isə üzərinə götürdüyü təşkilati-texniki işləri həyata keçirməklə  Qarabağ döyüşlərinin iştirakçısı olmuş qardaşı Elxan Kərimova  dəstək olub.

Rayon ictimaiyyətinin iştirakı ilə təşkil olunan tədbirdə ziyalılar, şəhid ailələrinin nümayəndələri, Qarabağ döyüşlərinin iştirakçıları şəhidlərimizin vətən yolunda xidmətlərini yüksək qiymətləndiriblər.

İlk söz ilə şəhidlərin xatirəsinə ehtiram ifadə edən Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova ictimai birliyin üzvləri və şəhid ailələri adından abidənin inşasını başa gətirənlərə, tədbirin təşkilatçılarına minnətdarlığını bildirib. Gənc nəslin hərbi vətənpərvərlik ruhunda  tərbiyə olunması istiqamətində görülmüş bu işi yüksək qiymətləndirib. ”Bu gün vətən üçün oğul böyüdüb, qurban verən analar qarşısında, burada olan şəhid ailələri, şəhidlərə hörmət və ehtiram göstərən, onların xatirəsinə abidə ucaldan oğullarımızın qarşısında baş əyirəm” – deyə E.Hüseynova bildirib.

Bərdə rayon təhsil şöbəsinin müdiri Rzaqulu Şərifov, Qafqaz Ruhanilər İdarəsinin qazisi, Bərdə Cümə məscidinin axundu Hacı Ramazan Hüseynov da vətən uğrunda canından keçən şəhidlərin ali varlıq olduğunu, onların xatirəsinin unudulmayacağını, daim qəlblərdə yaşayacağını vurğulamışlar.

Şəhid ailəsi Gülbəniz xanım həyat yoldaşı Füzulinin Azərbaycanın ərazi bütövlüyü uğrunda qəhrəmancasına şəhid olduğunu bildirib. Tədbiri təşkil edənlərə, zəhməti keçən hər kəsə minnətdarlığını ifadə edib.

Tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirilib. Faiq Əhmədov adına Dəymədağıldı və Bərdə şəhər T.İsmayılov adına tam orta məktəbin şagirdlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar, şeirlər səsləndirilib.

Onu da qeyd edək ki, ictimai fəallar Baxşeyiş Məmmədov və Tamilla xanım Quliyeva da şəhidlərin xatirəsinə ehtiramlarını göstərmiş, tədbirin hazırlanmasında  təşkilati işlərə  dəstək vermişlər.

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок