Son Xəbərlər:
Bərdədə Dövlət Bayrağı günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

Bərdədə Dövlət Bayrağı günü münasibətilə silsilə tədbirlər keçirilmişdir

Bərdə rayonunda Azərbaycan Respublikasının Dövlət Bayrağı günü münasibətilə silsilə tədbirlər keçirilmişdir. Tədbirlər Heydər Əliyev Mərkəzində, Tarix Diyarşünaslıq muzeyində, Mədəniyyət sarayında keçirilmişdir.Tədbirlərdə Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova və filialın üzvləri də iştrak etmişlər.

2019-cu il noyabrın 8-i Bərdə rayon Heydər Əliyev Mərkəzində Bayraq gününə həsr olunmuş “Bayrağımız qürur mənbəyimizdir” adlı elmi-praktiki konfrans keçirilmişdir.

Konfransda Bərdə Regional Mədəniyyət İdarəsinin, Bərdə RİH-nin, Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının, Bərdə Regional ASAN Xidmət Mərkəzinin, Bərdə Dövlət Rəsm Qalereyası, Bərdə rayon Mədəniyyət Sarayının, Bərdə şəhər Akademik Zərifə Əliyeva adına texniki təmayüllü liseyin nümayəndələri iştirak edirdilər.

Bərdə rayon Heydər Əliyev Mərkəzinin direktoru A.Əhmədova giriş sözü və məruzə ilə çıxış etdi. O bildirdi ki, Azərbaycan Respublikasının Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı olaraq təsdiq edilib. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət bayrağı haqqında”  Qanun qəbul edərək onu Dövlət bayrağı elan edib.

1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət bayrağını bərpa edib. Konstitusiyanın 75-ci maddəsinin birinci bəndində qeyd olunur ki, hər bir vətəndaş Azərbaycan Respublikasının dövlət rəmzlərinə — bayrağına, gerbinə və himninə hörmət etməlidir. Bundan əlavə, ulu öndər Heydər Əliyevin 1998-ci il 13 mart tarixli «Azərbaycan Respublikasının dövlət atributlarının təbliği işinin gücləndirilməsi haqqında» sərəncamı dövlət atributlarının təbliği baxımından mühüm əhəmiyyət daşımışdır. «Azərbaycanın bayrağı sadəcə bayraq deyil. O bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu bayraq gərək hər bir ailənin həyatının əziz bir hissəsi olsun» — deyə ulu öndər çıxışlarında dəfələrlə bildirmişdir.

Sonra Bərdə Regional Mədəniyyət İdarəsinin məsləhətçisi F.Hacıyev çıxış etmişdir: “ Dövlət bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir. 2004-cü il iyunun 8-də “Azərbaycan Respublikası Dövlət bayrağının istifadəsi qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.

Azərbaycan Respublikasının dövlət rəmzlərinə hörmət və ehtiramı təmin etmək məqsədilə prezident İlham Əliyev 2009-cu il noyabrın 17-də “Azərbaycan Respublikasının Dövlət bayrağı gününün təsis edilməsi haqqında” sərəncam imzalamışdır. Bu sərəncamla hər il noyabr ayının 9-u Azərbaycan Respublikasının Dövlət Bayrağı günü kimi qeyd edilir. 2009-cu il dekabrın 4-də isə Milli Məclis noyabrın 9-unu Dövlət Bayrağı günü kimi rəsmiləşdirib.  Həmin gün Əmək Məcəlləsinin 105-ci maddəsinə edilən əlavəyə əsasən qeyri-iş günü olan bayramların siyahısına daxil edilib.

Sonra Azərbaycan QMƏVŞAİB-in Bərdə rayon filialının sədri Etibar xanım Hüseynova Vətən darda olanda Azərbaycan xalqının bir nəfər kimi ayağa qalxdığını, hamının bir amal, bir məqsəd uğrunda birləşdiyini və əsgəri şərəf, şücaət, şöhrət rəmzi olan döyüş bayraqları altında savaş meydanlarına atıldığını qeyd etdi. Bayraq mənliyimizdir, varlığımızdır, kimliyimizdir, dövlətimizin müqəddəs rəmzlərindəndir və tapındığımız, inandığımız müqəddəs milli dəyərimizdir. Ürəyində bayraq sevgisi, Vətən sevgisi, dövlətə, xalqa sədaqət hissi olmayan şəxs heç vaxt vətənpərvər ola bilməz. Hər bir Azərbaycan vətəndaşı bayrağımızın ən uca zirvələrdə dalğalanmasına öz töhfəsini verməli, Azərbaycan naminə bu bayraq altında hər an mübarizəyə hazır olmalıdır.

Sonra II qrup Qarabağ müharibəsi əlili C.Canbaxışov Qarabağ uğrunda döyüşləri yada salaraq keçdikləri çətin və şərəfli döyüş yolu haqqında təəssüratlarını tədbir iştirakçıları ilə bölüşdü. Şanlı üçrəngli bayrağımızın tezliklə işğal altında olan digər torpaqlarımızda da dalğalanacağına əminliyini bildirdi.

Bərdə Regional ASAN Xidmət Mərkəzinin məzun könüllüsü L.Fikrətli bildirdi ki, bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində dövlət bayrağı dalğalanır. Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq.

Bərdə RİH-nin ictimai-siyasi şöbəsinin məsləhətçisi A.Abbasov çıxışında qeyd etdi ki, ulu öndərin milli mənafelərə əsaslanan, siyasətini bütün sahələrdə uğurla davam etdirən prezident İlham Əliyev də daxilindən gələn yüksək vətənpərvərliklə Azərbaycanın milli dövlət atributlarını uca tutur və konkret addımları ilə bu ruhu cəmiyyətə aşılayır. Andiçmə mərasimləri zamanı Dövlət bayrağı qarşısında diz çökərək onu öpən prezident İlham Əliyev bununla həm də Azərbaycan dövlətinə yüksək sevgi, ehtiram və sədaqət nümayiş etdirir. Dövlət başçısının milli ideallara bağlılığı özünü həm də üçrəngli bayrağımıza münasibətdə qabarıq göstərir.Üçrəngli bayrağımız Azərbaycanımızın müstəqilliyinin, xalqımızın milli mənsubiyyətinin, tarixinin, mənəvi dünyasının rəmzidir. Hər bir Azərbaycan vətəndaşı bayrağımıza ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Azərbaycan əsgəri də Vətənin suverenliyinin və ərazi bütövlüyünün qorunması ilə bağlı ali missiyanı öz üzərinə götürərkən üçrəngli bayrağa and içir. Üçrəngli bayrağımız hər zaman əbədi olacaq, bütün dünyada Azərbaycan dövlətinin və xalqının imzasını qürurla təsdiqləyəcək.

Konfransın sonunda Bərdə şəhər akademik Zərifə Əliyeva adına texniki təmayüllü məktəb-liseyin şagirdləri ədəbi-bədii kompozisiya ilə çıxış etdilər.

(Yazıya görə “Bərdə rayon Heydər Əliyev Mərkəzi” Facebook səhifəsinin yazarına təşəkkürümüzü bildiririk)

 

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок