Son Xəbərlər:
Azərbaycanın qəhrəmanlıq məktəbi – Nadir Əliyev

Azərbaycanın qəhrəmanlıq məktəbi – Nadir Əliyev

Quzanlı Qəsəbə Mədəniyyt evində Azərbaycan QMƏVŞAİB-in Ağdam rayon filialının təşəbbüsü ilə Azərbaycanın Milli Qəhrəmanı Nadir Alış oğlu Əliyevin şərəfli ömür yoluna həsr olunmuş “Azərbaycanın qəhrəmanlıq məktəbi – Nadir Əliyev” adlı anım mərasimi keçirilmişdir.

Tədbiri “Ağdam” qəzetinin redaktoru, əməkdar jurnalist, Azərbaycan QMƏVŞAİB-in Ağdam rayon filialının sədri Baxşeyiş Abbasoğlu aparmışdır.

Anım mərasimi Dövlət Himnimizin sədaları altında Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunmasında, Vətənimizin torpaqlarının erməni işğalçılarından müdafiə edilməsində gedən döyüşlərdə qəhrəmanlıqla vuruşaraq göstərdiyi şəxsi igidlik və şücaətə, öz müqəddəs əsgəri və xidməti borcunu yerinə yetirməsində misilsiz xidmətlərinə görə baş leytenant Nadir Alış oğlu Əliyevə Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə ümummilli liderimiz Heydər Əliyevin fərmanının oxunması ilə başlanmışdır.

Öncə şərəfli adı, qəhrəmanlığı, qürurumuz və iftixarımız sayılan Nadir Əliyevin, eləcə də Vətən uğrunda həyat qədər dəyərli ölümü seçmiş bütün şəhidlərimizin, həmçinin bugünkü müstəqil, azad Azərbaycanımızın qurucusu, memarı, ulu öndərimiz Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Daha sonra Nadir Alış oğlu Əliyevin həyatı haqqında məlumat verilmişdir. Qeyd olunmuşdur ki, qəhrəmanlıq Nadir üçün sözün həqiqi mənasında həyat tərzi idi. O, başa düşürdü ki, insan gərək yalnız hər hansı bir hərəkəti və ya əməli ilə deyil, ümumiyyətlə, bütün həyatı boyu qəhrəman kimi yaşasın, qəhrəman kimi həyat tərzi keçirsin, öləndə də qəhrəman kimi köçsün bu dünyadan!

İnamı, əqidəsi ölümdən güclü olan Nadir Əliyev də Vətən yolunda hər an canından köçməyə hazır olan bir igid idi. Köçdi də…

Nadirin bu ölümü ilə Ağdamın vüqar, əzəmət zirvəsindən bir qaya qopdu. Ancaq bu qaya milyonların məhəbbət qovşağında daha əzəmətli, daha görümlü ucalığa, zirvəyə çevrildi.

Mərasimdə Nadir Əliyevin təhsil aldığı orta məktəbin müəllimi Rasim Rüstəmov, məktəb illərində dostu olmuş Ramazan Hüseynov milli qəhrəmanımızla bağlı xatirələrini danışmışlar.

Tədbirdə Nadir Əliyev haqqında yazılmış “Zəfər yolu” poemasının müəllifi Azərbaycan Respublikasının Xüsusi Xidmət Orqanları “Alyans” veteranlar birliyinin idarə heyətinin fəzri üzvləri Azər Hacıbəyli, ehtiyayda olan polkovnik, ulu öndərimizin sadiq silahdaşı Arif Zeynalov, birliyin idarə heyətinin sədr müavini Azər Qarayev, Ağdam rayon Ocra Hakimiyyətinin başçısı Vaqif Həsənov çıxış edərək bildirmişlər ki, Vətən fədaisi, Azərbaycanın müstəqilliyinin vurğunu, kişilik rəmzi, xalq üçün şölələnən ürəyi olan Nadirin hədər yerə olmayan ölümü onun ömrünün sonu deyildi. Nadir Əliyev kimi ölən insanlar ən parlaq ulduzlara bənzəyirlər; onlar dünyadan köçsələr də işıqları heç zaman sönmür, izləri həmişəlik qalır.

Tədbirdə şəhidin oğlu Şəhriyar Əliyev çıxış edərək atasının xatirəsinin yad olunması, onun adının uca tutulması naminə hazırlanmış anım mərasiminə görə dərin minnətdarlığını bildirmişdir.

Anım mərasimində Ağdam Dövlət Sosial İqtisadi Kollecin tələbələri Seyhun Mustafayev, Günel Vəlili, Ləman Əmirova, Çinarə İdriszadə Vətənə, qəhrəmanlığa, şəhidlərimizə və Nadir Əliyevə həsr olunmuş şeirlər söyləmişlər.

Tədbirin sonunda Azərbaycan Respublikası Xüsusi Xidmət Orqanları “Alyans” veteranlar birliyinin idarə heyəti tərəfindən rayonun bir qrup nümayəndəsinə ictimai fəallığına, gənclərinimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi işlərinə görə fəxri fərmanlar təqdim olunmuşdur.

“Ağdam” qəzetinin redaktoru,
əməkdar jurnalist, Azərbaycan
QMƏVŞAİB-in Ağdam rayon
filialının sədri Baxşeyiş Abbasoğlu

BIGTheme.net • Free Website Templates - Downlaod Full Themes
Мой заголовок